Krımı işğal etməklə Ukraynanı sərt şəkildə cəzalandıran Putin özü analoji vəziyyətlə üzləşmək üzrədir. Belə ki, Ukrayna Rusiyanın tərkibində olan tarixi torpaqlarının geri qaytarılmasını tələb edə bilər. Artıq sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan bu layihə Rusiyada da əsl şok effekti yaradıb. Putinin işğalçılıq siyasəti onun əleyhinə çevrilib. “Kolomoyski xəritəsi” adı ilə paylaşdırılan bu layihə qısa zaman ərzində böyük rezonans doğurub. Rusiya Ukraynanın öz tarixi torpaqlarını geri istəməsindən dolayı narahatlıq keçirir. Dnepropetrovsk vilayətinin qubernatoru Kolomoyskinin adının xəritəyə verilməsi isə maraqla qarşılanıb. Xatırladaq ki, Kolomoyski daima öz maraqlı addımları, qəribə jestləri ilə gündəmdə qalmağı bacarır. Böyük nüfuza sahib olan qubernatorun adının xəritəyə verilməsi Rusiyada narahatlığa səbəb olub. Ruslar xəritənin işıq üzü görməsindən, həmçinin qubernatorun böyük nüfuz sahibi olmasından, bacarıqlı siyasi xadim kimi tanınmasından əndişələnirlər. Bir çox ekspertlər isə bu xəritənin Ukrayna tərəfindən Rusiyaya qarşı hazırlanmış cavab olduğu qənaətindədirlər. Krımı işğal etməklə çox güclü beynəlxalq təpkilərə məruz qalan Rusiya indi adekvat cavabla üz-üzə qalıb. Krımda birtərəfli qaydada referendum keçirməklə beynəlxalq hüquq normalarını tapdalayan Rusiya fakt qarşısında qala bilər. Eyni variantla Rusiyanın bir çox vilayətlərində referendumlar keçirilərək ölkənin parçalanmasına start verilə bilər. Rusiyanın Rostov və Belqorod vilayətlərində Ukraynaya birləşməklə bağlı referendumların keçirilməsi məsələsi müzakirə olunur. Putinin “referendum oyunu” indi öz əleyhinə çevrilib. İşğalçılıq siyasəti ilə dünyanın sərt qınaqlarına tuş gələn Putinlə oyun qaydaları dəyişdirilir. Ukrayna Rusiyaya qarşı ərazi iddialarını gündəmə gətirməklə rəsmi Moskvanı çətin duruma salıb. Referendum keçirməklə ərazi işğalını reallaşdırmaq prosedurunun əsasını qoyan Putin eyni qayda ilə cəzalandırıla bilər. Rostov və Belqorod vilayətlərində Ukrayna ilə birləşmək istəyən qüvvələrin fəallaşması Rusiya siyasi dairələrində narahatlıq doğurub. Krımın işğalından sonra qələbə eyforiyası yaşayan Rusiya hakimiyyət dairələrində son vəziyyət soyuq duş effekti yaradıb. Hadisələrin gedişi göstərir ki, proses belə axınla davam edərsə, Rostov və Belqorod vilayətlərində referendum keçirilməsi qaçılmaz olacaq. İki dövlət arasında başlanan münaqişənin getdikcə dərinləşməsi prosesin uzanacağını göstərir. Rusiyanın Ukraynada yürütdüyü siyasətdə müəyyən korrektələr etməsi də müşahidə olunur. Prezident Vladimir Putinin seperatçılara referendumu təxirə salmaqla bağlı müraciəti də sübut edir ki, Kremldə münaqişənin dərinləşməsindən narahatlıq keçirənlərin sayı çoxalıb. Ukraynanın Rusiyaya qarşı adekvat addımlar atması isə vəziyyəti daha da çıxılmaz edə bilər. Nicat MAHMUDOV
Sorğu
Yeni dizaynımız necədir?