“Rosneft”in Direktorlar Şurasının tam qapalı toplantısından sensasion xəbər sızdı: Rusiya nefti Bakı-Tiflis-Ceyhan kəməri ilə nəql olunacaq
Rusiyanın “Rosneft” dövlət neft-qaz şirkətinin Direktorlar Şurasının noyabrın 9-da “qayət məxfi” qrifi altında keçirilmiş toplantısından sensasion xəbər sızdırılıb.
Virtualaz.org saytına Rusiya qaynaqlarından məlum olub ki, bu toplantıda Bakı-Novorossiysk neft kəməri ilə neftin tərs istiqamətə nəqli məsələsi müzakirə edlib.
“Arqumenti i faktı” qəzetinin Dağıstan əlavəsinin yaydığı məlumatda deyilir ki, “Rosneft”in Direktorlar Şurasının iclasında Bakı-Novorossiysk kəmərinin revers istifadəsi məsələsi müzakirəyə çıxarılıb. Xəbərdə bildirilir ki, kəmərin əks istiqamətə işlədilməsi Rusiyanın iqtisadi maraqlarına böyük ziyan vuracaq. Söhbət Rusiya neftinin Bakı-Novorossiysk kəməri vasitəsilə Bakıya nəqlindən gedir. Rusiya nefti daha sonra Bakı-Tiflis-Ceyhan (BTC) neft kəməri ilə Türkiyənin Ceyhan limanına çatdırılacaq.
“Rosneft”dəki mənbə bildirib ki, Bakı-Novorossiysk kəmərinin revers istifadəsinə dair bütün sənədləşmələr “qayət məxfi” qrifi ilə işarələnib. Məhz bu səbəbdən şirkətin Direktorlar Şurasının noyabrın 9-da keçirilmiş toplantısının təfərrüatları ilə bağlı mətbuata heç bir məlumat verilməyib.
Xatırladaq ki, virtualaz.org saytı “Rosneft”in Direktorlar Şurasının ARDNŞ-lə razılaşmaları müzakirəyə çıxarmaq üçün toplandığı haqda xəbəri yaymışdı.
Mənbə deyib ki, sənədlərə “qayət məxfi” qrifinin qoyulması ictimaiyyətin Rusiyanın iqtisadi maraqlarına zidd olan bu layihədən xəbər tutmamasına imkan verməmək üçündür.
Qəzet yazır ki, Azərbaycanda neft hasilatı son vaxtlar aşağı düşür. Nəticədə əsas ixrac neft kəməri Bakı-Tiflis-Ceyhanla nəql edilən Azərbaycan neftinin də həcmi azalır. Təkcə bu ilin əvvəlindən BTC ilə neft nəqli 4 faiz azalıb. Hazırda BTC-nin cəmi 60 faizi doldurulur və neft nəqlinin azalması üzündən kəmərin istismarı ciddi ziyanla başa gəlir. Kəmərin gəlirlə işləməsini təmin etmək üçün yeganə variant Rusiya və Qazaxıstan neftinin BTC ilə nəqlinə nail olmaqdır.
Üç il əvvəl Qazaxıstan tariflərin yüksək olduğunu əsas gətirərək BTC ilə neft nəqlindən imtina edib. Lakin bu günlərdə Qazaxıstanın “Tengizşevrol” şirkəti Aktau limanı vasitəsilə hər il BTC vasitəsilə 4 milyon ton neft nəqlinə hazır olduğunu bildirib. Qazaxıstan neftinin BTC ilə nəqli gələn ildən başlamalıdır.
Dağıstan qəzeti yazır ki, Rusiyanın Bakı-Novorossiysk kəməri ilə əks istiqamətə neft nəqlinə başlaması Mahaçqala limanının müflis olması ilə nəticələnəcək.
Bəs Rusiya nədən bu varianta gedir?
Ehtimala görə, burada Rusiya ilə BTC-nin operatoru BP arasında sövdələşmənin rolu ola bilər. Belə ki, BP “Rosneft”in səhmlərinin 20 faizinə nəzarət edir. Bakı-Novorossiysk kəmərinin operatoru olan “Transneft” şirkəti isə “Rosneft”in BTC ilə neft nəqli planlarından ciddi narahatdır.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin bu ilin avqustun 13-də Bakıya etdiyi səfər zamanı “Rosneft”lə ARDNŞ arasında çoxsahəli əməkdaşlıq protokolu imzalanıb. Bu razılaşma Xəzərdə birgə neft-qaz hasilatı, üçüncü ölkələrdə ortaq fəaliyyət və digər məsələləri də nəzərdə tutur. Mətbuat xəbər verirdi ki, Bakı razılaşmasında Rusiya neftinin BTC ilə nəqli məsələsi də yer alır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?