Dövlət Müstəqilliyi Haqda Konstitusiya aktının əleyhinə səs verən «su şefi» Kür selində “batır”
Əhməd Əhmədzadə. Bu ad bəlkə də sıravi azərbaycanlı üçün heç nə demir. Amma bu adın sahibi Melorasiya və Su Təssərüfatı ASC-yə rəhbərlik edir. Hər il dövlət büdcəsindən milyonların ayrılmasına baxmayaraq, onun rəhbərlik etdiyi sahədə durum acınacaqlıdır. Sanki Əhməd Əhmədzadəyə dövlət büdcəsindən pulu ona görə ayırırlar ki, həmin vəsaiti təyinatı üzrə xərcləməsin. Bunu Kür ətrafı rayonlarda baş verən bir az təbii, bir az da qeyri-təbii fəlakət çox açıq şəkildə sübuta yetirdi. Qəhrəmanımızın «igidiyi» bununla yekunlaşmır, adam həm də dövlət müstəqilliyimizin əleyhdarlarından biri olaraq tanınır. Xoş olmasa da, onu yaxından tanımağa çalışaq.
Qaranlıq keçmişə işıq salmaq cəhdi
Əhməd Əhmədzadə ölkənin starteji sahələrindən birinə rəhbərlik etməsinə baxmayaraq, onun tərcümeyi-halı ilə bağlı nə internet saytlarında, nə də jurnalist əlinin yetə biləcəyi digər mənbələrdə heç bir məlumat yoxdur. Olduqca paradoksal və müəmmalı haldır ki, ölkənin az qala sıravi vətəndaşı haqqında belə məlumatların geniş yayıldığı internet məkanında Əhməd Əhmədzadənin keçmişi ilə bağlı bir cümlə də yazılmayıb. Bunun qaranlıq keçmişi gizlətmək cəhdi yoxsa, texniki yanlışlıq olduğunu araşdırmaq niyyətimiz yoxdur. Amma hər halda özü haqqındakı məlumatları cəmiyyətdən gizlətməyin nazir səlahiyyətli bir şəxs üçün yolverilməz olduğunu da qeyd etməyə bilməzdik. Ciddi cəhdlə dəqiqləşdirmək istədiyimizə baxmayaraq, onun konkret olaraq neçənci ildə anadan olması faktını da öyrənə bilmədik. Özəl kanallarla onu aydınlaşdırdıq ki, Əhməd Əhmədzadə Qax rayonunda anadan olub. Uşaqlıq və gənclik illərini rayonda keçirən Əhməd Əhmədzadə sonralar ali təhsil almaq məqsədilə Bakıya gəlir. Tələbəlik illəri ilə bağlı hər hansı məlumat əldə edə bilmədiyimizə görə, onun həyatının bu mərhələsi haqda konkret nəsə yazmaq çox çətindir. Amma məlum olan budur ki, ali təhsilini başa vurduqdan sonra Əhməd Əhmədzadə yenidən doğma rayonuna qayıdır və elə burada da əmək fəaliyyətinə başlayır. Müxtəlif illərdə rayonda müxtəlif vəzifələrdə çalışan qəhrəmanımız artıq bir neçə ildən sonra Qax rayon Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsinə qədər yüksələ bilmişdi.
Pul yığmağı yaxşı bacarır
Ə.Əhmədzadənin hələ gənc yaşlarından vəzifə pillələrində gözləninlməz yüksəlişlər fəth etməsinin əsas səbəbləri onun yaxşı icraçı olması və pul toplamaq bacarığı idi. Hələ Qax rayon Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsində işləyərkən yerli rəhbərlərlə gözəl münasibətlər quran Ə.Əhmədzadə tez-tez onlara bahalı hədiyyələr etməyi xoşlayırdı. Rəhbərlər üçün lazım olan «defisit» malları yerin deşiyindən də olsa tapıb gətizdirən Ə.Əhmədzadə bu bacarığına görə rayon elitasında sayılıb-seçilən adamlardan hesab olunurdu. Elə buna görə də pul qazanmağın və maliyyə fırıldağının ustadlarından sayılan Ə.Əhmədzadə tez bir zamanda parladı və Qax Rayon Partiya Komitəsi Bürosunun üzvü seçildi. Bu hələ gənc olan Ə.Əhmədzadə üçün çox böyük uğur sayılırdı və onun sonrakı yüksəlişində bu amil çox böyük rol oynadı. Həmin vaxt Qax Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyən Səfiyyə xanım Dibirova ilə yaxşı münasibətlər quran Ə.Əhmədzadə məhz onun təqdimatı əsasında daha yüksək vəzifəyə təyinat ala bildi. O zaman Mərkəzi Komitədə Qax rayonu üzrə kurator Ramiz Mehdiyev idi və o rayon rəhbərliyindən Xalq Deputatları Sovetinə sədr seçmək üçün «məsləhətli» kadr istəyəndə Səfiyyə Dibirova tərəddüd belə etmədən Ə.Əhmədzadənin adını çəkir.
«Cavan oğlan, səni seçəcəklər get işlə...»
Ramiz Mehdiyev gənc Ə.Əhmədzadəni Azərbaycan Kominist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevə təqdim etmək üçün Bakıya çağırtdırır. Onunla əvvəlcə Mərkəzi Komitənin Təşkilat Şöbəsinin müdiri İsmayıl Əsgərov söhbət aparır, daha sonra isə Ramiz Mehdiyev ona bəzi məsləhətlərini verir. Bütün bu prosedurlardan sonra Mərkəzi Komitənin birinci katibi Heydər Əliyev tərəfindən qəbul edilən Ə.Əhmədzadə artıq onun kabinetindən çıxdıqdan sonra özünü Qax rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədri kimi hiss edə bilərdi. Çünki artıq hər şey danışılmış və H.Əliyev ona «cavan oğlan, səni seçəcəklər, get işlə» demişdi. 1975-ci ilin iyun ayında baş verən bu hadisə Ə.Əhmədzadənin karyerasında mühüm mərhələ olur. Ə.Əhmədzadə artıq Qax rayonuna məsul olan rəhbər şəxslərdən biri idi. Onun həmin vəzifədə bir neçə il işlədiyi məlumdur. Çox güman ki, rəhbərlik bu seçimdən narazı qalmamışdı. Hər halda Ə.Əhmədzadə «yuxarı»dan gələn tapşırıqları can-başla yerinə yetirməyə və hamını razı salmağa çalışırdı. Görünür, elə onun «çalışqanlığını» nəzərə alan «yuxarılar» Ə.Əhmədzadəyə daha yüksək etimad göstərmək qərarına gəlmişdi.
Əhmədzadə Füzuli rayonunun birinci katibi olur
1981-ci ildə respublika rəhbərliyi Ə.Əhmədzadəni Füzuli rayon Partiya Komitəsinin birinci katibi vəzifəsinə təyin edir. Buna qədər isə artıq Ə.Əhmədzadə özü üçün kifayət qədər böyük kapital toplaya bilmişdi. Hər kəsin «haqqını» vaxtında çatdırdığından buna görə ona «gözün üstə qaşın var» deyən yox idi. Onun Füzuliyə birinci katib gətirilməsində də güman ki, «təmizliyi» çox böyük rol oynamışdı. Füzuli rayonuna rəhbərlik etdiyi illər ərzində «pripiska» sayəsində planı yüz faiz yerinə yetirən Ə.Əhmədzadə bu bacarığı sayəsində rəhbərliyin sevimlisinə çevrilir. Hətta rəhbərliyin bir neçə dəfə Ə.Əhmədzadəni digər rayon rəhbərləri üçün örnək göstərildiyi də faktdır. Həmin illər ərzində R.Mehdiyevlə daha da yaxınlaşan Ə.Əhmədzadə artıq onun siyasi komandasının əsas üzvlərindən birinə çevrilmişdi. Eyni zamanda H.Əliyevin də rəğbətini qazanması onun gələcək karyerasının uğurlu olmasını şərtləndirirdi. 1982-ci ildə H.Əliyevin Moskvaya gedişindən sonra da müxtəlif vəzifələrdə çalışmış Ə.Əhmədzadə bütün birinci şəxslərlə dil tapa bilirdi. Elə buna görə də o tezliklə Azərbaycan SSRİ Ali Sovetinin deputatı mandatını qazana bilir. Deputat kimi fəaliyyəti hiss olunmayan Ə.Əhmədzadəni geniş ictimaiyyət yalnız 1991-ci ildə xalqa zidd mövqeyi ilə tanıdı.
Müstəqillik aktının əleyhinə səs verib
Sovet rejiminin yetirməsi olan Ə.Əhmədzadə 1988-ci ildə vüsət alan milli-azadlıq hərəkatının düşmənlərindən biri kimi tanınır. O, bunu 1991-ci ilin 18 oktyabrında Ali Sovetdə müstəqillik aktının əleyhinə səs verməklə növbəti dəfə sübuta yetirib. Çox dəhşətli faktdır ki, Ə.Əhmədzadə bir vaxtlar müstəqilliyinin əleyhinə səs verdiyi dövlətin məsul postlarından birində əyləşib və bu gün ağzı köpüklənə-köpüklənə müstəqilliyimizin əbədi olacağından dəm vurur. Ən pisi isə odur ki, bu baxımdan Ə.Əhmədzadə tək deyil, müstəşillik aktının əleyhinə səs verənlərin böyük əksəriyyəti sonradan müstəqil Azərbaycan Respublikası tərəfindən yüksək postlarla mükafatlandırılıb. Yerigəlmişkən onların bir neçəsinin adlarını çəkməyi lazım bilirik: Eldar İbrahimov - MM-in Aqrar Siyasət komissiyasının sədri, Mixail Zabelin - deputat, Madər Musayev - deputat, Əli Həsənov - «Qaçkınkom»un sədri, İrşad Əliyev - Kənd Təsərrüfatı naziri və s. Bu hələ müstəqilliyimizin əleyhinə olub, sonradan yüksək post tutanların yalnız bir qismidir. Mövzumuz bu olmadığından onların hamısının adlarının dərc etmədik. Təəssüflər olsun ki, yazımızın «qəhrəman»ı Ə.Əhmədzadənin adı da həmin «qara siyahı»da var. Sonra da adamlar bir-birindən soruşur ki, Kür niyə coşub və sel bizi niyə aparır?
1992-ci ildə «Bakı-Naxçıvan» reysinin daimi sərnişini idi
Ə.Əhmədzadənin istəyib-istəməməsindən asılı olmayaraq, 1991-ci ildə igid oğlullarının rəşadətli mübarizəsi nəticəsində Azərbaycan öz dövlət müstəqilliyinə qovuşdu. Milli qüvvələrin hakimiyyətə gəlişindən sonra isə Ə.Əhmədzadə kimilərinin meydanı daralmağa başladı. Deyilərə görə, həmin ərəfədə Ə.Əhmədzadənin sistemli olaraq məşğul olduğu iş Naxçıvana gedib-gəlmək olub. Orada dəfələrlə mərhum dövlət başçısı H.Əliyevlə görüşən Ə.Əhmədzadə onun hakimiyyətə gəlişi üçün canı-dildən çalışıb. Onun bu əziyyəti unudulmayıb və milli qüvvələr devrildikdən sonra Ə.Əhmədzadə yenidən meydana qayıdıb. Müxtəlif vəzifələrdə çalışan Ə.Əhmədzadə sonradan Melorasiya və Su Təssərüatı ASC-nin sədri təyin olunub. Bu vəzifədə milyonlar qazanan Ə.Əhmədzadə bu günə qədər də hakimiyyətin sevimlisi olaraq qalır. Bunun bircə faktla sübuta yetirmək olar ki, «Azərsu» SC yaradılarkən bəziləri Melorasiya və Su Təssərüatı ASC-nin ləğvini və səlahiyyətlərinin «Azərsu»ya verilməsini istəyirdi. Məntiqlə də bunun belə olması lazım idi. Amma Ə.Əhmədzadənin postsuz qalmasını istəməyən hakimiyyət başbilənləri bu planın üzərindən qalın bir xətt çəkdilər. Amma sel sularının Kürqırağı ərazilərə ciddi ziyan vurması bəzi hakim qüvvələrin yenidən Ə.Əhmədzadənin «qələmini qırmaq» yönündə fəaliyyətə keçməsini şərtləndirib.
«Aparacaq, sellər Əhmədi»
Hakim düşərgədə Ə.Əhmədzadənin «vurulmasını» tələb edən əsas fiqur isə fövqəladə hallar naziri Kamaləddin Heydərovdur. Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına yerləşdirilmiş məlumatda o açıq şəkildə fəlakətin baiskarı kimi göstərilir və dəfələrlə xəbərdarlığın edilməsinə baxmayaraq Meliorasiya və Su Təsərrüfatı ASC-nin heç bir önləyici tədbir görməməsi xüsusi olaraq qabardılır. Redaksiyamıza daxil olan məlumata görə bir neçə il əvvəl baş verən Kür daşqınları zamanı onun korrupsiya, rüşvətxorluq, dövlət əmlakının mənimsənilməsi, vəzifə səlahiyyətlərindən sui-isifadə etməsi ilə bağlı hazırlanan qovluq yenidən səhifələnməyə başlayıb. Buna səbəb isə Ə.Əhmədzadənin korrupsiya əməllərinin hakimiyyət üçün ciddi problemlər yaratmasıdır. Belə ki, hazırda Kür daşqınları ilə bağlı məhkəmə gedir və orada Ə.Əhmədzadəyə qarşı da ittihamlar olduğundan bir neçə dəfə ASC sədrinin məhkəməyə gətirilməsi tələb olunub. Məhkəmə prosesində Kür daşqınlarından zərər çəkmiş 100-dən artıq vətəndaş iddiaçı qismində çıxış edir. İddiaçıların bir qismi daşqınlardan sonra dövlət büdcəsindən külli miqdarda vəsait ayrılmasına baxmayaraq Meliorasiya və Su Təsərrüfatı ASC- nin Kür və Araz çayları ətrafında sahil bərkitmə və bəndatma işlərini həyata keçirərəkən ucuz iş metodundan və işçi qüvvəsindən istifadə edərək onlara məxsus təsərrüfatları, bağ- bağçaları, hətta yardımçı tikililərini, tövlələrini, həyətyanı torpaqlarını belə böyük traktorlar vasitəsi ilə yerlə-yeksan edib bəndlərə sərf olunduğunu bildiriblər. Nəticədə onlara xeyli həcmdə ziyan dəyib, torpaqları zəbt olunub və ya yararsız hala düşüb. Məhz buna görə də zərərçəkən iddiaçılar Meliorasiya və Su Təsərrüfatı ASC-ni və onun sədri Əhməd Əhmədzadəni məhkəməyə verdiklərini bildirərək, gəlib məhkəmədə cavab verməsini və vurduğu ziyanı ödəməsini tələb ediblər. 100-dən artıq şikayətçi artıq bir neçə yüz vətəndaşın etirazçı kimi hakimiyyətə qarşı durması deməkdir ki, bu da kifayət qədər böyük qüvvədir. İndiki məqamda iqtidarın belə bir qüvvəni özünə qarşı qaldırmayacağı aydındır və mənbəmizin məlumatına görə bu işdə ciddi qurban veriləcəyi gözlənilir. Mənbəmizin sözlərinə görə bu şəxs Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə olacaq. Bəs Ə.Əhmədzadənin yuxarıda qeyd etdiyimiz əməlləri hansı cinayət məsuliyyəti yaradır? Qeyd edək ki, əgər bu deyilənlər məhkəmə istintaqında təsdiqini taparsa(obyektiv araşdırmanın isə bu təsdiqi ortaya qoyacağına şübhə yoxdur), bu əməl sahiblərini olduqca ağır cəzalar gözləyir. Çünki burada söhbət bir qrup şəxs tərəfindən dövlət əmlakının külli miqdarda mənimsənilməsindən gedir. 7 min manatdan yuxarı pulun mənimsənilməsi külli miqdar hesab edilir. Bu cinayət mütəşəkkil dəstə tərəfindən törədildiyinə görə ağır və ya xüsusi ilə ağır cinayət əməli kimi tövsif edilməlidir. Bu halda Cinayət Məcəlləsinin 179.3.2 (mütəşəkkil dəstə tərəfindən onlara etibar edilmiş dövlət əmlakını külli miqdarda talama) maddəsi ilə cinayət işi başlanılmalıdır. Bu əmələ görə əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 7 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. Bu şəxslərin əməlləri təkcə bu maddə ilə yekunlaşmayacaq. Deyilənlər təsdiqini taparsa, təkcə bu maddə ilə deyil, digər maddələr üzrə də onlar məsuliyyətə cəlb edilə bilərlər. Çünki onlar digər cinayət əməlləri də törədiblər. Bu şəxslərə Cinayət Məcəlləsinin 308.2 (vəzifəli şəxsin səlahiyyətlərindən ağır nəticələrə səbəb olan şəkildə sui-istifadə etməsi) maddəsi ilə də cinayət işi başlanıla bilər. Bu maddə ilə mühakimə olunan şəxslər 3 ilədək vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3 ildən 8 ilədək həbs cəzasına məhkum oluna bilərlər. Bundan başqa, onların əməllərində 313-cü (vəzifə saxtakarlığı) maddəsində nəzərdə tutulan cinayət əməli də var. Qeyd edək ki, bu maddə ilə mühakimə olunan şəxs əmlakı müsadirə olunmaqla 2 ilədək müddətə azadlıqdan məhrum edilə bilər. Həmçinin bu mütəşəkkil dəstə şəklində həyata keçirilən əməldə 311.3-cü (rüşvət) maddəsində nəzərdə tutulan cinayət əməli aşkarlana bilər. Bu maddə ilə şəxsi 8 ildən 12-dək cəza gözləyir. Sonda onu da bildirək ki, KİV Cinayət Prosessual Məcəlləsinin 206-cı maddəsinin tələblərinə görə, bu faktları dərc etdikdən sonra fakt üzrə cinayət işinin başlanması tələbi ilə baş prokurora müraciət edə bilər Elçin Əmirov
Sorğu
Yeni dizaynımız necədir?