Son proseslər Mehdiyevin manevr imkanlarının getdikcə azaldığını, nüfuz savaşında məğlub olduğunu söyləməyə əsas verir
gundemxeber.az Son günlər ictimai-siyasi dairələrdə, eləcədə mətbuatda ən çox müzakirə olunan mövzulardan biri, bəlkə də birincisi Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev arasındakı «söz duelidir». Bu «deyişmə» haqda geniş məlumat verildiyindən təkrarlamaq istəmirik. Sadəcə xatırladaq ki, Elşad Abdullayevin birbaşa Ramiz Mehdiyevi hədəfə götürən açıqlamalarından sonra Prezident Administrasiyasının rəhbəri danışmaq məcburiyyətində qalaraq, Fransada mühacir həyatı yaşan rektoru «cəfəngiyyat danışmaqda», kimlərinsə əlində «alətə çevrilməkdə», eləcədə şəxsən ona qarşı düşünülmüş təxribatda ittiham edib. Buna cavab olaraq isə Elşad Abdullayev birbaşa Ramiz Mehdiyevə yönəlik ittihamlarının miqyasını bir qədər də genişləndirib, onu vəzifə səlahiyyətlərinə dəxli olmayan bir sıra qanunsuzluqlarda ittiham edib. Hətta dolayısıyla qardaşının oğurlanmasının təşkilini də Prezident Administrasiyasının rəhbərilə bağlayıb. Açıqlamasının sonunda isə prezidentdən Ramiz Mehdiyevi yaşı ilə bağlı istefaya göndərməsini xahiş edib... Əlbəttə, Elşad Abdullayevin açıqlamalarında nə qədər səmimi olduğunu, konkret faktlara söykənib-söykənmədiyini araşdırmaq nə bizim imkanımız daxilindədir, nə də buna xüsusi ehtiyac görürük. Yəqin ki, Elşad Abdullayevin şikayətlərini araşdıran hüquq-mühafizə orqanları bu məsələlərə də aydınlıq gətirəcək. Onlar gətirməsə belə, zamanla hər şey açılacaq. Tarix heç kimin nə günahlarını, nə cinayətlərini, nə də xidmətlərini gizlətmir... Bizim diqqətimizi cəlb edən və bu yazını qələmə almağa sövq edən həm Ramiz Mehdiyevin, həm də Elşad Abdullayevin açıqlamalarındakı bəzi ciddi nüanslar, birinciyə yaxınlığı ilə tanınan dairələrin bu məsələyə reaksiyasıdır. İlk növbədə qeyd edək ki, mövcud şəratdə Qərbin və hakimiyyət daxilindəki anti-Mehdiyev qruplaşmasının, daha dəqiqi «Paşayevlər»in birgə hərəkət etdiyini də istisna etməmişdik. Bunun səbəbi kimi, hər ikisinin məqsədində müəyyən ortaq nöqtələrin mövcud olduğunu göstərmişdik. Belə ki, Qərb Azərbaycandakı rüşvətə və korrupsiyaya söykənən mövcud oliqarxiya sisteminin dəyişməsində, siyasi-iqtisadi islahatların aparılmasında, xarici şirkətlərin ölkəyə girişinin qarşısında maneəyə çevrilən inhisarçılığa son qoyulmasında, eləcədə, bir nəfərin «sehirli çubuğu» ilə idarə olunan seçki prosesinin dəyişməsində maraqlıdır. Bu dəyişikliklərin qarşısında başlıca maneə kimi isə məhz Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılıq etdiyi «Köhnə qvardiya» hesab olunur. Son illər iqtisadi qüdrətini xeyli artıran Yeni Klanın isə Mehdiyevin başçılıq etdiyi, şərti olaraq «Naxçıvan klanı» adlandırılan «Köhnə qvardiya»nı sıradan çıxarmağa cəhd etməsinin sadə səbəbi odur ki, «köhnələr» «yenilərin» siyasi iddiaları qarşısında maneədir. Həm hakimiyyət daxilindən, həm də diplomatik mənbələrdən sızan məlumatlar Qərbin İlham Əliyevin üçüncü müddətə prezident seçilməsinə qarşı oluğunu göstərir. Hətta ABŞ dövlət katibi Hillari Klintonun Bakıda olarkən bunu açıq şəkildə İlham Əliyevin diqqətinə çatdırdığına, onu 2013-cü ildən sonra ən yaxşı halda Baş nazir postunda görmək istədiklərini bildirdiyinə dair məlumatlar var. «Paşayevlər» də Qərblə konfrantasiyaya getməməyi, 2013-cü ildə hakimiyyətin namizədi kimi Mehriban Əliyevanın və ya Paşayevlərə yaxın başqa bir şəxsin çıxış etməsini təklif edirlər. Ancaq ölkədəki siyasi sistemə böyük ölçüdə nəzarət edən “Köhnə qvardiya” bunun qəti əleyhinədir və seçkilərdə hakimiyyətin namizədi kimi İlham Əliyevin, əgər özü bunu istəməsə Ramiz Mehdiyevin çıxış etməsini tələb edirlər. Bunu açıq şəkildə bəyan etməkdən də çəkinmirlər. Hadisələrin gedişi isə anti-Mehdiyev qruplaşmasının addım-addım hədəflərinə yaxınllaşdığını göstərir. Bu yaxınlarda prezidentin Ramiz Mehdiyevə müxtəlif sahələr üzrə müavinlər təyin etməsi də bundan xəbər verir. Düzdür, bəzi mətbu orqanlarda bu təyinatlar əksinə şərh edildi. Hətta belə nəticə çıxarıldı ki, bu təyinatlar Ramiz Mehdiyevin öz istəyi ilə olub. Ona görə ki, həmin şəxslərin əksəriyyəti naxçıvanlıdır. Ancaq həm hakimiyyət daxilindən sızan məlumatlar, həm də müşahidələr bunun əksini deyir. Birincisi, Mehdiyevə müxtəlif sahələr üzrə müavinlər təyin olunması faktiki olaraq onun bir çox səlahiyyətlərinin əlindən alınmasıdır. Burda xüsusi qeyd etmək lazımdır ki, müavinləri Ramiz Mehdiyev özü deyil, prezident təyin edib. Bu isə o deməkdir ki, həmin müavinlər Ramiz Mehdiyevə deyil, prezidentə hesabat verəcəklər. İkincisi, müavin təyin olunan şəxslərin siyahısına, xüsusən də Prezident Administrasiyasında vəzifə verilən Məhərrəm Əliyevin personasına diqqət yetirsək, onların Mehdiyevin arzuladığı şəxslər olduğunu söyləmək absurd görünür. Hətta onların bir çoxunun adı anti-Mehdiyev düşərgəsində təmsil olunmaqda, hətta Paşayevlər qruplaşmasında yer almaqda hallanıb. Mehdiyevə indiki vaxtda müavinlərin təyin olunması və bu zaman əsasən Naxçıvanla bağlı şəxslərin seçilməsi də fikrimizcə, düşünülmüş gedişdir. Çünki az bir müddət əvvəl «Köhnə qvardiya» ictimai rəyə belə bir fikir sırımağa çalışırdı ki, Mehdiyev gedərsə naxçıvanlılardan qisas alacaqlar. Ona görə də vahid cəbhədə birləşmək təklif olunurdu. Prezidentin son təyinatları «Köhnə qvardiya»nın, o cümlədən onun lideri Ramiz Mehdiyevin əlindən bu silahı da aldı. Son proseslər Mehdiyevin manevr imkanlarının getdikcə azaldığını, nüfuz savaşında məğlub olduğunu söyləməyə əsas verir. Bunu E.Abdullayevin açıqlamasına Mehdiyevin şəxsən özünün və kifayət qədər əsəbi tonda cavab verməsindən də görmək olur. Zaman var idi Mehdiyevə qarşı yönəlik ittihamlara cavab vermək üçün növbə yaranırdı... Azər Talıbov
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?