Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Arif Əsgərov cəmiyyətin maliyyə vəsaitləri üzərində sərəncam vermək hüququnu tamamilə itirib. Məhz bu səbəbdən də onunla bir çox iri şirkətlər arasında ciddi problemlər yaranıb. Bu barədə “Gündəm xəbər”ə daxil olan məlumata görə, yanvar ayından etibarən Arif Əsgərova ən kiçik vəsaitlərin üzərində sərəncam vermək hüququ yasaqlanıb: “Artıq Arif Əsgərov hesabdan hesaba qanuni pul köçürmələrini də həyata keçirmək səlahiyyətində deyil. QSC-nin üzərində çox ciddi nəzarət var. Arif Əsgərov demək olar ki, ciddi proseslərdən təcrid edilib. Bu isə “Azərbaycan Dəmir Yolları” QSC ilə müqaviləsi olan bir sıra şirkətlər arasında çox ciddi problemlərə yol açıb”. Məlumata görə, Arif Əsgərov yalnız Ziya Məmmədovun yazılığı razılığı əsasında maliyyə vəsaitlərinin köçürülməsi haqda sənədlərə imza ata bilir: “Buna görə də “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri kimi Arif Əsgərov böyük basqılarla üz-üzə qalıb. Belə ki, cəmiyyətin tenderlərində qalib gəlmiş bəzi şirkətlər üzərlərinə düşən işləri görmələrinə rəğmən, pullarını ala bilmirlər. Ziya Məmmədov həmin şirkətlərin Arif Əsgərov və yaxud QSC-nin digər rəhbər şəxsləri ilə maliyyə fırıldaqlarına yol verdiklərini iddia edərək, pullarının ödənilməsini sanksiyalaşdırıb. Əlbəttə, bu, Ziya Məmmədovun özünüqoruma insktindən də qaynaqlana bilər. Lakin fakt odur ki, əvvəllər milyonların üzərində rahatlıqla sərəncam verən Arif Əsgərov indi 40-50 min manatı sərbəst ödəmək iqtidarında deyil. Bu səbəbdən də bəzi şirkətlər məhkəmələrə də üz tutublar”. Müsahibimizin sözlərinə görə, yaşanan olaylar səbəbindən Arif Əsgərovun rəhbərlik etdiyi “Azərbaycan Dəmir Yolları”nı məhkəməyə cəlb eləyən şirkətlər arasında “ATEF Şirkətlər Qrupu” MMC-nin adı da var: “Bu şirkət QSC-dən təxminən 306 min dollar vəsaitinin tutularaq hesabına ödənilməsi məqsədi ilə məhkəməyə üz tutub. Mənim bildiyimə görə, MMC ilə QSC arasındakı 306 min dollarlıq məhkəmə işinə birinci instansiya məhkəməsində baxılıb. İş hazırda Bakı Apellyasiya Məhkəməsindədir”. Sonda müsahibimiz deyib ki, dəmiryolu nəqliyyatında baş verənlər tezliklə Arif Əsgərovun vəzifəsindən azad olunacağı qənaətini gücləndirib: “Məncə, bu gediş çox uzun sürməz. Arif Əsgərov səlahiyyətsiz bir vəziyyətdə salınıb. Yəqin ki, çox qısa müddətdə onun “vurulması” rəsmiləşəcək”. Məlumatla bağlı QSC-dən münasibət öyrənə bilmədik. Amma aydınlaşdırdıq ki, “Azərbaycan Dəmir Yolları” QSC ilə “ATEF Şirkətlər Qrupu” MMC arasında həqiqətən də məhkəmə mübahisəsi var. 306 min 242 dollarlıq mübahisə hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Kəmalə Abiyevanın sədrliyi ilə araşdırılır. İş üzrə mayın 15-də növbəti proses saatı təyin edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?