Regionun üç müttəfiq dövlətinin rəhbərləri yenidən bir araya gəldilər
Strateji əhəmiyyət daşıyan bütün regional iqtisadi layihələrin iştirakçısı olan Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçıları yenidən bir yerə yığışaraq, MDB məkanında baş verən hadisələri və bunun Cənubi Qafqaz regionuna mümkün təsirlərini müzakirə etdilər. Artıq işləyən və hər üç dövlətə hər il milyardlarla dollar gəlir gətirən Bakı-Tiflis-Ceyhan neft kəməri, Bakı-Tiflis-Ərzurum qaz kəməri və istismarına az qalmış Bakı-Tiflis-Kars dəmir yolu layihələri artıq hər üç dövlətin gələcək inkişaf strategiyasını müəyyən edib. Adıçəkilən layihələrə xərclənən milyardlarla dollar, Şərqdən, Çin və Orta Asiyadan, Qafqazdan müxtəlif təyinatlı mal, xammal və sənaye məhsullarının Avropa bazarlarına daşınması prosesi Transqafqaz dəhlizini dünyanın ən mühüm nəqliyyat arteriyasına çevirib. Bu nəhəng layihənin mərkəzi və baş tutmasının əsas səbəbi olan Azərbaycan təbii ki, regionun ən mühüm ölkəsi rolunu oynamaqdadır. Getdikcə artan yük daşımaları, enerji daşıyıcılarının nəqli, Avropanın sənaye nəhənglərini xammalla təmin edən bu dəhlizin önəmini o qədər artırıb ki, artıq bu regionda at oynatmaq hər dövlətin həddində deyil. İdeya müəllifinin Heydər Əliyev olduğu "Böyük İpək Yolu" kimi dahiyanə bir planın əsasında başlanmış bütün layihələr Azərbaycanı Avrasiyanın döyünən ürəyinə çevirib. Həmin illərin ağır iqtisadi böhranı nəticəsində dağılmaq təhlükəsi qarşısında qalan Azərbaycan və Gürcüstan, borc içərisində boğulan və inflyasiyanın rekord həddə çatdığı Türkiyə bu layihə nəticəsində çox böyük sürətlə inkişaf etməyə başladı. İnkişaf sürətinə, daxili mal dövriyyələrinin artım tempinə görə dünya dövlətləri arasında rekord qıran hər üç ölkə bu gün iqtisadi tərəqqi dövründədir. Güclü iqtisadiyyatı olan ABŞ və Avropanı iflasa uğradan 2008-ci il beynəlxalq maliyyə böhranından Heydər Əliyev layihəsinin sayəsində iştirakçı dövlətlər demək olar ki, ziyansız çıxdılar. İqtisadiyyatı və maliyyə bazarı həssas olan Türkiyə layihə nəticəsində nəinki böhranı hiss etmədi, hətta 2007-2008-ci illərdə Ankara həm ÜDM, həm də sənaye mallarının ixracını az qala ikiqat artırdı. Bunun bir neçə səbəbini oxucularımızın diqqətinə çatdırırıq: 1) Enerji daşıyıcılarını idxal edən Türkiyə Bakı-Ceyhan sayəsində xarici investorların diqqət mərkəzinə çevrildi və ölkəyə sərmayə axını gücləndi; 2) İqtisadi sistemi tamamilə çökmüş Gürcüstan Azərbaycandan aldığı nəql pul və qoyulan sərmayə hesabına sənayesini qismən bərpa etməyə müvəffəq oldu; 3) Maliyyə böhranı nəticəsində qıtlaşan dollar və avro kütləsinin Azərbaycan neftinin yüksək qiyməti sayəsində Tiflis və Ankaranın büdcəsinə axmaqda davam etməsi; 4) Şahdənizin işlənməsi və bütün dünyanın diqqətinin Azərbaycan qazına yönəlməsi, Bakı ilə paralel olaraq layihənin digər iştirakçıları Tiflis və Ankarının da önəminin artması; 5) Azərbaycan dövlətinin həyata keçirdiyi bütün layihələri sona çatdırmaqda nümayiş etdirdiyi qətiyyət və bunun xarici sərmayədarlara verdiyi inam və cəsarət; Səbəbləri çox sadalamaq olar, amma bunlar ən əsasıdır. Bütün təzyiqlərə baxmayaraq, hətta daxili sabitliyinin kənardan pozulmasına cəhd edilən Azərbaycan dövləti bütün dünyaya sübut etdi ki, bizimlə zarafat etmək, zorun, gücün dili ilə danışmaq olmaz. Azərbaycan dövləti güclü dövlətdir və milli maraqlar üzərində qurulmuş, dəyişməz, qətiyyətli siyasət yürüdür və yürütməkdə də davam edəcək. Bunu gözəl başa düşən həm Şimal, həm də Cənub Azərbaycanla konfrontasiyanın mənasız olduğunu anlayaraq dövlətimizin yürütdüyü siyasətlə barışmaq məcburiyyətində qaldılar. Azərbaycan bütün dünyaya malik olduğu sərvətlərə sahib çıxa bildiyini və gücündən istifadə məsələsində tərəddüd etməyəcəyini geosiyasi müstəvidə ortaya qoyduğu müstəqil mövqeyi ilə birdəfəlik sübut etdi. Artıq o dahiyanə planı pozmağa heç kimin gücü çatmaz, nə Qərbin, nə Şimalın, nə də Cənubun. İndi bütün tərəflər Azərbaycanla hesablaşır. Azərbaycana yaxınlaşmağa cəhd edir, çünki bütün regional məsələlərin həlli məhz Azərbaycan dövlətinin mövqeyindən asılıdır. Cənubi Qafqazın üçüncü dövləti-işğalçı Ermənistanı bütün iqtisadi layihələrdən izolyasiya etməyi dövlətin siyasi kursu seçmiş Azərbaycan bu strategiya nəticəsində daşnak dövlətini qismən diz çökdürə bilib. Azərbaycanın iqtisadi sahədəki həmlələrini dəf edə bilməyən ermənilər hər böhran zamanı boğulmamaq üçün Rusiyadan aldıqları borcun faizlərinə əsir düşdülər. Kasıb və yarım boşalmış Ermənistan borc aldığı rus şirkətləri tərəfindən tamamilə müsadirə olunub. Ermənistanın hazırki müstəqilliyi formal və kağız üzərindədir. Rusiya istədiyi vaxt bu ölkəni Krım kimi işğal edərək öz ərazisi elan edə bilər. Hazırda Ermənistan Rusiyanın "Qafqaz əsiri"nə çevrilib. Əgər proseslər belə davam etsə, Ermənistanın müstəqilliyini itirməsi yaxın 5 ildə mütləq gerçəkləşəcək. P.S. Həmişə daxili və xarici bədhaxlarımızın kinayə ilə dedikləri "güclüdürsə, Qarabağı alsın!" sözlərinin cavabı üç prezidentin Tiflis görüşüdür. Bütün regional iqtisadi layihələrdən kənarda qalmış Ermənistan borc içində boğulur. Faktiki olaraq dövlətçiliyi qəsb olunub və oyuncağa çevrilib. Siyasi elitası iradə nümayiş etdirə bilmir, bütün siyasəti Moskvada müəyyən edilir və sivilizasiya xəritəsindən yox olmaq təhlükəsi qarşısındadır. Azərbaycan, Gürcüstan və Türkiyənin yaratdığı bu iqtisadi və siyasi alyansın fonunda Ermənistan yuvasından çıxa bilməyən ac siçovulu xatırladır, öz ambisiya, iştah və xislətinə əsir düşmüş zavallıya bənzəyir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?