“Yanvar inqilabı” İmişli ilə yekunlaşdı, fevralda isə xalq hərəkatı genişlənəcək...
Vilyam Hacıyev İmişlidə üsyan yetişdirdi, narazı insanlar küçələrə çıxıb etiraz aksiyası keçirdilər
Seçki ili başlar-başlamaz Azərbaycanda üsyanlar baş qaldırdı. Ölkənin hər yerindən üsyan, qiyam, aksiya xəbərləri gəlir. Əyalətlərdə sosial partlayışlar müşahidə olunur. Elə bir gün yoxdur ki, hər hansı bölgədə aksiya keçirilməsi barədə xəbər eşitməyək. Artıq hakimiyyət prosesə nəzarət imkanlarını itirib və hər gün müxtəlif regionlarda xalq kütlələri ayağa qalxır.
“Fevral baharı”
Yanvar ayı ərzində 4 gözlənilməz etiraz aksiyası keçirilib ki, ayın sonuncu günü də belə olaylardan istisna olmadı. Bu isə o ondan xəbər verir ki, bizi qarşıda gərgin və daha qaynar bir fevral ayı gözləyir. Xalq hərəkatının növbəti mərhələsini fevralda görəcəyik və etiraz dalğası bütün məmləkəti bürüyəcək. İmişli rayonu isə hələlik “yanvar inqilabına” yekun vurdu və bununla da seçki ilinin ilk ayı 5 aksiya ilə yadda qaldı. Belə ki, ötən gün səhər saatlarında yüzlərlə narazı sakin İmişli rayon İcra Hakimiyyətinin binası önünə toplaşaraq haqlarını tələb edib. Üç aydan artıqdır maaşlarını ala bilməyən mədəniyyət və kommunal təsərrüfat işçiləri çıxış yolunu aksiya keçirməkdə görüblər. Onlar icra başçısı Vilyam Hacıyevdən maaşlarını istəyiblər. Əvvəlcə etirazçılar rayonun mərkəzi yolunu bağlayıblar. Sonra icra hakimiyyəti qarşısına toplaşıblar. Əraziyə polis qüvvələri cəlb olunub, hətta 2 nəfər saxlanılıb. İcra başçısı Vilyam Hacıyevin rayonda ağacların kütləvi şəkildə kəsdirməsi, Gəncədən gələn iş adamlarına torpaqları qanunsuz satması və abadlıq-quruculuq işlərində çalışanların əmək haqlarını verməməsi böyük etirazla nəticələnib. Musavat.com-un xəbərinə görə, keçmiş futbolçu Maşallah Əhmədov İmişli aksiyasının yetişməsində rol alıb. M.Əhmədovun həmyerlisi V.Hacıyevlə dostluq münasibətləri var. Bu dostluq V.Hacıyev hələ Gəncə aeroportunda təyyarə bileti ticarəti ilə məşğul olandan başlayıb. O, İmişliyə icra başçısı təyin olunandan sonra rayondakı yenidənqurma işlərini M.Əhmədova tapşırıb.
İmişli aksiyasına səbəb icra başçısıdır
Yanvarın 31-də səhər saatlarında İmişli rayonunda lokal etirazların baş qaldırmasının maraqlı bir səbəbi üzə çıxıb. Bu etirazlara həm də icra başçısı Vilyam Hacıyevin fəaliyyəti, daha doğrusu, onun köhnə dostu ilə münasibətlərində yaranan problem səbəb olub. Rayondakı mənbəmizin sözlərinə görə, rayonda ağacların kütləvi şəkildə kəsilməsi, Gəncədən gələn iş adamlarına torpaqların qanunsuz olaraq satılması və abadlıq-quruculuq işlərində çalışanların əmək haqlarını ala bilməməsi nəticədə yerli camaatın küçələrə axışmasına gətirib çıxarıb. Əsasən də sonuncu faktor mühüm amil sayılır. Belə ki, məşhur keçmiş futbolçu Maşallah Əhmədov İmişli aksiyasının yetişməsində müəyyən qədər pay sahibi olub. Xəbəri verən mənbə iddia edir ki, M.Əhmədovun həmyerlisi sayılan V.Hacıyevlə dostluq münasibətləri var. Bu dostluq V.Hacıyev hələ Gəncə aeroportunda təyyarə bileti ticarəti ilə məşğul olandan başlayıb. O, İmişliyə icra başçısı təyin olunandan sonra rayondakı yenidənqurma işlərini M.Əhmədova tapşırıb. Təmir-abadlıq işləri, tikinti materiallarının alınıb gətirilməsi, fəhlələrin inşaata cəlb olunması, inzibati binaların müasirləşdirilərək təhvil verilməsi, usta-fəhlə korpusunun maaşının ödənilməsi vəzifəsi korifey futbolçuya həvalə olunub. V.Hacıyev dostuna vəd də verib: “Prezident rayona gəlib-getsin, hər şey yaxşı olacaq...” M.Əhmədov da öz növbəsində missiyasının öhdəsindən gəlib. Rayonda Heydər Əliyev Mərkəzinin, şahmat məktəbinin və s. bu kimi binaların tikilməsini reallaşdırıb, parkları, küçələri abadlaşdırıb. Ölkə başçısı oktyabrda rayona səfər edib və görülən işlərlə tanış olub. Əsl həngamə də bundan sonra başlayıb. V.Hacıyev M.Əhmədova çatacaq vəsaiti verməyib, fəhlələr pulsuz qalıb, işçilərin maaşı gecikdirilib, tikinti materialları dükanlarına borclar ödənməyib. Bir sözlə, icra başçısı dostuna “atıb”. Bu qədər borcun yükünü çiynində gəzdirən M.Əhmədov isə hələ bir müddət əvvəl işçilərin, dükan sahiblərinin şikayətlərini dinləyərək problemin həllinə söz verib. Lakin icra başçısı narazılığı aradan qaldıracaq addım atmayıb. Ona görə də narazı sahibkarlar və fəhlələr yanvarın 31-də M.Əhmədovla birlikdə icra başçısının qəbuluna gediblər. RİH-in binası önünə xeyli adamın yığışdığını görən yerli narazı sakinlər də onlara qoşulub. Kütlə getdikcə artaraq izdihama çevrilib. Hərə öz tələbini irəli sürüb. Nəticədə yol kəsilib, sakinlərin aksiyası baş tutub. İcra başçısı onları dinləyib, vədlər verib, daha sonra isə mətbuata danışaraq, heç bir hadisənin olmadığını iddia edib. Hazırda İmişlidə sakitçilkdir, hər hansı aksiya keçirilmir, deyə, mənbəmiz xəbər verir. Narazılıq hədəfi Vilyam Hacıyevdir Rayondan verilən məlumata görə, 500-dən artıq sakini İmişli Rayon İcra Hakimiyyətinin binanın qarşısına toplaşıb. Aldığımız məlumata görə, aksiyanı Kommunal Xidmət İdarəsinin əməkdaşları başlayıblar. Bundan bir qədər sonra aksiyaya çoxlu sayda insan qatılıb. Aksiya iştirakçıları şüarlar səsləndirdikdən sonra əraziyə polis qüvvələri gətirilib. Aksiya iştirakçılarıilə polis arasında qarşıdruma yaşanıb. Aksiya iştirakçılarından 2 nəfər həbs edilib. Rayonda gərginlik yaşanır. Rayonda aldığımız xəbərə görə, etiraz aksiyasına İmişlinin Mədəniyyət və turizm İdarəsinin əməkdaşları da qatılıblar. Üç aydan artıqdır maaşlarını ala bilməyən mədəniyyət işçiləri və başqa şəxslər İmişli Rayon İcra Hakimiyyətinin binası önündə toplaşıblar: “Daha sonra əraziyə polis qüvvələri gətirilib. Qarşıdurma zamanı 2 nəfər saxlanılıb. Aksiyanın keçirilməsinə rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyevdən narazılığın da səbəb olduğu vurğulanır. Narazı insanlar rayon mərkəzindəki Heydər Əliyev prospektində, hərəkətin gur olduğu dördyol deyilən yerdə yolu bağlayıblar. Aksiya yarım saatdan çox çəkib
Polis rəisindən təsdiqəbənzər təkzib: 70-100 nəfər problemlə bağlı icra başçısının qəbulunda olub
İmişli Rayon Polis Şöbəsinin rəisi Vaqif Müslümov açıqlamasında bu xəbəri təkzib edib. Vaqif Müslümov deyib: “İmişlidə hər hansı etiraz aksiyası keçirilməyib, belə bir məsələ qətiyyən olmayıb”. Polis rəisinin sözlərinə görə, hər həftənin cümə axşamı İmişli Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşları qəbul edir, insanların problemlərini, şikayətlərini dinləyir: “Həmişə olduğu kimi yanvarın 31-də də icra başçısı Vilyam Hacıyev 70-100 nəfər rayon sakinini qəbul edib. Bundan başqa hər hanası bir məsələ olmayıb. Lazımsız xəbərləri dövriyyəyə buraxmaqda maraqlı olanlar belə bir informasiya yayıblar. İmişli rayonunda tam sakitlikdir, ictimai asayişi pozan hərəkətlər yoxdur. Heç bir aksiyadan söhbət gedə bilməz”. Vaqif Müslümov bildirib ki, vətəndaşları icra hakimiyyətinin başçısı Vilyam Hacıyev ilə birlikdə qəbul ediblər: “İcra hakimiyyətinin başçısı ilə birlikdə vətəndaşları qəbul etmişik. Amma kimsə icra hakimiyyətinin binası qarşısına yüzdən artıq insanın toplanması, aksiya keçirməsi haqda dezinformasiya yayıb. Lap tutaq ki, yığılıb. Onda nə olur? İcra hakimiyyətinin başçısı insanları qəbul etməsin? Hərənin bir dərdi var və qəbula gəlirlər”. Polis rəisi deyib ki, yanvarın 31-də qəbula gələn insanlar əsasən məişət problemlərindən, Araz çayının daşması nəticəsində yaranan subasma ilə əlaqədar yaranan çətinliklərdən, qaz, su problemlərindən şikayət ediblər.
Aksiya təsdiqlənir
Azərbaycan Xalq Cəbhəsi Partiyası İmişli rayon təşkilatının sədri Əli Qasımlı isə bildirib ki, rayonda aksiya keçirilib. Onun dediyinə görə, aksiyanı rayonun kommunal təsərrüfat işçiləri və icra başçısı Vilyam Hacıyevin qəbuluna gələn sakinlər keçiriblər: “Kommunal təsərrüfat işçiləri bir neçə aydır maaşlarını ala bilmirlər. Bundan başqa yüzlərlə sakinin qaz problemi var, onların evlərinə qaz çəkilmir. Hər həftənin cümə axşamı İmişli Rayon İcra Hakimiyyəti başçısının qəbul günüdür. Problemləri həll olunmayan insanlar da həmin gün aksiya keçiriblər. Onlar rayon mərkəzində yerləşən Heydər Əliyev prospektini kəsiblər, hərəkəti dayandırıblar. Aksiya yarım saat davam edib. Sonra hadisə yerinə rayon polis şöbəsinin rəisi Vaqif Müslümovun rəhbərliyi ilə polislər gətirilib. Polis aksiyaya müdaxilə edib, yolu açıb. Bir nəfər qadın, bir nəfər kişini həbs edib polisə aparıblar. Aksiya iştirakçıları icra hakimiyyətinin binası qarşısında toplandıqda onlarla əvvəlcə ictimai-siysi şöbənin müdiri görüşüb. Sonra isə aksiya iştirakçılarını icra hakimiyyətinin akt zalına toplayıblar. Orada icra başçısı Vilyam Hacıyevlə görüş keçirilib. İcra başçısı deyib ki, tezliklə maaşlar veriləcək, evlərə qaz çəkiləcək. Görüşə qədər həbs olunan iki nəfəri artıq buraxmışdılar. Onlar da görüşə qatılıb, sözlərini deyiblər”.
Əsabil Qasımovun adı hallanır
İmişlidə keçrilən aksiyanın əsl səbəbləri ilə bağlı ilginc ehtimallar üzə çıxır. Aldığımız məlumata görə, İmişlidə aksiyanın əsas səbəbkarı bu rayonu Milli Məclisdə təmsil edən deputat Əsabil Qasımovdur. Belə ki, icra başçısı Vilyam Hacıyevlə gərgin münasibətdə olan deputat onun vəzifəsindən azad edilməsi uçün bu aksiyanı qəsdən təşkil edib. Əldə etdiyimiz məlumata görə, aksiyada iştirak edənlər Komunal Xidmətin əməkdaşları deyil, Əsabil Qasımova yaxınlığı ilə seçilən BAXCP-nin İmişli rayon şöbəsinin üzvləri və deputata yaxın olan insanlardır. Sadəcə bir müddət öncə Komunal Xidmətin əməkdaşları və rayonda abadlıq işlərində çalışan işçilər pullarının verilməməsi səbəbi ilə etiraz aksiyası keçirdikləri üçün deputat onların adlarının hallandırılmasında maraqlıdır. Qeyd edək ki, məsələnin əsl mahiyyətini bilən AXCP və Müsavatın yerli şöbələri bu aksiyaya qatılmayıblar.
Çingiz Qənizadə Vilham Haçıyevi qoruyur, Kəmaləddin Heydərovu hədəfə gətirir
80 saylı İmişli-Beyləqan seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Çingiz Qənizadə İmişlidə bununla bağlı açıqlama verib. Ç. Qənizadə bildirib ki, bu məlumat ilk olaraq Turan İnformasiya Agentliyində yayılıb: “Məsələ ilə bağlı Rayon İcra Hakimiyyəti və vəzifəli şəxslərlə əlaqə saxladım. Aydın oldu ki, bu gün evləri qəzalı şəraitdə olan bir neçə qadın İmişli Rayon İcra Hakimiyyətinin binasına gəlib. Onlar yeni ev verilməsini tələb ediblər”. Deputatın sözlərinə görə, həmin ailələr nə zamandır şikayətçidirlər: «Məlumdur ki, sel daşqınları zamanı evləri zərər görmüş ailələrə yardım məqsədilə Fövqəladə Hallar Nazirliyinin xüsusi komissiyası fəaliyyətdədir və bu məsələdə icra hakimiyyətinin hansısa iştirakı yoxdur. Sadəcə olaraq komissiya qəzalı vəziyyətdə olan evlərə baxış keçirir və müvafiq qərarını verir». Bir neçə ailə iddia edir ki, onların da evlərinin bərpası dövlət hesabına həyata keçirilməlidir, halbuki xüsusi komissiya iddiaçı ailələrin evlərinə baxış keçirdiyi zaman anoloji qənaətə gəlməyib. Millət vəkili həmçinin onu da qeyd edib ki, İcra Hakimiyyətinin ev vermək səlahiyyəti yoxdur, bu işlə birbaşa Fövqaladə Hallar Nazirliyi məşğul olur: “Mətbuatda yayılan fotolar isə bu gün çəkilməyib. Düşünürəm ki, bu qərəzli bir hərəkətdir. Xəbəri dəqiqləşdirmədən mətbuata çıxaran KİV-ə təəssüf edirəm. Hazırda İmişli rayonunda sakitlikdir, heç bir hadisə baş verməyib”. Elçin Əmirov
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?