Azərbaycanlı oliqarxa dalbadal ağır zərbələr; İş adamı Hafiz Məmmədov London məhkəməsinə verildi; aldığı ingilis futbol klubunu aldadaraq vəd etdiyi pulu ödəməyən biznesmen külli-miqdarda cərimələnə bilər; Fransa klubu isə onu Beynəlxalq Maliyyə Tribunalına verməkdə qərarlıdır Azərbaycanlı oliqarx, “Bağlan Group” şirkətinin “Hafka” ləqəbi ilə tanınan prezidenti Hafiz Məmmədovla Britaniyada aldığı “Sheffield Wednesday” klubu arasında ciddi problemlər yaşandığı sənədlərlə öz təsdiqini tapıb. H.Məmmədov bu klubun prezidenti, serb əsilli iş adamı Milan Mandariçə “Sheffield Wednesday”ı 35 milyon funt-sterlinqə ona satmağı təklif edib.
Onlar arasında gedən danışıqlardan sonra razılaşma əldə olunub. Alqı-satqı və sponsorluq müqaviləsi bağlansa da, sonradan H.Məmmədov bu məbləği ödəməkdən imtina edib. Qarşı tərəf isə onu London məhkəməsinə verib. Futbolpress.az saytı həmin məhkəmə sənədlərinin üstünü açıb və “Hafka” haqqında yayılan iddiaların doğru olduğunu aşkara çıxarıb.
“Hafka” məlum müqaviləni pozduğuna görə 2014-cü il sentyabrın 1-də “Sheffield Wednesday”ın vəkili Çarlz Makkenzi Tomsun tərəfindən London Ali Məhkəməsinin nəzdində Hakimlər məclisi bölməsinin Ticarət Məhkəməsinə verilib.
Vəkilin məhkəməyə təqdim etdiyi iddiadan aydın olur ki, məhkəmədə iddiaçı “Sheffield Wednesday Football Club LTD”, cavabdeh isə H.Məmmədovun Bakı şəhəri M.F.Axundov 179 ünvanında yerləşən “KSM Azerbaijan” MMC-dir. Çünki klubun H.Məmmədova satılması ilə bağlı alqı-satqı və sponsorluq müqavilələri bu iki qurum arasında bağlanıb. Bu müqavilələrin şərtlərinə görə, H.Məmmədov kluba alqı-satqı üçün 35 milyon, sponsorluq müqaviləsinə əsasən isə işləmə kapitalı kimi 1 milyon funt-sterlinq ödəmək öhdəliyi götürüb. “Hafka” bu məbləğləri iki dəfəyə, ilk hissəni 2014-cü ilin 6 iyunundan əvvəl, ikinci hissəni isə 6 avqustundan əvvəl ödəyəcəyini bildirib.
Ancaq xeyli müddət keçməsinə baxmayaraq, bu öhdəliyi yerinə yetirməyib. Qarşı tərəf Bakıya, H.Məmmədovun şirkətinə bu öhdəliyin yerinə yetirilməsi ilə bağlı tələbnamə göndərsə də, onlara heç bir cavab verilməyib.
Vəkil yazır ki, onların H.Məmmədovun “KSM Azerbaijan” MMC şirkətinin axtarışları zamanı məlum olub ki, bu şirkət Bakıda daha bir neçə ünvanda qeydiyyatdan keçib və tələbnamə bütün ünvanlara göndərilib. Ancaq nəticəsi olmayıb. Bundan sonra “Sheffield Wednesday Football Club LTD” müqaviləni pozub və H.Məmmədovu məhkəməyə verib. Şirkət London məhkəməsinə müraciətini bununla izah edir ki, “Sheffield Wednesday” futbol komandası bu şirkətin tərkibində olmaqla İngiltərə və Uelsdə fəaliyyət göstərir. Həm də hadisə İngiltərə və Uels ərazisində baş verdiyindən məsələ İngiltərə qanunlarının predmeti sayıla bilər.
Buna görə də şirkət hesab edir ki, iddianın təmin olunması üçün İngiltərə məhkəmələri ən düzgün seçimdir.
Vəkil bildirib ki, “SWFC Ltd” daim müqavilənin şərtlərinə uyğun davranıb və KSM öz öhdəliklərini yerinə yetirmədiyinə görə ziyana uğrayıb. Buna görə də, şirkət ona dəyən zərərin ödənilməsini tələb edir.
Göründüyü kimi, H.Məmmədovun vəziyyəti yaxşı deyil və onun götürdüyü öhdəliyə əməl etməməsinə görə Britaniyada məhkəməyə verilməsi əməlli-başlı beynəlxalq qalmaqala çevrilib. Bu, təkcə onun özünün yox, həm də Azərbaycanın imicinə zərbə vuracaq bir hadisədir. Məhkəmənin nə qərar verəcəyinə gəlincə, qarşı tərəfin vəkilinin hazırladığı faktlarla dolu olan iddia ərizəsindən görünür ki, “Hafka” iri məbləğdə cərimələnməkdən yayına bilməyəcək.
Onu da qeyd edək ki, bu “Hafka” ilə əcnəbi futbol klubu arasında yaşanan ilk qalmaqal deyil. H.Məmmədov sponsoru olduğu Fransanın “Lans” komandası ilə də ciddi problemlər yaşayır. Buna səbəb azərbaycanlı oliqarxın “Lans” klubuna vəd etdiyi 18 milyon avronu verməməsidir. H.Məmmədovun vədini yerinə yetirməməsi nəticəsində “Lans” Fransa çempionatında əsas liqaya buraxılmayıb. Fransanın Peşəkar Klublara Nəzarət Komissiyası ağır maliyyə durumunda olan “Lans”ın büdcəsinin müəyyənləşdirilmiş qaydalara uyğun gəlmədiyini əsas gətirərək onu birinci liqaya buraxmayıb. Klub rəhbərliyi isə bu problemi H.Məmmədovun onlara vəd etdiyi 18 milyon avro hesabına həll edəcəyini düşünürmüş. Bu durumdan pəjmürdə olan klubun prezidenti Jerve Martel “Hafka”nı Beynəlxalq Maliyyə Tribunalına verəcəyi ilə hədələyib.
Virtualaz.org saytı isə bir neçə gün əvvəl yazmışdı ki, Fransanın Lans şəhərinin küçələrində H. Məmmədovun şəkli olan yüzlərlə plakat yapışdırılıb. Plakatlarda “Hafiz məni öldürdü” sözləri yazılıbmış.
Plakatların kimlər tərəfindən hazırlandığı və yayıldığı məlum olmasa da, belə görünüb ki, aksiya təşkilatçıları “Hafiz məni öldürdü” sözləri ilə azərbaycanlı oliqarxın “Lans” klubuna vəd etdiyi 18 milyon avro pulu vermədiyinə işarə ediblər.
H.Məmmədovun problemi yalnız əcnəbi futbol klubları ilə deyil. Onun prezidenti olduğu “Bakı” klubunda da ciddi problemlər yaşanır. Neçə aydır ki, işçilər və futbolçular maaş ala bilmirdilər. Klubda vəziyyət üsyan həddinə çatmışdı. H.Məmmədovun “Bakı”nı satışa çıxarması xəbərləri var idi. Son günlər klubdakı narazılıqlar bir qədər səngisə də, mövcud problemlərin köklü şəkildə həll olunmadığı bildirilir.
Bir qədər əvvəl isə “Bank of Azeribaijan” H.Məmmədovun əlindən alınıb və Bankın Müşahidə Şurasının sədrliyindən uzaqlaşdırılıb. “Hafka”nın prezidenti olduğu “Bağlan Group” şirkətinin vəziyyətinin ağır olduğu və bu şirkətin özünü müflis elan etməyə hazırlaşdığına dair xəbərlər də “Hafka” ilə bağlı yayılan əsas məlumatlar sırasındadır.
Baş verənlər onu göstərir ki, H.Məmmədov son vaxtlar dalbadal sarsıdıcı zərbələr alır və onu qüruba aparan yolda sükanı geri döndərmək imkanları getdikcə tükənir.
Qeyd edək ki, “Hafka” uzun illər nəqliyyat naziri Ziya Məmmədovun ortağı olub. Son vaxtlarda isə onların arasında ciddi problemlərin yarandığı və bizneslərini ayırdıqları bildirilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?