Uzun illərdir Azərbaycanda uğurlu gənclər siyasətinin aparıldığı vəzifəsindən asılı olmayaraq hamı tərəfindən söylənilir. Əslində vəziyyət necədir? Apardığımız müşahidələr göstərir ki, ildən ilə vəziyyət pisləşir. Gənclər təşkilatlarında passivlik meydana çıxır, gənclərdə təşəbbüskarlıq zəiflyir.
Qeyd edək ki, 2009-2012-ci illər gənclər sektorunun ən inkişaf etmiş dövrüdür. Sonrakı dövrlər isə getdikcə ciddi zəifləmə hiss olunmağa başlamışdır.
Hətta Azərbaycan Gənclər Fondunun yaranması da işə yaramadı. Əksinə bir qrup fəal gənclər təşkilatına “nurçu” damğası vuraraq, onları qrant almaqdan məhrum etdilər. Düşünülmədi ki, onlar gənclər sektorunun ən aparıcı qüvvəsidirlər.
Hazırda Gənclər Fondu gənclərə 2-3 min manat, gənclərin qeyri-hökumət təşkilatlarına isə 8-9 min verməklə düşünürlər ki, bu çox gözəl göstəricidir. Əksinə bu ən biabırçı göstəricidir. Təcrübəsiz şəxslərin apardığı gənclər siyasəti bundan artıq olmamalıdır. Çünki bu məbləğlərlə ciddi iş aparmaq olmaz.
Söhbət maliyyə vəsaitindən getmir. Fondun maliyyə verib-verməməsi gənclər sektorunun mövcudluğu deyil. Əgər Fond olmasaydı, ümumiyyətlə gənclər siyasəti olacaqdımı?
Sual olunur ki, ümumiyyətlə gənclər sahəsində nə iş görülür?
Gənclər və İdman Nazirliyi yəqin ki, əmri Prezident Aparatından gözləyir. Bəs Prezident Aparatı haradan əmr gözləyir? Belə anlaşılır ki, elə məsələnin kökü ordadır.
Prezident Aparatında gənclər şöbəsi yaratdılar. Nə dəyişib və ya nə faydası var? Elə şöbənin adı yaradılanda eşidildi və onunla da bitdi.
Həmin şöbədən aşağıdakı sualları soruşmaq istərdik?
* “İrəli” İctimai Birliyinin fəaliyyətini davam etdirirmi?
* Gənclər üçün maraqlı yay və qış universitetləri təşkil olunurmu?
* Rayon və kəndlərdəki gənclərlə ideoloji iş aparılırmı?
* Xaricdə təhsil alan və məzun olan gənclərlə iş nə yerdədir?
* Məzunlarla görüşləriniz olurmu?
* Gənclər təşkilatlarının problemləri ilə maraqlanırsızmı?
* Son 2-3 ildə nə qədər gənc yüksək vəzifə tuta bilib?
* 10 nəfər fəal gənc adı saya bilərsinizmi?
* 2-3 il bundan öncə fəallığı olan gənclər hazırda haradadır və onlarla maraqlanırsızmı?
* Gənclər təşkilatlarımız beynəlxalq gənclər hərəkatlarında iştirak edirlərmi?
Suallar çoxdur, sizlər də bilirsiz. Nəticə çıxartmağa dəyər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?