Hacıbala Abutalıbovun işçisi və şəriki vətəndaşların şəxsi mülkiyyətini necə mənimsəyir?
“Gündəm xəbər”in elektron poçtuna Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun, onun qardaşının, BŞİH-in məsul əməkdaşı Rəcəb Hüseynovun, Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, general Həsən Şirinovun və digərlərinin adı keçən torpaq fırıldağı haqda şikayət məktubu daxil olub. İki iri məmurun – Hacıbala Abutalıbov və general Həsən Şirinovun yaxınlarının (qardaşlarının) üz-üzə gəldiyi milyonluq torpaq çəkişməsində qurbana çevrilən, əllərində rəsmi sənəd olduğu halda əmlakları mənimsənilən, külli miqdarda ziyana düşən müəlliflər yazırlar: “Biz – aşağıda imza edən Bakı sakinləri Fərzəliyev Vahid Qüdrət oğlu, Məmmədov Namiq Valeh oğlu, Məmmədov Xəqani Məmməd oğlu və İbrahimova Şəbnəm Eldar qızı yüksək rütbəli məmurların, generalların adı keçən, iştirakçısı olduğu torpaq fırıldağının qurbanı olmuşuq. Xahiş edirik bizim problemimizə diqqət yetirin və qəzetinizdə işıqlandırın. Nəzərinizə qısaca çatdıraq ki, biz ötən ilin may-avqust ayları ərzində Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin cənub-qərb hissəsində tamamilə qanuni əsaslarla – notarial qaydada müqavilə imzalamaq, bank vasitəsilə ödəniş etmək və nəhayətdə Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış almaqla (Onların fotosürətləri məktuba əlavə olunur) kiçik ölçülərdə (02-04 sot) fərdi yaşayış evləri tikmək üçün torpaq sahələri almışıq. Lakin Azərbaycan dövləti adından rəsmi sənədlə tanınan mülkiyyət hüququmuzu reallaşdırmaq – torpaq sahələrimizə sahib çıxmaq, onu hasarlatmaq, tikintiyə başlamaq istədiyimiz zaman Bakı Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı olduğu deyilən Rəcəb Hüseynov adlı şəxs əraziyə gəlmiş, şəxsi mülkiyyətimizdə işlətdiyimiz fəhlələri təhqir etmiş, hətta fiziki zorakılıq göstərərək onları ərazidən qovmuşdur. Biz mülkiyyətçiləri isə hədələyərək bildirmişdir ki, bu torpaqların sahibi odur, bizim əlimizdə olan sənədlər əsassızdır və ləğv olunacaqdır. Əraziyə gələn Suraxanı rayon Polis İdarəsinin əməkdaşları isə, bizim əlimizdəki qanuni sənədlərə məhəl qoymamış, əlində heç bir sənədi olmadan mülkiyyətimizi qəsb edənlərin tərəfini tutmuşdur.
“Torpağı general Həsən Şirinovun qardaşından almışıq...”
Bundan sonra torpağı qanuni sənədlərlə və notarial qaydada bizə satan şəxslərlə - Cəfərov Ələmşah Məmmədəli oğlu, Cəlilov Ruslan İzahat oğlu və Şirinov Aslan Kamil oğlu ilə özünü torpağın sahibi kimi təqdim edən “Araz İnşaat LTD” MMC-nin qismində Rəcəb Hüseynovun arasında uzun-uzadı məhkəmə çəkişmələri başlamışdır. Bir instansiya bunun, digəri o birisinin xeyrinə qərar verir və proses illərlə uzanana oxşayır. Nəzərinizə onu da çatdıraq ki, torpağı bizə satan şəxslər – Cəfərov Ələmşah Məmmədəli oğlu və Şirinov Aslan Kamil oğlu Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, general Həsən Şirinovun yaxınlarıdır. Birinci bacısı oğlu, ikinci doğma qardaşıdır. Bizim əlimizdə qanuni sənədlərimiz olmasına baxmayaraq, mülkiyyət hüququmuzu məhdudlaşdıran “Araz İnşaat LTD”-nin isə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun qardaşı ilə BŞİH-in məsul əməkdaşı (Torpaq ekspertiza şöbəsinin müdiri) Rəcəb Hüseynovun şərikli şirkəti olduğu haqda məlumatlar var.
Abutalıbov hektarlarla torpağı öz qardaşının şirkətinə necə verdi?
Dövlətdə yüksək vəzifələr tutan, biznes fəaliyyətləri qanunla qadağan olunan bu şəxslərin arasında mübahisəyə səbəb olmuş torpaq sahəsi ümumilikdə 3 hektardan artıqdır. Biz 4 nəfərin aldığımız torpaq sahələri cəmi 12 sot olmaqla, bu ərazinin kiçik bir küncündədir. Lakin bir ilə yaxındır əlimizdə reyestrdən çıxarış olduğu halda nə torpaqlarımıza sahib dura bilirik, nə də ödədiyimiz pulları (Cəmi 200 min dollar) geri ala bilirik. 1 ilə yaxındır davam edən məhkəmələr, belə görünür ki, hələ uzun müddət də yekunlaşmayacaq və biz kirayələrdə qalmaqda davam edəcəyik. Onu da nəzərinizə çatdırırıq ki, bəzilərimiz o torpaqları banklardan götürdüyümüz kreditlər hesabına ala bilmişik. Əmin olun ki, dəyəri milyonlarla manatla hesablanan bu torpaq mübahisəsində çoxlu qanunsuzluqlar var və əməkdaşlarınız araşdırma aparsalar bunları asanlıqla aşkarlaya bilərlər. Elə təkcə bu fakta diqqət yetirmək kifayət edər ki, sözügedən ünvanda Hacıbala Abutalıbovun qardaşına və onun şəriki, BŞİH-in əməkdaşı Rəcəb Hüseynova məxsus olduğu bildirilən “Araz İnşaat LTD” MMC-nin ümumilikdə 7 hektardan artıq dövlət torpağına hansı qanuni əsaslarla iddia edir. Hacıbala Abutalıbov öz qardaşına və onun şəriki, işçisi Rəcəb Hüseynova məxsus olduğu bildirilən “Araz İnşaat LTD” MMC-yə üst-üstə 7 hektardan artıq dövlət torpağını necə, nəyin müqabilində peşkəş edib və dövlət bundan nə qazanc götürüb. Məhkəmə sənədlərindən belə görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin 20.05.2005-ci il tarixli sərəncamı ilə “Araz İnşaat LTD” MMC-yə, yəni Hacıbala Abutalıbovun qardaşına məxsus olduğu deyilən şirkətə 4.3 hektar torpaq ayrılıb. Lakin BŞİH başçısının 30.12.2010-cu il tarixli sərəncamı ilə əvvəlki sərəncama qismən dəyişiklik edilərək əlavə 3 hektar bu şirkətə verilib. Bu həmin 3 hektardır ki, orda bizim kişik torpaqlarımız da yerləşir və rəsmi sənədlərlə bizim mülkiyyətimiz sayılır. Lakin bu sənədlərə, bizim ikinci əldən (vicdanlı) alıcı olduğumuza heç kim məhəl qoymur. Rəcəb Hüseynov qanuni əsası olduğu şübhə doğuran sənədlərlə faktiki olaraq bizim rəsmi sənədli (çıxarışlı) mülkiyyətimizi əlimizdən alır. Sizdən xahiş edirik ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun qardaşı və onun şəriki Rəcəb Hüseynova məxsus olduğu bildirilən “Araz İnşaat LTD”-nin qanunsuz, zorakı yollarla, saxta sənədlərlə və məhkəmələrə təzyiq vasitəsilə bizim qanuni əsaslarla alınmış torpaqlarımızı əlimizdən almaq cəhdləri ilə bağlı məsələni ictimailəşdirməklə, müvafiq qurumların diqqətinə çatdırasınız.” Qeyd edək ki, məktub müəlliflərindən Məmmədov Xəqani Məmməd oğlu 2-ci qrup əlil, İbrahimova Şəbnəm Eldar qızı isə qaçqın ailəsinin təmsilçisidir.
Torpaqlar məhkəmə qərarı ilə özəlləşdirilib
“Gündəm xəbər”in əməkdaşı iri məmurların adının keçdiyi, böyük korrupsiyadan xəbər verən bu şikayət məktubu ilə bağlı araşdırmalara başlayıb. Bizə təqdim olunan sənədlərdən belə məlum olur ki, Hacıbala Abutalıbovla Həsən Şirinovun qardaşları arasında qarşıdurmaya səbəb olan ərazi 3 hektardan artıqdır. Sözügedən bu 3 hektara bitişik ərazi (4.3 ha) Bakı şəhər İcra Hakimiyyətinin 20.05.2005-ci il tarixli sərəncamı ilə “Araz İnşaat LTD” MMC-yə, yəni Hacıbala Abutalıbovun qardaşına verilib. Mübahisəyə səbəb olan 3 hektar ərazini isə Həsən Şirinovun yaxınları Zığ bələdiyyəsinin vasitəsilə müxtəlif şəxslərə satıblar. Hətta 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 03 iyul 2012-ci il tarixli qərarı ilə bələdiyyə sənədi ilə torpaq alan bu vətəndaşların Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə qarşı iddiaları təmin olunub və bu şöbəyə həvalə olunub ki, torpaqların planı və ölçüsü tərtib edilsin, habelə torpaqların alqı-satqısına dair aktlar qeydə alınsın. Vətəndaşlar bu məhkəmə qərarı əsasında da Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış almaqla, torpaqların qanuni mülkiyyətçisinə çevriliblər. 2013-cü ildə isə Həsən Şirinovun bacısı oğlu və qardaşı öz torpaqlarını notarial qaydada alqı-satqı yolu ilə yuxarıda adları çəkilən şəxslərə satıblar.
Torpaq Komitəsi Hacıbala Abutalıbovu ifşa edir!
Şikayətçilər deyir ki, torpağı almazdan əvvəl təqdim olunan sənədlərin qanuniliyini yoxlamaq üçün müvafiq orqanlara sorğular verib, müsbət cavablar alıblar. Bundan sonra alqı-satqı baş tutub. Lakin bu vaxt BŞİH-in əməkdaşı və Hacıbala Abutalıbovun qardaşının biznes şəriki Rəcəb Hüseynov ortaya çıxaraq, bu vətəndaşların qanuni sənədlərlə aldıqları 12 sot torpaq da daxil olmaqla, 3 hektarlıq ərazinin ona məxsus olduğunu iddia edib. Əsas kimi də BŞİH başçısının 30.12.2010-cu il tarixli sərəncamını göstərib. Lakin şikayətçilər deyir ki, 2010-cu ildə belə bir sərəncamın verilməsi mümkün deyildi. Çox böyük ehtimalla, Hacıbala Abutalıbov 2013-cü ildə belə bir sərəncam verib, lakin onu köhnə tarixlə rəsmiləşdirib. Əgər 2010-cu ildə belə bir sərəncam olsa idi, 2012-ci ildə Torpaq Komitəsi heç vaxt başqasının mülkiyyətinə kadastrdan çıxarış verməzdi. 2 saylı İnzibati-İqtisad Məhkəməsinin 03 iyul 2012-ci il tarixli qətnaməsindən də görünür ki, Torpaq Komitəsinin nümayəndəsi həmin ərazinin dövlət mülkiyyəti olduğunu təsdiq edir, hansısa MMC-yə verilməsi haqda heç nə demir. Hətta Torpaq Komitəsi bu gün də təsdiq edir ki, həmin ərazinin “Araz İnşaat LTD” MMC-yə heç bir aidiyyatı yoxdur. Deməli, Hacıbala Abutalıbov Torpaq Komitəsinin rəyini almadan, yəni tamamilə qanunsuz yolla onlarla vətəndaşın mülkiyyətində olan ərazini öz qardaşının şirkətinə verib. Bu qanunsuz sərəncama görə isə, dövlətin verdiyi mülkiyyət şəhadətnaməsinə etibar edərək ikinci əldən torpaq alan vətəndaşlara da külli miqdarda ziyan dəyib. Əməkdaşımızın “Araz İnşaat LTD”-nin sahibi kimi çıxış edən Rəcəb Hüseynovla danışmaq cəhdləri hələ ki, baş tutmayıb. Torpağı şikayətçilərə satan Cəfərov Ələmşah Məmmədəli oğlu (Həsən Şirinovun bacısı oğlu) isə qısaca onu deyib ki, qarşı tərəf – Rəcəb Hüseynov sadəcə olaraq, zorakılıq edir və əlində heç bir sənəd olmadığı halda zorla başqasının şəxsi mülkiyyətinə sahib çıxır. Araşdırmalarımız davam edir. Yazıda adları keçən bütün şəxslərin mövqeyini dərc etməyə hazırıq. Toğrul Əliyev
Sorğu
Yeni dizaynımız necədir?