Əli Əsgərov Ağstafa-Bakı qatarını qohumlarının “xətrinə” bir saat saxlatdırıb
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərovun qardaşı ilə bağlı daha bir ilginc xəbər yayılıb. Tovuzdakı mənbələrdən virtualaz.org saytına verilən məlumata görə, Arif Əsgərovun Tovuz dəmiryol stansiyasının rəisi vəzifəsini tutan qardaşı Əli Əsgərov Ağstafa-Bakı qatarını qanunsuz olaraq 1 saatdan artıq yubadıb.
Mənbəmiz bildirir ki, hadisə bu yaxınlarda Tovuz rayonunun Qovlar şəhərində baş verib: “Əli Əsgərov yaxın qohumları ilə Qovlardakı restoranların birində təşkil edilən məclisdə olub. Həmin vaxt məclisdəki qohumları Əli Əsgərova qatara biletlərinin olduğunu, bu səbəbdən məclisi tərk edib getmək istədiklərini bildiriblər. Stansiya rəisi qohumlarına tələsməməyi tövsiyə edərək harasa zəng vurub və onun icazəsi olmadan Ağstafa-Bakı qatarının Qovlar stansiyasından yoluna davam etməməsini tapşırıb. Qardaşı böyük vəzifədə olduğundan Əli Əsgərovun bu qeyri-qanuni tapşırığına əməl olunub. Bu səbəbdən də qatardakı sərnişinlər Qovlar şəhərində 1 saatdan artıq dayanaraq yubanıblar”.
Qeyd edək ki, bu, Arif Əsgərovun qardaşı ilə bağlı ilk belə olay deyil. Musavat.com saytının bu yaxınlarda yaydığı məlumata görə, iyulun 31-də axşamçağı Əli Əsgərov Qovlar şəhərində ərazidə sahibsiz itləri güllələmək üçün çağırılan vətəndaşın əlindən tufəngi alaraq atəş açmışdı. Məlumatda iddia olunurdu ki, o, atəş açdığı zaman sərxoş vəziyyətdə olub. Bu zaman güllə küçənin əks tərəfindəki marketin sahibinin oğluna dəyib. Lakin onun aldığı yara xoşbəxtlikdən öldürücü olmayıb. Əli Əsgərov isə polis tərəfindən saxlanılmayıb. Hadisənin Qovlarda dəmiryol vağzalının önündə baş verdiyi bildirilirdi.
Bu xəbərlə bağlı Əli Əsgərovun da movqeyini dərc etməyə hazırıq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?