Demokratikləşmə prosesi yalnız Azərbaycan xalqının tələbi deyil, bütün bəşəriyyətin arzusudur və dünyanın hər yerində gedən bu proseslərin istər-istəməz bizə də sıçraması qaçılmazdır
Hakimiyyət nümayəndələri ciddi cəhdlə İsmayıllı olaylarının adi bir avto-qəza hadisəsindən törədiyini isbat etməyə çalışırlar. Əlbəttə, bu hadisənin ortaya çıxmasında məlum qəza hadisəsi mühüm rol oynayıb. Fəqət yalnız bir nəfərin etdiyi bir tərbiyyəsizliyin o boyda rayonun altının üstünə çevrilməsində yeganə və əsas faktor olduğunu bildirmək də ciddilikdən uzaqdır. Hətta o cür olsa belə adi bir hadisənin bu qədər ağır fəsadlara yol açması qarşı-qarşıya qaldığımız ictimai-siyasi vəziyyətin vahiməlik dərəcəsini azaltmır, əksinə artırır. Təsəvvür edin, adi bir məişət hadisəsindən insanlar bu qədər həyacanlanır və meydanlara tökülürsə, o zaman dörd yandan ölkəmizdə gözü olan dövlətlər tərəfindən əhatə olunduğumuz mühitdə hansısa qüvvələrin planlı, təşkilatlı təxribatları nəticəsində nə vəziyyətə düşə bilərik? Hakimiyyət insidentlərin kökündə kiçicik sosial problemlərin dayandığını söyləyib özünə təskinlik verməkdənsə, millətin adi məişət hadisələrinə bu qədər sərt reaksiya verməsinin səbəbləri üzərində baş sındırmalıdır. Ən azı o səbəbdən ki, İsmayıllı hadisələri nə qədər avto-qəza nəticəsində ortaya çıxmış olsa da ictimai narazılığı bu həddə gətirən digər amillər var və bu amillər üsyanın ortaya çıxmasında daha mühüm rol oynayıb. Ayağa qalxmış rayon sakinlərinin mətbuata verdikləri açıqlamaları da bu fikri təsdiqləyir. Həmin açıqlamalarda rayon sakinləri əsasən yaşadıqları ağır vəziyyətdən, sosial ədalətsizliyin baş alıb getməsindən gileylənirlər. Korrupsiyaya bulaşmış iri məmurların sərvətlərinə sərvət qatdığı bu bölgədə əhali aclıq və səfalət işərisində yaşayır. Bölgədə bütün rəhbər vəzifələrdə başqa regionların insanları təmsil olunduğu halda yerli vətəndaşlar bu vəzifə bölgülərindən kənarda saxlanılır. Rayonun əkinə yararlı sahələrinin gəlmələr tərəfindən mənimsənildiyi azmış kimi, meşələr belə iri məmurlar arasında ata malı kimi bölüşdürülüb. Dünənə qədər rayon əhalisinin rahatlıqla qoynuna girib istirahət etdikləri, gözəlliyinə valeh olduqları həmin meşələr indi kimlərinsə əlində turistik gəlir mənbələrinə çevrilib. İsmayıllılılar doğma meşələrində belə rahat nəfəs almaları üçün yerli olmayanlara pul ödəmək məcburiyyətində qalırlar. Əlbəttə, bu vəziyyət istər-istəməz yerli sakinlər arasında kimlərinsə onların torpaqlarını işğal etmələri kimi qəbul olunur və haqlı narazılıqlar yaradır. Əhaliyə rayonun hətta havasını, suyunu, meşədəki dincliyini sataraq, insanların həyatlarını sürdürmək üçün yeganə göz dikdikləri “çörək ağacını”- əkin sahələrini belə əllərindən alaraq öz səltənətlərini quran gəlmələrin bir də təhqiramiz ifadələrlə yerliləri təhqir etməsi üsyan doğurmaya bilməzdi və nə zamanəmiz orta əsrlər dövrü, nə gəlmələrimiz ağ adam, nə də ismayıllılılar Amerika “qırmızıdərili” hindularıdırlar. Hakimiyyət hadisənin əsl səbəbi olaraq öz talançılıq siyasətini yox, sadəcə stəkandakı suyu daşıran son damlanı önə çəkməyə çalışırsa, deməli, qarşı-qarşıya qaldığımız təhlükənin fərqinə vara bilmir və ölkəni daha ağır iştişaşlara doğru aparır. Ciddi cəhdlə İsmayıllı qiyamının səbəbinin siyasi motivlərlə bağlı olmadığını əsaslandırmağa çalışan hakimiyyət zümrələri qulaqlarını açıb etirazçıların dilə gətirdikləri faktlara qulaq assalar, bir xeyli siyasi çalarlarla qarşılaşa bilərlər. Məsələn, internetdə yayılan bir video-görüntüdə rayonun problemlərindən danışan İsmayıllı sakini seçdikləri bələdiyə rəisinin icra başçısı tərəfindən öz postundan uzaqlaşdırıldığına və yerinə başqasının gətirildiyinə etiraz edirdi və “biz niyə öz idarəçilərimizi seçmək hüququna malik deyilik?”-deyə soruşurdu. Niyə rayonda vəzifələrə yerli əhalidən heç kimin gətirilmədiyini bildirən həmin sakin üzünü hakim zehniyyətə tutub sual verirdi- doğrudan damı hesab edirsiniz ki, İsmayıllı savadlı bir kadr yetişdirə bilməyəcək qədər intellektual bazadan məhrumdur? Sadə bir vətəndaşın dilə gətirdiyi bu suallar onun cavabını axtardığı çətin riyaziyyat məsələləri deyildi. Mövcud hakimiyyətin siyasi xarakterinə etiraz edən ritorik suallardı. İsmayıllı sakinlərinin xüsusilə yerli hakimləri seçməyi rayon əhalisinin öz ixtiyarına buraxmaq haqqında açıq aşkar tələb irəli sürmələri avtoritar rejimin xüsusiyyətlərini inkar etmək olduğu qədər, demokratik sistemə olan özəntilərindən xəbər verirdi. Çünki hakimiyyətin yerli bələdiyələrə verilməsi tələbi məhz demokratik dövlətçilik anlayışının olmazsa olmazlarından sayılır. Bir sadə vətəndaş el dilində bu problemləri dilə gətirirsə, onun sözlərinə diqqətlə qulaq asılmalı, nə demək istədiyi doğru-düzgün dərk edilməli və yerinə yetirilməlidir. Siyasi tələb müxalifət liderlərindən hansınınsa adını çəkmək, ona rəğbətini ifadə etmək deyil. Siyasi tələb öz hakimiyyətini müəyyənləşdirməyi xalqın öz ixtiyarına verməyi tələb etməkdir ki, İsmayıllı sakinlərinin mübarizəsinin əsas qayəsi də məhz bu istiqamətə yönəlmişdi. Və əslində öz sözünü, hərəkətini bilməyən harınlamış bir gəlmənin tərbiyyəsizliyinə qarşı bütün rayon əhalisinin qiyama qalxmasının əsas səbəbi də məhz bu tələblə bağlıdır. Onların icra hakimi rayonu tərk etməyənə qədər qiyama davam edəcəklərini açıqlamaları da məhz bu məntiqdən irəli gəlirdi. İsmayıllılar sanki bu tələbləriylə “biz Azərbaycanın “qırmızıdərililəri” deyilik” deməyə çalışırdılar. Get-gedə ölkəni bürüyə biləcək bənzər hadisələrə yol açmamaq üçün hakimiyyət artıq reallıqlarla razılaşmalıdır. Başa düşməlidir ki, demokratikləşmə prosesi yalnız Azərbaycan xalqının da tələbi deyil, bütün bəşəriyyətin arzusudur və dünyanın hər yerində gedən bu proseslərin istər-istəməz Azərbaycana da sıçraması qaçınılmazdır. Xüsusilə dövlət məmurlarının acgözlüklə xalqın sərvətlərini talayıb onu gündəlik çörəyə möhtac qoyduğu indiki zamanda ictmaiyyətin siyasiləşməsi artıq bir zərurətə çevrilib və bu iradəyə qarşı çıxmaq ölkə vətəndaşlarının qəzəbinə tuş gəlməkdən başqa heç bir perspektiv vəd etmir. Elçin Əmirov
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?