Ötən həftə keçirilən "Azərbaycan: Xarici Əlaqələr, Daxili Reallıqlar" mövzusunda qapalı, dəyirmi masa müzakirəsində Elşad Abdullayevin videoları, Ramiz Mehdiyev və digər mövzular müzakirə olunub. Chatham House-da yerləşən Royal Institute of International Affairs (Beynəlxalq İşlər üzrə Krallıq İnstitutu) Chatham House qaydalarına uyğun olaraq, müzakirədə kimin iştirak etdiyini açıqlamağı və sitat sahiblərinin adını çəkməyi qadağan edir. Müzakirənin məqsədi Azərbaycanın siyasətini Dağlıq Qarabağ və enerji mövzuları üzrə ayrı-ayrılıqda deyil, "tam şəkildə" göstərmək olub.
Ramiz Mehdiyevə ittihamlar
Adının Elşad Abdullayevin yaydığı videolarda hallanmasını nəzərə alaraq, Prezident Administrasiyasının rəhbəri olan cənab Mehdiyevin Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə Üzrə Komitəsinə sədrlik etməsinin "paradoksal" olması deyilib. BBC Azərbaycanca müxbirinin izlədiyi diskussiyalar zamanı Azərbaycanda bu il keçiriləcək prezident seçkiləri müzakirə edlib və Wikileaks-in sızdırdığı, 2006-cı ildə yazılmış ABŞ diplomatik teleqramlarından biri xatırladılıb. "Mehdiyev həmçinin seçki saxtakarlığında Sovet təfəkkürünü təqsirləndirib. Səfirə deyib ki, Sovet vaxtı da seçkilərə "mən cavabdeh idim, indi də mən cavabdehəm". Mehdiyev əvvəl deyib ki, seçkilərə münasibətdə heç bir dəyişiklik olmayıb, amma sonra deyib ki, 1995-2005-ci illər arasında "bir qədər" müsbət dəyişiklik olub", 2006-cı ildə Wikileaks tərəfindən sızdırılan məxfi diplomatik teleqramda bu sətirlərin yer aldığı toplantıda qeyd olunub. Tədbirdə həmçinin Azərbaycanda klanların olduğu iddia edilib. "Ölkədə Naxçıvan, "Yeraz" və yeni Paşayevlər klanı var. Paşayevlər klanı nəzarəti Ramiz Mehdiyevin Naxçıvan klanının əlindən alır". Korrupsiya haqqında danışan müharizəçi deyib ki, korrupsiya hökümət üçün "problem deyil, idarəetmə qanunu və mexanizmidir".
Heydər Əliyevin heykəlləri
Müharizəçi qonaqlardan biri Azərbaycandakı daxili siyasəti müzakirə edərkən bunu "nəyin bahasına olur-olsun sabitlik" adlandırıb. Digər qonaq isə deyib ki, bütün siyasət "rejimin sağ qalması"na istiqamətləndirilib. Digəri isə Azərbaycanın siyasəti rəsmən "Qərbə inteqrasiya" adlandırılsa da, əslində bu siyasətin "Qərblə əməkdaşlıq" formasını aldığını bildirib. Müzakirəyə həmçinin dünyadakı Heydər Əliyev heykəlləri də daxil edilib. Neft və qaz gəlirlərinin siyasi məqsədini şərh edərək bir qonaq deyib ki, bu heykəllər siyasi məqsədləri həyata keçirmək üçün, "neft pullarının hesabına" tikilib. Çıxışlardan sonrakı müzakirələrdə bir çox iştirakçı neft siyasəti barədə sual verib. Qonaqlardan biri isə deyib ki, TANAP kimi ticari layihələr "kifayət qədər siyasi deyil". Həmin şəxs bu cür layihələri Bakı-Tbilisi-Ceyhan sazişi ilə müqayisə edərək deyib ki, ölkə başçısı İlham Əliyev "prezidentlərin gəlib-getməsini, onların özünə əl verib görüşməsini xoşlayır".
Siyasi məhbus "valyutası"
Qarabağ münaqişəsinin Azərbaycanın siyasətinə təsirini şərh edən qonaq deyib ki, Azərbaycan və Ermənistanın münaqişəni sülh yolu ilə həll etmək üçün çalışması yalnız beynəlxalq təzyiqə görədir. Məsələyə toxunan digər qonaq isə deyib ki, daha bir hərbi münaqişə "qaçılmazdır" və Minsk Qrupu Qarabağ kimi münaqişələr üçün nəzərdə tutulmayıb. "Hazırkı vasitəçilik prosesi demək olar ki, zarafatdır" deyən həmin şəxs bu münaqişəni Kəşmir və İsrail-Fələstin münaqişələri ilə müqayisə edib və əlavə edib ki, o, eynilə "onilliklərlə davam edəcək". Siyasi məhbuslara gəldikdə isə müzakirə zamanı deyilib ki, bu məhbuslar "bankda pul kimidir" təzyiqlər olanda və lazım gələndə, onları buraxmaq olar. Xarici siyasət haqqındakı danışıqlarda həmçinin keçmiş prezident Əbülfəz Elçibəy də xatırlanıb. "Hakimiyyəti bir il davam etsə də, Elçibəyin gələcəyi üçün bu bir il mühüm idi - Rusiya ilə, qoşunların çıxarılması ilə əlaqədar, və sair. O, bunların əsasını qoyub, Əliyevlər isə onu davam etdirib". “Siyasət şöbəsi”
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?