Elnur Aslanova verilən vəzifəni bəyənməməsi SAM rəhbərini bitirdi, “ Gündəm-xəbər”in yazdıqları təsdiqlənir - köhnə qvardiya gənc nəsilə qalib gəlir
Strateji Araşdırmalar Mərkəzi (SAM) PA-nın Xarici əlaqələr şöbəsinin nəzarətinə verilib. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, indiyə kimi Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin birbaşa idarəçiliyi altında fəaliyyət göstərən mərkəz bundan sonra işini adıçəkilən şöbənin nəzarəti altında davam etdirəcək. Mənbənin verdiyi məlumata görə, SAM-ın sədri Fərhad Məmmədovun vəzifəsində qalıb-qalmayacağı sual altındadır. “Fərhad Məmmədov da artıq yola salınır. Elnur Aslanovdan sonra onu da istefaya göndərəcəklər. Onun yerinə Novruz Məmmədova yaxın kadr təyin edilə bilər. “Gündəm-xəbər” də ötən sayında yazmışdı ki, köhnə qvardiya yeni gənc nəsillə mübarizədə qalibdir. Köhnə komanda gənc məmurları bir küncə sıxaraq zəiflədir. Bu proses göz qabağındadır. Fərhad Məmmədov da nurçu qalmaqalına görə sıradan çıxarılır. Uzaqbaşı ona da Aslanova verildiyi kimi xırda vəzifə veriləcək. Çünki özü buna etiraz etmişdi. Aslanova verilən vəzifəni ona layiq bilməmişdi. Bu ifadəsi yuxarı dairələrdə narazılıq doğurub,” - deyə qaynağımız iddia edir. Ümumiyyətlə, nurçu məmurlar ətrafında yaranmış qalmaqal artıq böyüyərək hakimiyyətdaxili qruplaşmaların tammiqyaslı müharibəsinə çevrilməkdədir. Fətullah Gülənin sektasına mənsub olmaqda ittiham edilən Strateji Araşdırmalar Mərkəzinin (SAM) rəhbəri Fərhad Məmmədov martın 3-də öz rəqiblərinin zərbəsini dəf etdi. F.Məmmədov mətbuata açıqlamasında açıq şəkildə etiraf etdi ki, hakimiyyətin yüksək eşelonlarında nurçu tapmağa çalışan qüvvələr bu axtarışlarını təhsil sahəsində, hazırlıq kursları şəbəkəsində, səhiyyə müəssisələrində və kütləvi informasiya vasitələrində aparmalıdırlar. Beləliklə də, F.Məmmədov ölkənin nüfuzlu təsisatlarında, aparıcı sahələrdə nurçuların olduğunu və onların fəallaşması faktını etiraf etmiş oldu. Əgər nəzərə alsaq ki, bu sensasion açıqlamanın müəllifi Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəridir, onda onun sözlərinin ciddiyyətinə güvənməməyə əsas tapmaq çətindir və bu açıqlama mötəbər görünür. SAM rəhbərinin nurçularla bağlı olub-olmamasından asılı olmayaraq fakt göz qabağındadır: həm F.Məmmədov, həm də onun birbaşa şefi - Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov nurçuluq məsələsində müdafiə mövqeyi tutdular. Bu gənclərin üzərinə hər tərəfdən atəş açıldı. Gənclər başlarını qaldırıb ətrafa baxa da bilmirlər. Onlara göz açmağa da imkan verilmir. Lakin Azərbaycan siyasətinin xarakteri elədir ki, burada məmurların açıq-aşkar, üzdə mübarizə aparmasına imkan yoxdur. Bunu nəzərə alanda belə qənaətə gəlmək olar ki, bu uşaqları “vurmaq” sifarişi lap yuxarıdan gəlib. Beləliklə, nurçu qalmaqalı iki dostun siyasi karyerasını fiaskoya uğratdı... Rafiq QARA
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?