Qərb Qarabağ münaqişəsində yürütdüyü siyasəti dəyişdirir
“Krım dərsləri”
Ukrayna böhranı bütün dünyada siyasi şəraitə yeni bir düzən verdi. Sovet İttifaqının dağılmasından sonra səngiyən soyuq müharibə, güclər savaşı yenidən kəskinləşib. Yanukoviçi hakimiyyətdən qovmaqla Qərb Rusiya üzərində qalib görkəm alsa da, Krımı işğal etməklə, eləcə də Ukraynanın şərq əyalətlərində milli seperatizmə meydan açmaqla Kreml Administrasiyası qarşı tərəfi dalana dirəyib. Avromaydan hərəkatının Ukrayna üçün bu günkü nəticəsi ölkənin faktiki parçalanma təhlükəsi ilə üz-üzə qalmasıdır. Görünən isə odur ki, Qərb hələ ki, Rusiya ilə bacara bilmir. Güclərin nüfuz savaşının indiki döyüş meydanı Ukraynadır və xalq bu savaşın bədəlini öz günahsız qanı ilə, dağılan iqtisadiyyatı ilə ödəyir. Dünyanın siyasi xəritəsinin yenidən formalaşdırılması prosesi gedir. Kiçik dövlətləri peyk kimi öz orbitində saxlamaq istəyən super güclər üz-üzə durublar. Rusiyanin aqressivliyi artdıqca postsovet ölkələri üçün təhlükə hər gün daha da artır. İndi rəsmi Kreml öz keçmiş müstəmləkələrini (təsir onsuz da hələ də çox güclüdür) heç kimə güzəştə getməyəcəyini gizlətmir. Putin SSRİ-nin atributlarını bərpa etməklə hədəflərini dünyaya bəyan edir.Təbii ki, belə gərgin situasiyada hər iki tərəf üçün mühüm əhəmiyyət daşıyan Cənubi Qafqaz regionu, burada yerləşən dövlətlər xüsusilə diqqət dairəsinə düşüb. İstər Qərb, istərsə də Rusiya bu strateji nöqtəni öz təsir dairəsində saxlamaq üçün mübarizə aparırlar. Bu mübarizə vaxtilə Gürcüstanda hərbi müstəviyə belə keçmişdi. Hadisələrin gedişindən asılı olaraq yenidən burada istənilən proses baş verə bilər. Rusiyanın son addımları, səsləndirilən bəyanatlar da bunu deməyə əsas verir.
Qərbi məğlub duruma salan “ikibaşlı” siyasət
SSRİ-nin dağılmasından sonra Cənubi Qafqaz regionunda istər Qərb, istərsə də Rusiya tərəfi üçün manevr imkanlarını genişləndirən ən mühüm amil sözsüz ki, Qarabağ problemi olub. Rusiyanın siyasi və hərbi qatqıları ilə Azərbaycan ərazisinin 20 faizini işğal edən və hal hazırda da bunu davam etdirən Ermənistan Moskvanın forpostu olmaqla öz orientasiyasını həmişəlik müəyyən edib. Lakin, uzun illərdir ki, iki tərəf arasında manevr edən Azərbaycanın vəziyyəti gərgin olaraq qalır. Qarabağ kartından indiyə qədər ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə olunub və bu gün də Rusiya eyni ssenarini davam etdirir. Ukrayna böhranının yaratdığı beynəlxalq şərait isə bir çox Qərb dairələrində münaqişəyə yeni baxış formalaşdırıb. ATƏT-in Minsk qrupu kimi əldəqayırma bir qurum yaratmaqla illərlə problemin həlli istiqmətində heç bir irəliləyişə nail olmayan “sülh yaratma” missiyasının üzvləri anlamağa başlayıblar ki, əslində öz səhvləri ucbatından Azərbaycanı tərəf olaraq itirmək üzrədirlər. İşğalçı ilə işğala məruz qalan arasında heç bir fərq qoymayan, hətta daha çox erməni tərəfinə stavka edən Qərb dairələri Rusiyanın sərgilədiyi son mövqedən sonra ikibaşlı oyunlarının onları məğlub duruma saldığını dərk edirlər. Minsk qrupunun fəaliyyəti heç bir zaman uğur qazandıra bilməzdi. Çünki, problemi yaradan tərəfdən onun həllini gözləmək əslində sadəlövhlük olardı. Elə illərin acı təcrübəsi də bunu sübut edir. Bakıda yağlı pitidən yeyib bir havaya oynayan, Ermənistanda İrəvan konyakından içib başqa havaya qol qaldıran, Qarabağ meşələrində əylənib başqa avaz gətirən həmsədrlərin yarıtmaz fəaliyyəti Qarabağ problemini açılmaz düyünə salıb. Qərb Azərbaycanı təbii sərvətlərinə, strateji mövqeyinə görə hər zaman təsirində saxlamağa çalışsa da, bunun müqabilində Rusiyanın quyruğunda sürünən Ermənistana dəstək verməklə ikibaşlı oyun oynayırdı. Heç kimə sirr deyil ki, nə Amerikanı, nə də digər Qərb ölkələrini Azərbaycanda demokratiyanın durumu, nə də Qarabağın taleyi əsla narahat etmir. Maraqlar neftdən, qazdan və ölkənin kimin yanında olmasından ibarətdir. Amma, Qərb siyasi dairələri heç olmazsa, Azərbaycanı öz tərəfində saxlamaq üçün bu illər ərzində Qarabağ münaqişəsinin həlli istiqamətində kiçicik də olsa bir addım atmayıblar. Rusiyanın Qərbə meydan oxumasından sonra isə anlamağa başlayıblar ki, əslində bu ikibaşlı oyun onların öz əleyhinə işləyən arqument olub. Qərb siyasi dairələri Qarabağ münaqişəsinin həlli istiqamətində mövqelərini redaktə etmək fikrindədir. Son zamanlar bir sıra təhlilçilərin, nüfuzli siyasi xadimlərin, diplomatların, konfiliktoloqların fikirlərində də bunu hiss etmək olur. Qərb anlamağa başlayıb ki, münaqişənin həlli istiqamətində real addımlar atılmasa Rusiyanın bu bölgədəki hegomon mövqeyinə son qoymaq mümkün olmayacaq. Zaman Qərbin lehinə işləmir. Təsadüfi deyil ki, Riçard Morninqstar bu yaxınlarda bəyan etmişdi ki, Ukraynada baş verən proseslər Qərb üçün Qarabağ münaqişəsinin həllini sürətləndirmək məcburiyyəti yaradıb. Bu artıq Qərbin tələsməsinə bir siqnal idi. Mövqelər əldən getdikcə Qərb problemin həllində üstünlüyü ələ almağa israr edir. Krımın işğalı bir daha sübut etdi ki, Moskva onunla razılaşmaq istəməyən tərəfləri sərt şəkildə cəzalandırmağa qadirdir. Qarabağ məsələsi də Cənubi Qafqazda Rusiyanın təzyiq mexanizminin əsas rıçaqıdır. Heç kimə sirr deyil ki, Azərbaycanın istınilən anti Kreml addımının adekvat cavabı heç də Krım variantından fərqli olmayacaq. Yəni Rusiya Azərbaycandan de-fakto qoparılmış Qarabağın statusunu de-yure həll etməklə Bakını fakt qarşısında qoyacaq. Belə bir təhlükəni həmişə göz altına alan Azərbaycan tərəfi Qərbə heç vaxt açıq-aşkar tərəf tuta bilməz. Odur ki, vəziyyətin indiki duruma düşməsinin səbəkarı olan ikiüzlü Qərb siyasəti indi öz səhvlərini düzəltmək fikrinə düşüb.
Amerikanın “yeni Qarabağ” siyasətinin əsas konturları
ABŞ Siyasi Elmlər Assosiasiyasının üzvü, nüfuzlu Amerika və İsrail alimi Brenda Şaffer “Foreign Affairs” jurnalında nəşr olunmuş son məqaləsində məhz Qərb siyasi dairələrinin indiyə qədərki səhv mövqeyini işıqlandırıb. Şaffer Cənubi Qafqaz regionunda siyasi proseslərə mühüm təsiri olan münaqişə haqqında araşdırma apararaq Amerikanın fərqli mövqe sərgiləyəcəyini qeyd edir: “Mayın əvvəllərində Obama administrasiyası Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ konfliktinin həlli üzrə yeni həll təşəbbüsünü elan edəcək. Bu, anoloji qəbildən ilk belə səy deyil. Yəqin ki, axırıncı da olmayacaq. Ancaq Krımın Rusiya tərəfindən ilhaqından sonra Birləşmiş Ştatlar heç vaxt olmadığı qədər köhnə mübahisəni - Moskvanın regionda öz təsirini saxlamaq üçün üfürüb şişirdiyi konflikti çözməyə çalışacaq”. Şiffer də hesab edir ki, Qarabağ münaqişəsi Rusiyanın Cənubi Qafqazı, xüsusilə Ermənistan və Azərbaycanı öz təsir dairəsində saxlaması üçün əsas vasitədir. Şərhçi bildirir ki, münaqişə həll olunmayana qədər Ermənistan tərəfi rus qoşunlarının bölgədən getməsində maraqlı olmayacaq. Bu isə rəsmi Kremlə regionda həmişə əsas oyunçu mövqeyini saxlamağa imkan verir. Rus qoşunları bölgədə qaldıqca Qərbin burada möhkəmlənməsi, xüsusilə Ermənistanda öz mövqelərini möhkəmləndirməsi xəyal olaraq qalır. Bunun bölgədə mühüm faktor olduğuna diqqət çəkən siyasi analitik yazır: “Çünki həlli tapılmayan konflikt yüz faizli zəmanət verir ki, Ermənistan Rusiya qoşunlarının bölgədən getməsini istəməsin, bunu ağlına belə gətirməsin. Və nə qədər ki, rus qoşunları Ermənistandadır, Kreml İrəvana təzyiq edə biləcək ki, sonuncu Qərbdən kifayət qədər uzaq dursun”. Şafferin qənaətinə görə münaqişənin həlli istiqamətində göstərilən səylərin boşa çıxmasının əsas səbəbi Amerikanın tutduğu yanlış mövqe olub. Amerika indiyə qədər problemin həllində əsas tərəflər kimi Azərbaycan və Ermənistanı qəbul edib. Əslində konfliktin bu qədər uzanmasında əsas maraqlı tərəf Rusiya olub və Amerika buna diqqət yetirməyib. Krımda baş verənlərdən sonra isə Rusiyanın münaqişə bölgələrindəki maraqları tam çılpaqlığı ilə üzə çıxdı. Şaffer məqaləsində bu fakta xüsusi diqqət ayırır: “Amerikanın dövlət katibləri və xüsusi elçilər Azərbaycan və Ermənistan prezidentlərini zaman-zaman tənqid ediblər ki, “onlar öz xalqlarını sülhə hazırlamırlar” - Minsk Qrupu həmsədrləri də ötən il onlara bu iradı tutublar - həmçinin Ağ Ev prezidentləri razılığa gəlməməkdə qınayıb. Amerika iki icma arasında əlaqələrin qurulmasına milyonlarla dollar xərcləyib, di gəl, heç vaxt Moskva ilə nə etməklə bağlı strategiya formalaşdırmayıb, çünki Krıma qədər Vaşinqton heç zaman Rusiyanın etnik münaqişələrdən bölgədə təsir rıçaqı kimi nə dərəcədə yararlandığının fərqinə varmayıb, bu amili etiraf eləməyib”. Beləliklə, Qərb Ukrayna dərslərindən nəticə çıxardaraq digər münaqişə bölgələrində yeni siyasi xətt müəyyənləşdirməklə itirilmiş mövqelərini bərpa etmək istəyir. Moskva öz məqsədlərinə nail olması üçün hərbi gücdən istifadədən çəkinmədiyini dəfələrlə sübut edib. Odur ki, bunun Cənubi Qafqaz regionunda təkrarlanmaması üçün Qərb aktiv fəaliyyətə keçməyi planlaşdırır. Hətta bir çox siyasi dairələrdə belə bir fikir formalaşıb ki, Ukraynada beynəlxalq ictimaiyyətin sərt təpkiləri ilə üzləşən Putin Qərblə münasibətləri səhmana salmaq üçün Cənubi Qafqazda kompromisə hazırdır. İstənilən variantda Qarabağ problemi bölgədə əsas söz sahibi olmaq üçün tərəflər arasında əsas kart olaraq qalır. Qarabağ Cənubi Qafqazda möhkəmlənmək istəyən güclər üçün oyun meydanıdır. Oyun oynanılır, fəqət meydançanın sonda kimin əlində qalacağı hələ də məlum deyil. Bütün toplar isə təəssüf ki, hələ də bizim qapımızdan keçir. Sərdar Musa
Sorğu
Yeni dizaynımız necədir?