Bu gün ölkənin bütün bölgələrində abadlıq-quruculuq işləri aparılır, təmir-tikinti işləri ara vermir. İlk baxışdan bu çox yaxşı haldır və ölkənin inkişafı baxımından təqdirəlayiqdir. Təbii ki, görülən işlər heç də havayı başa gəlmir və bu məqsədlə dövlət büdcəsindən milyonlarla manat vəsait sərf olunur. Elə əsas məsələ də bu milyonlardadır. Hansı sadə vətəndaşdan aparılan işlər barəsində soruşsan cavab verər ki, onsuz da bir manat xərcləyib on manat yazacaqlar. Bax bu abadlığın Azərbaycan versiyasıdır. Məmurlar abadlıq, təmir adı ilə büdcə vəsaitlərini amansızcasına qarət edir, korrupsiya piramidasını formalaşdırırlar. Təsadüfi deyil ki, qanunla qadağan olunmasına baxmayaraq məmurların böyük əksəriyyəti səlahiyyətlərindən istifadə edərək biznes fəaliyyəti ilə məşğul olur, rəhbərlik etdikləri sahələrdə biznes şəbəkələrini formalaşdırırlar.
Oğuzun bərbad olan “abadlığı”
Azərbaycanın bütün bölgələri məmur özbaşınalıqlarının əsarəti altındadır. Sadəcə regionun və məmurun adını dəyişdirmək kifayətdir. Vəziyyət eyni dərəcədə acınacaqlıdır. Oğuz rayonu da təəssüf ki, istisna təşkil etmir. Burada da “inkişafın” özünəməxsus modeli formalaşdırılıb. Sadəcə bu “inkişafın” Oğuz elinə heç bir dəxli yoxdur. Bu “inkişaf modeli” icra başçısı Eyvaz Qurbanovun şəxsi maraqlarının təmin olunmasına, biznesinin çiçəklənməsinə xidmət edir. Oğuz rayonu isə əslində özünün tənəzzül dövrünü yaşayır. Ölkə başçısı tərəfindən rayonun sosial-iqtisadi inkişafı üçün bir neçə dəfə iri məbləğli ayırmalar olsa da, bu vəsaitlər heç də təyinatı üzrə xərclənməyib. Oğuzda da büdcə talanının ən münasib forması təmir-tikinti işləridir. Rayonda müasir işıqlandırma sistemlərinin yaradılması, şəhər icra nümayəndəliyinin inzibati binasının təmir edilməsi, yağış kollektorlarının çəkilməsinə Rayon İcra Hakimiyyətinin büdcəsindən böyük miqdarda vəsait ayrılıb. Bu işlərin bir çoxunu icra hakiminə yaxın olan şirkətlər həyata keçirib. Verilən məlumatlara əsasən, təkcə 2013-cü ildə Oğuz şəhərində abadlıq, yolların, səkilərin təmiri, işıqlandırma işlərinin həyata keçirilməsinə 2 milyon manatdan çox vəsait xərclənib. Lakin səki və arxların təmiri, abadlıq işləri, işıqlandırma, yolların təmir işlərini hayat keçirən «Uğan» MMC-yə köçürülən 1,8 milyon manat vəsaitin bir hissəsi mənimsənildiyi iddia olunur. Həmçinin məlumatda qeyd olunur ki, «Uğan» MMC icra başçısına yaxın bir şəxsə aiddir və Eyvaz Qurbanov özünə yaxın olan şirkətə rayonun əsas abadlıq işlərini tapşırmaqla böyük maliyyə maxinasiyalarına yol verib. Məlumatda göstərilir ki, “Uğan” MMC icra başçısı Eyvaz Qurbanova arxalanaraq həyata keçirdiyi təmir, yolların təmiri və çəkilişi işlərində alınan mal-materialların qiymətində fantastik dərəcədə şişirtmələrərə yol verib. Mənbə bildirir ki, “Uğan“MMC-nin mənimsədiyi vəsaitin çox hissəsi icra başçısına çatdırılıb. Ümumiyyətlə, “Uğan” MMC-nin elə icra başçısının özünə məxsus olduğu, sadəcə başqa şəxsin adına sənədləşdirildiyi bildirilir. Bu qədər böyük məbləğli vəsaitlər sərf olunsa da görülən işlərin keyfiyyəti çox aşağıdır. Məlumat verilir ki, bunun əsas səbəbi ayrılan vəsaitlərin çox cüzi hissəsinin bu işlərə sərf olunmasıdır. Ən böyük maliyyə maxinasiyalarından biri rayonun daxili büdcəsindən maliyyələşdirilən Bayraq meydanının tikilməsində yol verilib. Milyonluq layihədə də mənimsəmə hallarının həddindən artıq böyük olduğu bildirilir. "Rövşən Oğuz Qrup" MMC tərəfindən inşa edilən həmin meydan artıq bir dəfə sökülərək, yenidən qurulub. Amma buna baxmayaraq, tikinti işlərinin bərbad şəkildə həyata keçirilməsi nəticəsində meydana döşənmiş daş örtüklər qopublar. Bu məqsədlər üçün 289 min manat pulun havaya sovrulduğunu bildirən mənbənin sözlərinə görə, icra başçısının göstərişinə əsasən daşlar arasında yaranmış məsamələrin doldurulması ilə kosmetik dəyişikliklər edilib. Rayonda adi məişət problemləri dözülməz həddədir. Əksər kəndlərdə əhalinin işıq, qaz və su ilə təminatı bərbad haldadır. Bucaq, Bayan, Calut, Sincan, Muxas, Baş Daşağıl, Xaçmaz, Ərmənət, Xalxal, Dəymədərə və digər kəndlərdə də əhali çətinliklərlə üzləşir. Oğuzluların ən böyük problemlərindən biri də yolların acınacaqlı halda olması ilə bağlıdır. Kənd yolları istifadəyə yararsız vəziyyətdədir. Sakinlər dəfələrlə İcra Hakimiyyətinin rəhbərliyinə müraciət edib, amma yolları düzəltmirlər. Rayonun daxili yollarına ayrılmış 742 min manatın isə necə xərcləndiyini görmək üçün sadəcə bir dəfə bu yollarda hərəkət etmək kifayətdir. Türkiyənin "Polat Yol Yapı Sanayi ve Ticaret" Açıq Şirkətinə havələ olunmuş işlər lazımı səviyyədə həyata keçirilmədiyi ilk baxışdan özünü göstərir. Elə bunun nəticəsidir ki, yağan yağışlardan sonra yollarda çatlarla yanaşı, çuxurlar da əmələ gəlməyə başlayıb. Verilən məlumatlara görə, görülən işlər üçün büdcədən kifayət qədər vəsait ayrılmasına baxmayaraq yerli sahibkarlardan, büdcə təşkilatlarından da əlavə pul toplanılır.
Korrupsiyanın “Oğuz modeli”
Payız və qış aylarında rayonda yaşayış daha dözülməz olur. Rayon sakinləri kəndlərdə olan dözülməz vəziyyətdən, həmçinin işsizlikdən yaxa qurtarmaq üçün paytaxta və digər bölgələrə üz tuturlar. Rayonda dolanacaq üçün normal maaş verən müəssisələr demək olar ki, yoxdur. Lakin, icra başçısına yaxın olan şəxslər rayonda tam təmin olunmuş şəraitdə yaşayırlar. Oğuzun əsrarəngiz təbiəti, qiymətli ağac növləri ilə zəngin olan meşələri də icra başçısından öz “nəsibini” alıb. Meşə massivləri başçının yaxın adamlarının himayədarlığı ilə məhv olunur, qiymətli ağac növləri kəsilərək satılır. Bu işlərə başçının yaxın qohumlarından birinin nəzarət etdiyi bildirilir. Onun himayədarlığı altında odun biznesi ilə məşğul olan şəxslər meşələri məhv edib öz məqsədlərinə çatırlar. Bu işlə məşğul olanlar hər maşına görə başçının qohumuna «haqqını” çatdırırlar . Məlumat verilir ki, gün ərzində Oğuz meşələrindən ən azı 15-20 Kamaz odun daşınır. Bir maşının qiyməti isə nə az, nə çox düz 600 manata başa gəlir. Nəticədə Azərbaycan təbiətinin qiymətli incisi olan qədim Oğuz meşələri məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb. Rayonun bütün idarə və müəssisələrində korrupsiya halları gündəlik iş prinsipinə çevrilib. Səhiyyə, təhsil, suvarma sistemləri idarələrində vəziyyət xüsusilə acınacaqlıdır. Rayonda fəaliyyət göstərən 2 xəstəxana, 19 tibb məntəqəsi və 8 həkim məntəqəsində özbaşınalıq baş alıb gedir. Mərkəzi Xəstəxanaya hər il yüz minlərlə manat vəsait ayrılır. Həmin pullar tibb məntəqələrinin cari təmiri, maşın və digər avadanlıqların alınması adı altında sənədləşdirilərək mənimsənilir. Tibbi xidmət isə yox səviyyəsindədir. Əlacsız qalan insanlar müalicə olunmaq üçün qonşu rayonlara üz tutmağa məcbur qalırlar. Mərkəzi Xəstəxanada cərəyan edən hadisələrdən icra başçısının xəbəri olsa da heç bir tədbir görülmür. Oğuzlular dərdlərini demək üçün icra başçısının qəbuluna düşmək istəsələr də onu görmək heç də hamıya müəssər olmur. Məlumatlara görə, hətta qəbul günlərində belə başçı vətəndaşları qəbul etməyə “ehtiyac” duymur. Aldığımız məlumatlara əsasən, rayon təhsil şöbəsində, eyni zamanda Suvarma sistemləri idarəsində də vəziyyət acınacaqlı durumdadır. Təkcə son iki ildə rayon Suvarma Sisitemləri idarəsinə 500 min manata yaxın vəsait ayrılıb və həmin vəsaitlər sənədləşdirmələrdə əksəriyyəti texnikalara ehtiyyat hissələrinin, tikinti matreallarının, elektirik və digər maşın avadanlıqlarının alınmasına, eyni zamanda su nasoslarının cari təmirinə xərcləndiyi qeyd olunub. Lakin məlumatda bildirilir ki, avadanlıqların alınması üçün sənədləşdirmələrdə şişirtmələrə yol verərək ayrılan vəsaitin bir hissəsi mənimsənilib. İdarə tərəfindən kəndlərdə fəaliyyət göstərən drenlərin təmizlənməsi, yenidən istifadəyə verilməsi «əməliyyat»ında da hər il külli miqdarda vəsaitin mənimsənildiyi qeyd olunur. Bundan başqa, hər il rayonun daxili büdcəsindən və Meliorasiya və Su Təsərrüfatı ASC-dən sel daşqınlarında müdafiə olunmaq üçün bəndlərin tikilməsinə, tədbirlərin görülməsinə ayrılan yüz minlərlə manat vəsaitlərin bir hissəsini rayon rəhbərliyinin “xeyir-duası” ilə mənimsənildiyi göstərilir. Oğuz bütün sahələrdə xüsusi monopoliya yaradan Eyvaz Qurbanov həm də rayonun ən böyük “mülkiyyətçisidir”. Lakin məlumatlı mənbənin dediyinə görə, başçının bütün sərvəti qohumlarının və yaxın adamlarının adına qeydiyyatdan keçirilib. Oğuzda böyük sahəli ərazilər onun qohumlarının adına özəlləşdirilib. Bildirilir ki, rayon mərkəzində nəhəng ticarət mərkəzi inşa olunur və tikinti işlərinə başçının yaxınları nəzarət edirlər. Ticarət kompleksinin elə icra başçısına məxsus olduğu haqqında məlumat verilir. Bu gün Oğuz rayonu problemlər bataqlığında boğulur. Bütün strukturlarda hökm sürən total korrupsiya rayonun sosial-iqtisadi inkişafını iflic edib. Rayon sakinləri yaranmış vəziyyətdən narazılıqlarını gizlətmirlər. Aldığımız məlumatlara əsasən, rayon rəhbərliyinin yürütdüyü siyasətə qarşı Oğuzda güclü narazılıq dalğası baş qaldırıb. Öz şəxsi maraqları naminə vətəndaşlarla dövlət arasında uçurum yaradan məmurların əməlləri artıq Oğuzda öz “bəhrələrini” verməkdədir. Lakin, rayon sakinləri hələ də ümid edirlər ki, rayonda Eyvaz Qurbanovun “biznes siyasətinə” axır ki, son qoyulacaq. Oğuz eli bu çətinlikdən xilas olacaq. Hər halda xalqın maraqları bir nəfərin biznes maraqlarından daha üstündür. Nicat MAHMUDOV
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?