Dövlət başçısı gənc komandasını «köhnə qvardiya»nın qarşısında qoruya bilmədi
Zaman-zaman Azərbaycan hakimiyyəti daxilində ölkənin inkişafı, sosial-ictimai münasibətlərdə, idarətmədə hansı prinsiplərin əsas yerə qoyulması ilə bağlı fərli baxışların olduğuna dair məlumatlar səslənib. Bu məlumatlardan aydın olub ki, müxtəlif zamanlarda hakimiyyətin ayrı-ayrı qanadlarında təmsil olunan şəxslər (onların içərisində əsasən gənc nəslin nümayəndələri üstünlük təşkil edib) idarəetmənin liberallaşdırılmasının, ölkədə tədricən də olsa iqtisadi və siyasi azadlıqların təmin olunmasının tərafdarı kimi çıxış ediblər. Ancaq hakimiyyətdə üstünlük təşkil edən mühafizəkarlar bunun qəti əleyhinə çıxıblar. Belə fikirdə olanlar isə müxtəlif vasitələrlə ya hakimiyyətdən uzaqlaşdırılıb, ya da öz mövqelərini dəyişməyə məcbur ediliblər. Daha dəqiqi, hakimiyyətdə söz sahibi olan qüvvələr uzun illərdir «ya bizimləsən, ya da bizə düşmənsən» mövqeyindən çıxış edərək, bu cür insanları susmağa məcbur ediblər.
Ziyalıların qiyamı
Yazıçı-kinodramaturq Rüstəm İbrahimbəyovun son yazılarından birindəki qeydləri bu baxımdan diqqətçəkəndir. O yazır: «Bu gün Azərbaycanda başqa dəyərlər şkalası mövcuddur. Bu gün bizdə ən hörmətli insanlar onlara verilmiş qanun qulluqçusu funksiyasını yerinə yetirməkdən bezmiş yüksək vəzifəli məmurlardır. Onlar daha çox məşhurluq, sərhədsiz hakimiyyət və şəxsi zənginlik istədilər və çevriliş etdilər. İndi onlar qanunlara qulluq etmir, özləri istəklərinə görə qanun yaradır və həyata keçirirlər: onlar həyasızcasına yüksək dərəcə və rütbələri mənimsəyərək, bütün fəaliyyət sahələrində, o cümlədən elm və mədəniyyətdə əsas fiqurlara çevriliblər. Dünya KİV-lərinin onların törətdiyi hədsiz sui-istifadə faktları haqqında məlumatları məmurları qətiyyən çəkindirmir. Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Komissiyasının sədri isə ona qarşı müntəzəm olaraq irəli sürülən dəhşətli ittihamları heç olmasa hansısa sübutlarla təkzib etmək zəhmətinə belə qatlanmır. Vaxtilə İlham Əliyevin «islahatçı» komandasının ən parlaq fiqurlarından biri kimi diqqəti cəlb edən Gültəkin Hacıbəyli də yazılarından birində eyd edib. Sitat: «Təsəvvür edin ki, dünya bir qatardır. Bu qatar bir istiqamətdə hərəkət edir. Bu qatarın yüzüncü vaqonu isə onu əks istiqamətə yönləndirmək istəyir. Bunu heç təsəvvür etmək də mümkün deyil. Bu, bir qlobal prosesdir. Bu prosesi, hətta ABŞ da durdura bilməz. Çünki insan yaradılışdan kamilliyə, daha yaxşı rifaha, daha ədalətli cəmiyyətə can atır... Addımlara gəlincə, islahatlar qaçılmazdır. Ruzveltin sözüdür: “Siyasətçi vəziyyəti xilas etmək istəyirsə, islahatlara getməlidir”. Ancaq söhbət Əlinin papağını Vəlinin başına və əksinə tipli kadr islahatlarından yox, dövlət idarəetməsinin mahiyyətini dəyişdirəcək, onu məmursevərlikdən və ya pulsevərlikdən insansevərlik məzmununa qovuşduracaq köklü, dərin, əhatəli sistem islahatlarından gedir... ...Bizim məmurlarımız dünyada gedən prosesləri anlamır, dünyanın hansı istiqamətdə inkişaf etdiyini dərk edə və düzgün nəticə çıxara bilmirlər. Dünya işığa, demokratiyaya doğru gedir və hansısa bir, hətta yüksək çinli məmur istəsə də, bu prosesin qarşısını ala bilməz». Göründüyü kimi, ziyalılar ölkədə mövcud vəziyyətin yaranmasında, siyasi-iqtisadi islahatların tormozlanmasında, cəmiyyətdə qarşıdurmanın, gərginliyin artmasında ölkənin rəhbərliyində olan köhnə təfəkkürlü insanları ittiham edirlər. Əvvələr hörmətli ziyalılarımız ad çəkməsələr də, indi açıq şəkildə bəyan edirlər ki, islahatların qarşısını alanlar, cəmiyyəti qarşıdurmaya sürükləyənlər Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılıq etdiyi «köhnə qvardiya»dır.
«Köhnə qvardiya» niyə islahatlara qarşıdır?
Əslində bu təəccüblü də deyil. Mərhum prezident Heydər Əliyevin vəfatından sonra ölkədə baş verən hadisələrin təhlili də göstərir ki, Mehdiyevin rəhbərlik etdiyi «köhnə qvardiya» təmsilçiləri heç bir halda cəmiyyətdə dəyişikliyin baş verməsində maraqlı deyillər. Elə son vaxtlar milli barışıq və islahatlar ideyası ilə çıxış edən ziyalıların hakimiyyətdəki «ştatlı məddahlar» tərəfindən, Prezident Administrasiyasından yönləndirilən mətbu orqanlarda, təhsil müəssisələrində hücuma məruz qalması da bunun əyani sübutudur. Bunun səbəbi də sadədir: «köhnə qvardiya» təmsilçiləri milli barışıq ideyasını ona görə yaxına buraxmırlar ki, cəmiyyətdə gərginliyin artması, hakimiyyətlə demokratik ictimaiyyət arasında uçurumun dərinləşməsi ölkə rəhbərliyində bu insanların xidmətinə ehtiyac yaradır. İslahatlar isə bu insanların təbiətinə yaddır. İslahat aparılarsa mövqelərini itirəcəklərini bilirlər.
Heydər Əliyev oğlu üçün gənclərdən ibarət komanda formalaşdırırdı
Qeyd edək ki, ölkənin idarəçiliyində nəsil dəyişikliyi problemi bu gün qaldırılan məsələ deyil. Hələ İlham Əliyev 2003-cü ildə hakimiyyət başına keçən zaman qısa müddətdə onun ciddi kadr dəyişiklikləri aparacağı, yeni komanda yaradacağı gözlənilirdi. Əslində bu prosesi mərhum prezident Həydər Əliyevin başlatdığını desək, yəqin səhv etmərik. 1998-ci ildə Heydər Əliyev ikinci müddətə prezident seçildikdən sonra həyata keçirdiyi kadr dəyişikliklərində, yüksək vəzifələrə təyinatda, hətta 2000-ci il parlamentin seçkiləri zamanı belə İlham Əliyevin gələcəkdə işləyəcəyi komandanı formalaşdırmaq meylləri müşahidə olunurdu. Bu zaman xüsusi diqqəti cəlb edən məqam odur ki, mərhum prezident həm ayrı-ayrı sahələrin idarə edilməsinə, parlamentə yalnız İlham Əiyevlə müəyyən dostluq münasibətləri olan şəxsləri deyil, həm də müasir dünyagörüşə malik, Qərb idarəetmə metodlarını mənimsəmiş, ən əsası, yeni təfəkkürə malik şəxsləri cəlb edirdi. Təsadüfi deyil ki, məhz həmin vaxtlar yüksək vəzifələrə təyinat alanlar arasında İlham Əliyevlə yaxın qohum və dost olduqları bildirilən Fikrət Məmmədov, Cahangir Əsgərov, Əbülfəz Qarayevlə yanaşı, sonralar Qərbdə də islahatçı nazirlər kimi tanınan Fərhad Əliyev, Heydər Babayev, Samir Şərifov, Hüseynqulu Bağırov kimi yeni təfəkkürlü peşəkarlar da vardı. Parlamentə isə Səməd Seyidov, Gültəkin Hacıbəyli, Əli Hüseynov, Bəxtiyar Əliyev, Azər Qasımov, mərhum Anar Məmmədxanlı kimi müasir təfəkkürlü gənclərin düşməsi təmin olundu. Onların əksəriyyəti İlham Əliyevlə birlikdə AŞ PA-da Azərbaycanı təmsil edən deputat qrupunun üzvləri olub.
Səməd Seyidov Ramiz Mehdiyevin yerinə əsas namizəd sayılırdı
Təsadüfi deyil ki, həmin dövrlər hökumət dəhlizlərində Səməd Seyidovun Prezident Administrasiyasının rəhbəri, Gültəkin Hacıbəylinin təhsil naziri, Əli Hüseynovun baş prokuror təyin olunacağına dair məlumatlar dolaşırdı Burda mövzudan bir qədər kənarlaşsaq da qeyd edək ki, ola bilsin, Səməd Seyidovla Prezident Administrasiyasının rəhbəri Ramiz Mezdiyev arasında hətta Vaşinqtona qədər gedib çıxan soyuqluğun yaranmasına səbəb bu olub. Belə ki, “WikiLeaks” saytının yaydığı səfir Enn Dersinin 2007-ci il martın 15-də Vaşinqtona yazdığı məxfi teleqramda Səməd Seyidov Azərbaycan parlamentinin ən fəal üzvlərindən biri kimi qeyd olunur: «Onun ölkə başçısı İlham Əliyevə yaxın olduğu söylənilir. Hətta bəzi xəbərlərdə Seyidovun Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə münaqişə vəziyyətində olduğunu və zaman-zaman aralarında maraqlar toqquşması yaşandığını deyib. Təhsil sistemində köklü islahatların aparılmasıyla bağlı uzun müddət davam edən müzakirələr zamanı isə Seyidov hakim partiyanın yüksək vəzifəliləri, o cümlədən “köhnə qvardiya”nın üzvü, ölkə başçısı İlham Əliyevin əmisi Cəlal Əliyevə qarşı mövqedə dayanıb. Səfirlik hesab edir ki, Səməd Seyidov hakim partiyanın aparıcı fiqurlarından biridir və daha çox islahatçı imici ilə tanınır».
Prezidentə yaxınlığına görə nazir gətirilən Heydər Babayev niyə vuruldu?
Başqa bir fakt vaxtilə İlham Əliyevin islahatçı komandasının üzvü sayılan Heydər Babayev barədədir. ABŞ-ın ölkəmizdə səfiri olmuş Enn Dersinin 1 yanvar 2008-ci il tarixli məxfi məktubunda Babayevin nazir postuna gətirilməsi onun ölkə başçısı İlham Əliyevə yaxınlığı ilə bağlanır. Sitat: «İqtisadi İnkişaf Nazirliyi Azərbaycan hökumətinin ölkənin iqtisadi inkişaf strategiyasının müəyyənləşdirilməsi və gücləndirilməsi işində ən aparıcı dövlət qurumudur. Babayevin 2005-ci ildə bu posta gətirilməsiylə onun siyasi və iqtisadi gücünün artmasına təkan verildi. Babayevin səlahiyyətlərinin artırılması və ölkə başçısı İlham Əliyevə yaxınlığı onun son iki ildə aparılan bütün iqtisadi-biznes əməliyyatlarında iştirakını təmin edib... O və Əliyev Kiyevdə təhsil alıblar. (Xarici işlər naziri Elmar Məmmədyarov, maliyyə naziri Samir Şərifov, informasiya texnologiyaları nazırı Əli Abbasovun da İlham Əliyevlə məktəb və tələbə dostları olduğu söylənilir). Babayevin Əliyevin ən yaxın dostu olduğu deyilir». ABŞ-ın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Donald Lunun 2008-ci il 3 noyabr tarixli məxfi teleqramında isə Heydər Babayevin vəzifədən çıxarılması məsələsinə toxunulur: “Oktyabrın 31-də Azərbaycanda prezident seçkilərindən sonra yeni hökumətin tərkibi açıqlandı. İlham Əliyev köhnə komandanın bütün üzvlərini hökumətdə saxladı. Lakin daha çox İslahatçı imici ilə tanınan iqtisadi inkişaf naziri Heydər Babayevi texnokrat, əvvəllər neft şirkətində və vergilər nazirliyində çalışmış Şahin Mustafayevlə əvəzlədi. Babayev son zamanlar Azərbaycan iqtisadiyyatında inkişafı təmin edəcək islahatlar və gördüyü işlərə görə beynəlxalq ictimaiyyət tərəfindən müsbət qiymətləndirilmişdi".
Gültəkin Hacıbəyli də ölkə başçısının ailəsilə yaxın olub
Göründüyü kimi, amerikalı səfirlər də həm Səməd Seyidovu, həm də Heydər Babayevi islahatçı kimi tanıdıqlarını, “köhnə qvardiya” ilə münasibətlərinin gərgin olduğunuı bildirməklə yanaşı, onların İlham Əliyevə yaxınlığını da xüsusi qeyd edirlər. Elə bu gün iqtidar mətbuatında hədəfə götürülən, hazır mətnlərə imza atan bəzi «ziyalıların» ittiham etdiyi Gültəkin Hacıbəylinin də ölkə başçısı ilə vaxtilə ailəvi yaxın olduqlarına dair məlumatlar var. Belə ki, həm İlham Əiyevin, həm də xanımı Mehriban Əliyevanın, eləcə də onların övladlarının xarici dilləri təkmilləşdirməsində Gültəkin Hacıbəylinin müəllim kimi müəyyən rolu olduğu bildirilir. Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, maliyyə naziri Samir Şərifovun Qərbdə müsbət imicə malik olması barədə mətbuatda zaman-zaman məlumat verildiyindən təkrarlamaq istəmirik. Ümumiyyətlə, vaxtilə İlham Əliyevin yeni komandasının üzvləri kimi təqdim edilən istər vəzifədə, istərsə də parlamentdə təmsil olunan şəxslərin əksəriyyəti islahatçı, müasir dünyagörüşə malik şəxslər kimi tanınıblar. Obyektivlik naminə qeyd edək ki, onların bir çoxu həqiqətən də öz işlərilə bunu sübut ediblər.
İlham Əliyevə yaxınlığı ilə tanınanlar indi hardadırlar?
Belədə sual yaranır; nə baş verdi ki, adları vaxtilə İlham Əliyevə ən yaxın şəxslər kimi çəkilən, eyni zamanda onun «islahatçı komandasının» üzvləri kimi hallanan şəxslər nəinki vəzifəyə gətirildi, hətta vəzifədə olanlar da «vurularaq» kənara (hətta Fərhad Əliyev həbsə salındı) atıldı? Bu suala, əlbəttə, konkret cavab vermək çətindir. Ancaq ehtimal etmək olar ki, İlham Əliyev hakimiyyət başına atası Heydər Əliyev sağ olarkən gəlsə idi, başlanan nəsil dəyişikliyi prosesini davam etdirəcək, «islahatçı komandasının üzvləri»ni müəyyən vəzifələrə təyin edəcəkdi. Ancaq Heydər Əliyevin dünyasını dəyişməsi, 2003-cü ildə baş verən məlum hadisələr və İlham Əliyevin hakimiyyətə gəlməsində Mehdiyevin başçılıq etdiyi «köhnə qvardiya»nın oynadığı rol bu prosesi tormozladı. 2003-cü ildən sonra həm siyasi proseslərdə, həm kadr təyinatında, həm də parlamentin formalaşmasında Mehdiyevin timsalında «köhnə qvardiya» əsas söz sahibinə çevrildi. Bunun nəticəsində islahatçı kimi tanınan bəzi nazirlər (baxmayaraq ki, onları mərhum prezident Heydər Əliyev Azərbaycanda yüksək vəzifəyə təyin etmişdi) və deputatlar vuruldu. Eyni fikirləri vaxtilə İlham Əliyevə yaxınlığı ilə tanınan bəzi islahatçı kimi tanınan şəxslərin parlamentdən kənarda qalması ilə bağlı da söyləmək olar. Hər halda, Azərbaycanda parlamentin kimin siyahısı əsasında formalaşdığını az-çox siyasi proseslərə bələd olan hər kəs bilir. Mehdiyev qruplaşmasının prezidentin qərarlarına təsir göstərməsi bəzən açıq şəkildə özünü göstərib. Məsələn, 2005-ci ildə «Qara Kəmər» əməliyyatından sonra prezidentin Ramil Usubovu vəzifəsindən götürəcəyi xəbəri yayılanda, «köhnə qvardiya» buna ciddi müqavimət göstərdi və istəyinə nail oldu.
«Köhnə qvardiya» indi nədən təlaşa düşüb?
Bununla belə, əvvəlki illərdən fərqli olaraq, «köhnə qvardiya»nın bu dəfə daha çox narahat olduğu müşahidə edilməkdədir. Çox böyük ehtimalla, bu dəfə «köhnə qvardiya»nın öz təsir gücünü itirmək təhlükəsinin daha ciddi olmasilə bağlıdır. Məsələ ondadır ki, artıq ölkədə heç də «köhnə qvardiya»dan gücsüz olmayan ikinci bir qruplaşma - «Paşayevlər» qruplaşması da formalaşıb. Uzun illər yalnız biznes sektorlarını və iqtisadi sahələri öz nəzarəti altına almaqla kifayətlənən «Paşayevlər» qruplaşması artıq siyasi ambisiyalarını ortaya qoyub. Son dövrlər isə «köhnə qvardiya»nın təmsilçiləri bir çox sahələrdən nümayişkaranə şəkildə vurulub çıxarılır, onlara məxsus biznes sektorları əllərindən alınır. Bunun prezidentin iradəsindən kənarda baş vermədiyi şübhə doğurmur. Mümkündür ki, bu prosesə Qərb də dəstək verir. Fikrimizcə, Qərb Azərbaycanda radikal hakimiyyət dəyişikliyinin siyasi-iqtisadi böhrana səbəb ola biləcəyindən ehtiyatlanır. Və hətta hakimiyyəti götürüb də ölkədə siyasi stabillik yaradacaq real qüvvə görmür. Buna görə də ola bilsin ki, İlham Əliyevə ölkədə ciddi siyasi islahatlar aparmaq, kardinal kadr dəyişiklikləri həyata keçirmək üçün vaxt və dəstək veriləcək. Təbii ki, söhbət uzun müddətdən getmir. İlham Əliev “köhnə qvardiya”nın təsirindən qurtarmaq üçün seçkiyə qədər ciddi kadr dəyişiklikəri aparmalıdır. Bununla bağlı müəyyən informasiyalar da var ki, bu artıq başqa mövzudur. Ancaq böyük ehtimala “köhnə qvardiya”nı təlaşa salan da məhz budur. Murad MƏMMƏDOV, Azpolitika.info
Sorğu
Yeni dizaynımız necədir?