Çərşənbə axşamı Xətai rayon məhkəməsində Bəxtiyar Məmmədovun sədrliyi ilə hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu, 17 yaşlı Əli Gülalıyevin işi üzrə istintaq başlayıb.
gundemxeber.az bildirir ki, o, xuliqanlıqda ittiham edilir. 20 sentyabr 2013-cü ildə təhsil aldığı 165 nömrəli məktəbdə davada iştirak etdiyi iddia edilir. İş üzrə zərərçəkmiş kimi elə həmin məktəbin şagirdi Bayram Sultanlı keçir.
İclasın əvvəlində O.Gülalıyev yetkinlik yaşına çatamış oğlunun nümayəndəsi kimi iki vəsatət qaldırıb. Birinci vəsatət oğlu cinayət əməli törətmədiyinə görə cinayət işinə xitam verilməsi barədə olub.
İkinci vəsatət hadisənin baş verdiyi məktəbin müşahidə kameralarından videogörüntülərin izlənilməsi ilə bağlı olub. Görüntülərdə Ə.Gülalıyevin dava edən şagirdlər arasında olmadığı görünür. Hakim birinci vəsatəti təmin etməyib, ikinci vəsatətə isə məhkəmənin növbəti mərhələsində baxıla biləcəyini deyib.
Öz növbəsində, Əli Gülalıyev ona qarşı irəli srülmüş ittihamı təkzib edib, Bayram Sultanlı ilə ümumiyyətlə tanış olmadığını, onu yalnız Bakı şəhər polis idarəsində gördüyünü bildirib.
O, həmçinin qeyd edib ki, bıçaqla yaralandıqdan sonra (ötən ilin payızında) polis ondan məhz Sultanlıya qarşı ifadə tələb edib.
İndi, 11 ay sonra isə onun özünü iştirak etmədiyi hadisə ilə bağlı cinayət məsuliyyətinə cəlb ediblər. Əli Gülalıyev deyib ki, “iş siyasi motivlidir və atasının fəaliyyəti ilə bağlıdır”.
İclas zamanı aydın olub ki, 1996-cı il təvəllüdlü Bayram Sultanlı döyüş idman növləri ilə məşğul olur. Bu da Əli Gülalıyevin özündən böyük, fiziki cəhətdən daha güclü, üstəlik idmançı birini döyə bilməsi versiyasını şübhə altına qoyur.
B.Sultanlı da etiraf edib ki, şikayəti məktəb direktorunun otağında direktorun israrı ilə yazıb.
O, Əli Gülalıyev tərəfindən ona qarşı “təzyiqin” səbəbini izah edə bilməyib. Yalnız deyib ki: “O, salam verdi, “özünü yaxşı apar” dedi və döyməyə başladı”.
Hakim növbəti iclası oktyabrın 3-nə təyin edib.
Məhkəmədə Ə.Gülalıyevə ictimai dəstək qrupunun üzvləri, o cümlədən Klassik Xalq Cəbhəsi Partiyasının lideri Mirmahmud Mirəlioğlu, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli, Milli Şuranın digər üzvləri, vətəndaş cəmiyyəti və media nümayəndələri iştirak ediblər. gundemxeber.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?