Hakimiyyətin namizədinin Mehriban Əliyeva, yoxsa Kəmaləddin Heydərov olacağı haqda müzakirələrin yaxın zamanlarda əsas mövzulardan biri olacağı gözlənilir
Prezident seçkilərinə az vaxt qalmasına baxmayaraq hakimiyyət hələ də öz namizədilə müəyyənləşə bilmir. Belə ki, seçkilərə 9 ay qalır və opponent düşərgədə başlanmış canlanmaya rəğmən hakimiyyət öz namizədinin adını hələ də açıqlamır. Qarşıdan gələn prezident seçkilərində iqtidarın namizədi kim olacaq? Bu suala hələ nə ölkə prezidenti, nə də onun administrasiyasının rəhbərliyi səviyyəsində cavab verilməyib. YAP rəsmilərinin 2013-cü il prezident seçkilərində iqtidar partiyasının namizədinin İlham Əliyev olacağı haqda bəyanatlarınınsa nə ölkə daxilində, nə də beynəlxalq aləmdə heç kəsin ciddi qəbul etmədiyini nəzərə alsaq, sualın hələ də açıq qaldığını söyləmək olar. Bir çox müşahidəçilərin fikrincə İlham Əliyevin 3-cü müddətə namizədliyini irəli sürəcəyi real görünmür. Bunun başlıca səbəbi kimi beynəlxalq aləmdə "3-cü müddət" məsələsinə neqativ münasibət olması göstərilir. Bu səbəb müxtəlif rakurslardan xeyli inandırıcı görünür. Əvvəla, Azərbaycanda keçirilmiş azı son 2 prezident seçkilərinin nəticələrinin daha çox beynəlxalq iradəni əks etdirdiyi görünür. İkincisi, 2 dəfədən artıq prezidentlik praktikasının "alqışlanmaması" hətta dünyada müsbət imicə malik olan Mixail Saakaşvilinin nümunəsində belə özünü açıq-aşkar göstərdi. Üçüncüsü, “ərəb baharı” baş verən ölkələrin timsalında beynəlxalq birliyin kriminallaşmış avtoritarizmin səbəbi kimi məhz "əbədiləşmiş" prezident hakimiyyətini görməsi nəzərə çarpır. Beləliklə, bu və digər səbəblərdən İlham Əliyevin 3-cü müddətə iqtidarın namizədi olacağı mübahisəli görünür. Sürətlə artan beynəlxalq basqılar fonunda hakimiyyətdaxili qruplaşmalar arasında mübarizəsinin kəskinləşməsi də buna işarədir. Bu mübarizənin iqtidar komandası üçün nə dərəcədə təhlükəli olduğunu nəzərə alsaq, bu zaman onun niyə durmadan kəskinləşməsi səbəbi də aydın olur. Mübarizə hakimiyyətin prezidentliyə namizədi olmaq uğrunda gedir, belə bir mübarizədə isə geriyə yol olmur. Ya olum, ya ölüm prinsipi işə düşür. Daha doğrusu, artıq işə düşüb. Mötəbər mənbələrdən "Şərq-Qərb" Araşdırmalar Mərkəzinə daxil olan məlumatların təhlili göstərir ki, hal-hazırda iqtidar daxilində öz təmsilçisini namizəd görmək istəyən 2 əsas qruplaşma mövcuddur. Bunlar ənənəvi olaraq "Paşayevlər" və "Naxçıvan" adlanan qruplaşmalardır. Hər iki qruplaşmanın kifayət qədər böyük həcmdə maliyyə və inzibati resurslara malik olduğunu nəzərə alsaq, təhlillərimiz onların şanslarının təxminən bərabər olduğunu deməyə əsas verir. Amma seçkilərin prezident seçkiləri olduğunu nəzərə alsaq, namizədin şəxsi keyfiyyətlərinin, cəmiyyətdəki imicinin və nəhayət beynəlxalq əlaqələrinin bu mübarizədə sonuncu rol oynamayacığını deməyə əsas verir. "Paşayevlər" qruplaşmasının potensial namizədinin ölkənin birinci xanımı Mehriban Əliyeva ola biləcəyi şübhə doğurmasa da, digər qruplaşmanın mümkün namizədinin adının hələ də ictimaiyyətə bəlli olmaması diqqət çəkir. Məhz bu detalın araşdırılması "Naxçıvan" qruplaşmasında iki mümkün şəxsdən birinin qruplaşmanın potensial namizədi ola biləcəyini deməyə əsas verir: Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin və Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun. Birincinin yaşının çox olmasını, səhhətində müəyyən problemlərin mövcudluğunu və son zamanlar məlum Elşad Abdullayev videoqalmaqalının mərkəzi fiquruna çevrildiyini nəzərə alsaq, bu qruplaşmanın mümkün namizədinin məhz Kəmaləddin Heydərov olacağını ehtimal etmək olar. Fövqəladə Hallar naziri bir çox digər parametrlər üzrə də bu rola Mehdiyevdən daha iddialı görünür. Belə ki, Ramiz Mehdiyevdən fərqli olaraq Kəmaləddin Heydərov cəmiyyətdə nisbətən daha pozitiv imicə malik, yüksək təşkilatçılıq potensialı olan şəxs kimi tanınır. Beləliklə, təhlillərimiz göstərir ki, iqtidar daxilində hakimiyyətin namizədinin Mehriban Əliyeva, yoxsa Kəmaləddin Heydərov olacağı haqda müzakirələrin yaxın zamanlarda əsas mövzulardan biri olacağı gözlənilir. Bu istiqamətdə apardığımız təhlillər hər iki şəxsin şanslarını nisbətən real dəyərləndirməyə imkan verir. Belə ki, cəmiyyətin daim diqqət mərkəzində olan birinci xanımdan fərqli olaraq "kölgədə" qalmağa üstünlük verən Fövqəlnazir əslində heç də ictimai diqqətdən kənarda qalmır. Kəmaləddin Heydərovun bir neçə müstəqil KİV-I çıxmaqla Mediaya geniş təsir imkanları onun adının siyasi gündəmdə yersiz hallanmasının qarşısını alır. Amma eyni zamanda Fövqəlnazirin ətrafındakı insanlara diqqətli olması, dostluğa sədaqəti, yaradıcı ziyalılara dəstəyi haqda cəmiyyətdə dövriyyəyə buraxılan fikirlər şübhəsiz ki, onun imicinə işləyir. Müsbət mənada, əlbəttə. Digər tərəfdən əlində cəmləşmiş resurslar, biznesə təsir imkanları və həm Dövlət Gömrük Komitəsinin sədri, həm də FH naziri vəzifəsində çalışarkən hakimiyyətin təbiətinə və mahiyyətinə uyğun işlək sistem qurması da iqtidar komandası daxilində onun işgüzar keyfiyyətləri kimi dəyərləndirilir. Fövqəlnazirin İsrailin, Rusiyanın və Türkiyənin bir sıra dairələrilə yaxın münasibətləri isə ona müəyyən beynəlxalq siyasi dividentlər gətirə bilər. Bu baxımdan kompromiss fiqur kimi qəbul edilə biləcək Heydərov az qala birmənalı rusiyayönümlü kimi təqdim olunan "Paşayevlər"in potensial namizədilə müqayisədə xeyli üstün görünür. Cənubi Qafqaz bölgəsi üzrə Qərblə Rusiya arasında əməkdaşlığın olması amili də ona bu mübarizədə əlavə siyasi dividendlər gətirə bilər. Bundan başqa o, mövcud imkanları fonunda daha təvazökar davranışa malik olan şəxs kimi təqdim edilir ki, şübhəsiz iqtidar komandası da buna cəmiyyətin münasibətini nəzərə almaya bilməyəcək. Amma bütün bunlar ölkənin birinci xanımının hakimiyyətin namizədi olmaq şansının az olmasını deməyə əsas vermir. Son illər "Paşayevlər" qruplaşmasının təsir imkanlarının durmadan artmasını, Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərin dünyada təbliğinə yönəltdiyi investisiyaları və səyləri, fondun humanitar aksiyaları və dünyanın bir sıra ölkələrində reallaşdırdığı mədəni tədbirləri birmənalı olaraq bu qurumun prezidenti olan Mehriban Əliyevanın aktivinə yazılır. Digər tərəfdən Fövqəlnazirin mənsub olduğu qruplaşmanın sırf regional qruplaşma kimi təqdim olunması da ictimai rəydə Mehriban Əliyevanın üstünlüyü kimi dəyərləndirilə bilər. "Paşayevlərin" çap Mediasına nəzarət imkanlarının Fövqəlnazirlə müqayisədə xeyli zəif olması isə bu qruplaşmanın elektron KİV-lərə az qala mütləq nəzarəti ilə dəfələrlə kompensasiya olunur. Beləliklə, təhlillərimiz göstərir ki, İlham Əliyev prezident seçkilərində iştirak etməyəcəyi təqdirdə hakimiyyətin namizədi olmaq uğrunda artıq başlanmış pərdəarxası mübarizə yüksək ehtimalla elə bu iki şəxsi təmsil edən qruplaşmalar arasında gedəcək. Onu da qeyd etmək yerinə düşər ki, hər iki qruplaşma elə bütövlükdə hakimiyyətin özü kimi cəmiyyətdə yetərincə neqativ qarşılanır. Bakının mərkəzində evləri dağıdın insanların zorla küçələrə atılması da, Sabirabadda “sel qaçqınlarına” və Zaqatalada zəlzələdən ziyan çəkənlərə ayrılmış büdcə vəsaitlərinin necə “xərclənməsi” də bu cür münasibətin son və tək səbəbləri deyil. Odur ki, praqmatik yanaşma olacağı halda hakimiyyət cəmiyyətdə daha az neqativ qarşılanan namizədin üzərində dayanmalı olacaq. Şübhəsiz ki, seçkiyə getməyəcəyi halda, namizəd haqda yekun və həlledici qərarı da elə prezident özü verəcək . Amma bu qərarın verilməsi üçün zaman və məkan durmadan daralır. Bir tərəfdən daxili çəkişmələrin hakimiyyəti zəiflətməsi, digər tərəfdən isə fəallaşan cəmiyyətin artan təpkisi bunu diqtə edir. Ən başlıcası isə, hakimiyyətin qüsurlu daxili siyasətinə həm ölkə içində etirazlar, həm də beynəlxalq təzyiqlər sürətlə artır. Bütün bunların nəticəsi olaraq ölkə artıq keyfiyyətcə yeni ictimai-siyasi reallığa daxil olur. Gənclərin 12 yanvar aksiyası və bu aksiyanın qısa zamanda "Facebook" sosial şəbəkəsi vasitəsilə təşkili gündəmə yeni ictimai-siyasi potensialın və yeni reallığın gəlməsindən xəbər verir. "Ərəb baharı" da elə bundan başlamışdı... "Şərq-Qərb" Araşdırmalar Mərkəzi
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?