“Hal-hazırki durum onu göstərir ki, İctimai Televiziyada nəinki inkişaf, əksinə geriləmələr var. Və mən hesab edirəm ki, buna səbəb İTV rəhbərliyinə gələn adamın İTV fəlsəfəsindən tamamilə uzaq olmasıdır. İkincisi də odur ki, bu adam çox asılı olduğu üçün istənilən halda sərbəst ictimai maraqlara xidmət edən televiziyanın fəaliyyətini qura bilmir. Fikrimcə, İTV-nin indiki baş direktoru Cəmil Quliyev mədəniyyət kanalında qalıb öz işini davam etdirməliydi”. Bu sözləri Aktual.az-a Reportyorların Azadlıq və Təhlükəsizlik İnsitutunun (RATİ) direktoru, İctimai TV-nin baş direktorluğuna keçmiş namizəd Emin Hüseynov deyib. Emin Hüseynov İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə keçirilən seçkilərin nəticələrinin ləğvi ilə bağlı məhkəməyə müraciətinə də toxunub: “İş Ali Məhkəmədədir. Vəkilimiz vasitəsilə kasassiya şikayəti verilib, lakin məhkəmənin tarixi hələ də məlum deyil. Qaldı məhkəmənin də mahiyyti ondan ibarətdir ki, seçim ədalətsiz olub. Bu şəxs də həmin vəzifəyə seçilməyib. Müsabiqə zamanı isə mənə qarşı ayrıseçkilik edilib. Bu faktlarla təsdiq olunub və məhkəmə işində də bu, ətraflı izah olunub. Təəssüflər olsun ki, bundan öncəki məhkəmə qərarlarında biz ədaləti görmədik və inanmıram ki, Ali Məhkəmədə də bizi böyük uğur gözləyir, amma işi Avropa məhkəməsinə çatdıracağıq. Ən azından Cəmil Quliyev müsabiqədə ona verilmiş suallara passiv və dolğun olmayan cavablar verib. Elə bil o İTV-nin yox, yeni mədəniyyət televiziyasının qurulmasında iştirak edəcək”. RATİ-nin direktoru İTV-nin baş direktoru Cəmil Quliyevin Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanovun təsiri altında olması barədə yayılan xəbərlərə də münasibət bildirib: “İTV-nin hal-hazırki mətbəxində nə baş verdiyini dəqiqliklə bilməsəm də, onu bilirəm ki, AzTV-dən mühasibatlıqdan, idarəetmədən bəzi adamları gətirib ora qoyublar. Onu da qeyd edim ki, Cəmil Quliyev heç vaxt müstəqil şəxs olmayıb. O həmişə kimlərinsə protektaratı altında çalışmış bir insan olub və faktiki olaraq Mədəniyyət kanalında da o rəhbər olduğu zaman, əsas işləri həll edən Arif Alışanov olub. Qeyd edim ki, dövlət telekanallarının sayı üç olsa da faktiki olaraq bunların hamısına rəhbərlik edən Arif Alışanovdur”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?