Əsəbləşiblər. Açıq hiss olunur ki, hadisələr onların planlaşdırdığı məcrada inkişaf eləmir. Adətən cığal oyunçular uduzanda belə hərəkət edirlər. Ağına-bozuna baxmadan qışqır-bağır salır, hər şeyi ləkələməyə başlayırlar. Dünyada “demokratiya carçıları”nın son hərəkətləri də bundan uzağa getmir. Siyasi maraqları, ambisiyaları təmin olunmayanda “demokratiya mələklərinə” dönənlər hərəkətə keçiblər. Sükut pozulub, əkdikləri qızıl gül toxumlarının inqilab çiçəklərini qoxlamayanlar, “ərəb baharının” Azərbaycan istisinə qızınmayanlar, narıncı qalstuklarını taxıb kameralar önündə poz verə bilməyənlər danışırlar. Azərbaycanda son zamanlar “qərb küləkləri” əsir, özü də dayanmadan. Amerika səfiri Riçard Morninqstar “Azadlıq” radiosuna verdiyi son müsahibəsində əslində ölkəsinin siyasi kursunu, digər müstəqil dövlətlərə olan münasibətini tam çılpaqlığı ilə ortaya qoydu. Dünyada demokratiyanın “qarantı”, “insan azadlıqlarının” carçısı olan ölkənin səfiri regionda baş verən son proseslərin timsalında Azərbaycana, onun siyasi kursuna olan münasibətini açıqlayıb. Ancaq “ən demokratik ölkələrlə ən dərin münasibətlər quran” Amerikanın səfiri nədənsə Azərbaycanda hər şeyi qara rəngdə görür. Nədənsə onun gözlərini örtən bu qara pərdə ölkəsinin işğalçı Ermənistana olan münasibətində özünü qətiyyən büruzə vermir. Başqalarından demokratiya uman bir ölkənin öz demokratiyası ikili standartlar, siyasi, iqtisadi maraqlar üzərində qurulubsa burada hansı səmimiyyətdən söhbət gedə bilər? Ərazisinin 20 faizi işğal altında olan, bir milyondan çox vətəndaşı qaçqın düşən, tarixin ən dəhşətli soyqırımlarından birinə məruz qalan Azərbaycana qarşı Amerika nədənsə bu “demokratik siyasəti” heç vaxt həyata keçirməyib. Ukrayna böhranından sonra Qarabağ münaqişəsinin həllini daha vacib hesab edən cənab səfir və ölkəsi üçün bu illər ərzində nədən bu problem əhəmiyyət kəsb etməyib? Xocalı soyqırımını törədən işğalçı bir ölkəyə havadarlıq edən, erməni lobbisinin xeyir-duası ilə oturub-duran Amerika demokratları ötən illər ərzində münaqişənin həlli istiqamətində hansı əməli addımlar atıblar görəsən? 1992-ci ildə işğala və soyqırımına məruz qalan Azərbaycana qarşı ABŞ konqresi 907-ci düzəlişi edəndə yəqin Ermənistanı “ən demokratik ölkə” hesab edirmiş. Azərbaycanı su yoluna çevirib illərdir ki, Qarabağdan qazanan Amerika diplomatları Azərbaycanın haqq səsinə biganəlik göstərəndə, erməni yalanlarına qucaq açanda Ağ Evin demokratiyası harada qalmışdı? Azərbaycanın neftini, qazını vecinə alan Morninqstar bəlkə bu suallara cavab verəydi. Qarabağın statusunu qeyri-müəyyən danışıqların ümidinə buraxan səfir öz ölkəsinin tanıdığı ərazi bütövlüyünə hansı dərəcədə hörmət etdiyini sübut edir. Cənab Morninqstar, məgər illərdir ki, işğalçı Ermənistana hər sahədə arxa duran, erməni yalanlarına havadarlıq edən sizin “demokratiyanız” deyilmi? İşğala məruz qalana sanksiya tətbiq edib, işğalçıya hərbi, iqtisadi, siyasi köməklik edən Ağ Ev administrasiyası deyilmi? Budurmu demokratiya, insan hüquqları? Rusiya təhlükəsindən danışan səfirin ölkəsi münaqişənin uzanmasında, dalana dirənməsində heç də ittiham etdiyi ölkədən az iş görməyib. İllərdir ki, Azərbaycan dövləti tarixi ədalətin bərpa edilməsi, işğal olunmuş torpaqların azad olunması istiqamətində hərtərəfli fəaliyyət göstərir. Ancaq, Azərbaycanda demokratiyanın xırda detallarını həvəslə müzakirə edən, hədyanlar yağdıran Amerika siyasəti nədənsə bu münaqişədə əsl həqiqəti görməzlikdən gəlir. Axı demokratiyanın gözləri kor olmamalıdır, cənab səfir, siz erməni vandalizmini insan azadlığımı hesab edirsiniz? Dünyada qəbul edilmiş hüquqi normalara görə işğalçı tərəf cəzalandırılmalıdır. Amerika “demokratiyası” isə işğalçıya qucaq açıb müdafiə edəndə, Xocalı qətliamını görməyəndə əsl simasını göstərirdi. Azərbaycanda çox gözəl bir el məsəli var, cənab səfir. Birinə deyirlər ki, əzrail bala paylayır. Cavab verir ki, balama dəyməsin, verdiyi balasını istəmirəm. Azərbaycan ürəyini, şah damarını itirib. Ancaq sizin ikili siyasətiniz, işğalçıya havadarlığınız illərdir ki, ölkəmizin tarixi torpaqlarına qovuşmaq arzusuna sədd çəkib. Azərbaycanı ittiham etdiyiniz halda Ermənistanda susursunuz. Cənab Morningstar, Qarabağa sizin demokratiya dərsləriniz lazım deyil, Qarabağa bir zərrə həqiqət, ədalət gərəkdir. Onu vermirsinizsə, bu haqqı tanımırsınızsa, xahiş edirik, heç olmasa çəkilin. Əlinizi ermənilərin çiyinindən çəkin. Sizin Azərbaycana vəd etdiyiniz demokratiyanı bütün dünya İraqda, Liviyada, Suriyada, Misirdə və nəhayət Ukraynada görür. Demokratiya küləkləri bu ölkələri xarabazara çevirib, iqtisadiyyatını dağıdıb, viran edib. Bu idimi sizin insanlara vəd etdiyiniz demokratiya, insan hüquqları? Hər gün partlayan bombalarla, anaların ərşə yüksələn fəryadları ilə, qırılan ümüdlərləmi gətirirdiniz demokratiyanı? Bəs Qarabağda yurd-yuvası dağılan, məhv olan insanlara demokratiya haqqını niyə tanımırsınız? Deyirsiniz ki, Azərbaycanın müstəqilliyinin arxasında Amerika və Avropa dayanacaq. Ancaq illərdir ki, sizlər ölkəmizin halal haqqının qaytarılmasını təmin etmirsiniz, Ermənistanı himayə etməklə Azərbaycana təzyiqlər edirsiniz. Budurmu sizin müstəqillik qarantiyanız? Gülüncdür vallah. Morninqstarın təbirincə kim bu iradları bildirirsə, “demokratiyanı” bər-bəzəkli libasda yox, çılpaqlığı ilə görürsə “ABŞ- Azərbaycan münasibətlərinə ziyan vurmaq istəyir”. Cənab səfir Azərbaycan hakimiyyətini monolit hesab etmir, ancaq ölkəsinin heç də monolit olmayan siyasətindən danışmır. Görəsən, hakimiyyətin hansı addımları Morninqstarı razı salmayıb ki, regionda stabil, inkişaf edən bir cəmiyyət formalaşdıran Azərbaycan dövlətini monolit hesab etmir? İllərdir ki, bu “monolit olmayan” hakimiyyət sizlərin Qarabağı Azərbaycandan qoparmaq siyasətinizə sipər çəkib, münaqişələrin girdabında boğulan dünyada stabillik simvolu formalaşdırıb. Sizcə, monolit olmayan bir iqtidar bu qədər təzyiqlərin qarşısında duruş gətirə bilərdimi? Azərbaycana hər tərəfdən “demokratiya ixrac etmək istəyən” qüvvələrin qarşısında illərdir ki, bu monolit hesab etmədiyiniz qüvvə dayanıb. Bilirsinizmi, bu illər ərzində Azərbaycanda nə qədər terror hadisələrinə cəhdlər olunub, nə qədər pozuculuq, təxribat əməlləri baş tutmayıb. Əgər bu dövlətin hər mexanizmi saat kimi işləməsəydi, kim bilir indi Azərbaycan neçə hissəyə parçalanmışdı, hansı qapıdan pay umurdu. Ancaq indi sizin demokratik sanmadığınız bu ölkə dünyada enerji təhlükəsizliyinin mühüm rıçaqlarından biridir, antiterror koalisiyasının üzvüdür, Cənubi Qafqazda sabitliyin qarantıdır. Monolit olmamaq budurmu, cənab səfir? Bəli, bu hakimiyyəti daxildən parçalamaq, bölmək istəyənlər həmişə olub. Ancaq, dönməz iradə, yenilməz siyasi qüvvə bütün bunların qarşısını alıb. Elə son zamanlar hakimiyyət daxilində “nur” salan qüvvələrə qarşı göstərilən qətiyyətli mövqeyi yada salın. Alınmadı, çünki, monolitlik sizin dediyiniz biçimdə olmur, ümummilli maraqlar baxımından olur. Morninqstarın müsahibəsində dediyi bəlkə də ən doğru məqam odur ki, həqiqətən də Azərbaycan çox təhlükəli regionda yerləşir. Eyni zamanda Azərbaycanda maraqlı olanlar onun müstəqilliyinin altında Qarabağ minasını quraşdırıb hər an partlatmaqla təhdid edirlər. Uğurlu xarici və daxili siyasət uzun zamandır ki, bu bombanı partlamağa imkan vermir. Azərbaycanın müstəqilliyinin “qarantı” olan Amerika illərdir ki, bu münaqişənin uzanmasında maraqlı tərəf kimi iştirak etmirmi? Rusiyanın forpostu olan Ermənistana sığal çəkən ölkə nədən Azərbaycanın öz qonşuları ilə mehriban münasibətlər yaratmaq siyasətindən narahatdır? Elə bu “narahat” siyasət deyəsən səfiri danışmağa vadar edir. Özü də hədə dili ilə, ölkənin daxili işlərinə qarışmaq dərəcəsində, kobud müdaxilə tonunda. “Müstəqilliyin qarantı” olan bir ölkənin səfiri qarşı tərəflə müstəmləkə səviyyəsində danışır, ittiham edir, diqtə edir. Cənab Morninqstar öz sözləri ilə Amerika demokratiyasının maskasını cırır, siyasi maraqları ifşa edir. Ancaq nə Azərbaycan xalqının, nə də Azərbaycan iqtidarının kiminsə saymazyana, hörmətsiz davranışlarına səbr etmək niyyəti yoxdur. İllərdir bu “demokratiya” nağıllarını dinlədik, laylalara uyuduq. İndi dünyada siyasi qütbləşmə dərinləşəndə, nüfuz davası güclənəndə Azərbaycana sahiblənmək üçün dərs keçməyə, hədə dilində danışmağa, təhdid etməyə ehtiyac yoxdur. Biz sizi illərdir ki, tanıyırıq. Ukraynaya keçdiyiniz demokratiya dərsinin nəticəsi nə oldu? Qərbin siyasi maraqları Krımı Ukraynadan qopardı. Neynədiniz, bəyanatlardan o yana keçən mövqeyiniz oldumu? Bəlkə deyəsiniz, Azərbaycana nə verəcəksiniz, daha doğrusu Azərbaycan daha nələri itirməlidir ki, sizin demokratiyanız bərqərar olsun? Cənab Morninqstar deyir ki, Amerika Qarabağ danışıqlarının ədalətli aparılması üçün bufer rolunu oynayır. Ədalət dediyiniz illərdir ki, yürütdüyünüz siyasətdirsə, buferinizi yana çəkin, ədalətin yolunu bağlayıb! Şirin Cəfəri
Sorğu
Yeni dizaynımız necədir?