Müsavat Partiyası daxilində narazılıq təşkilatı parçalanmaya aparır. Ötən gün Qubad İbadoğlu tərəfdarlarını partiyanın qərargahına toplamaq istəsə də, rəhbərlik buna imkan verməyib, daha sonra narazıların fiaskoya uğradığını bəyan edib. Fevralın 2-də Qubad İbadoğlu partiyanın Divanının toplantısına dəvət edilib. Onun Müsavatdan çıxarılacağı haqqında informasiyalar gəzir. Hazırda partiya daxilində ciddi qarşıdurma var, çoxları vəziyyəti təşkilatın parçalanmaya doğru apardığını düşünür. Bu məsələlər ətrafında yaranan suallara, eləcədə müxalifət düşərgəsində təşkilatların pərakəndə fəaliyyəti haqqında məsələlərə Müsavat Partiyası Məclisinin sədri Nüşabə Sadıqlı reaksiya bildirib.
- Yanvarın 31-də M.Ə.Rəsulzadənin doğum gününü Novxanıdakı abidəsi öündə qeyd etdiniz. Bu tarix haqqında nə deyə bilərsiniz?
- Sözsüz ki, bu Azərbaycan tarixinin ən önəmli, əhəmiyyətli və şərəfli hissəsidir. Mən çox təəssüf edirəm ki, hələ Azərbaycanda bu günü bayram edəcək qüdrətimiz yoxdur. Mən çox istərdim ki, Rəsulzadənin doğum günü Azərbaycan təqvimində bayram günü olaraq qeyd edilsin. Çünki Rəsulzadə elə şəxsiyyətdir ki, məhz onun hesabına xalqımız demokratik cümhuriyyət qurub, müstəqilliyinə qovuşub. Təbii ki, burada xalqın mühüm rolu olub, amma xalqı oyadan, onun içində azadlıq eşqini və işığını yaradan Rəsulzadə olub. Məhz bu səbəbdən də, mən çox istədim ki, bu dahi şəxsiyyətin doğum gününü xalqımız bayram olaraq qeyd etdin.
- Rəsulzadənin doğum gününü Müsavat Partiyası, Milli Şura və KXCP ayrı-ayrılıqda qeyd edib, onun abidəsini ziyarət edib. Rəsulzadə birləşdirici siyasi xadim hesab olunur. Hansı səbəblərdən onun davaçmısı olan partiyalar ziyarətini ayrı-ayrılıqda gerçəkləşdirdi?
- Mən də sizin fikrinizlə şərikəm və belə bir vəziyyətə görə, təəssüf hissi keçirirəm. Onun ideologiyasını öz ideologiyası elan edən, bu siyasi xətti davam etdirdiyini bəyan edən siyasi təşşkilatlar əməkdaşlıq etməli, müttəfiq olmalıdırlar. Ən azından müəyyən məsələlərlə bağlı fəaliyyətlərini koordinasiya etməlidirlər. İndi müttəfiqlik etmək istəmələr belə, heç olmaza konstruktiv birliyə nail olmalıdırlar. Siz bilirsiniz ki, biz Müsavat Partiyası olaraq bu yöndə çox addımlar atmışıq. Yəni Müsavat demək olar ki, Azərbaycanda demokratik müxalifət adlanan bütün siyasi partiyalarla konstruktiv iş qurmaqda maraqlıdır. Biz, bu istiqamətdə partiyaların mütləq əksəriyyətinə müraciət etmişik. Ancaq bu birliyin yaranması həmin tərəflərdən asılıdır. Bu birliyə gəlmək istəməyənlənlərin səbəbləri, əllərində olan bəhanələrin nə olduğu haqda danışmaq istəməzdim. Mən hesab edirəm ki, bu məsələdə heç bir bəhanə olmamalıdır. Çünki burada xalqımızın, millətimizin və dövlətin mənafeyi öndə olmalıdır.
- Müsavat Partiyası ilə AXCP arasında münasibətlər hansı mərhələdədir, 2015-ci il seçkilər ilidir, birlik olacaqmı?
- Siz bilirsiniz ki, Müsavat başqanı Arif Hacılı təşəbbüs irəli sürərək AXCP sədri Əli Kərimli ilə görüşdü, iki saata yaxın müzakirələr aparıldı. Bəzi məsələlər haqda mövqelər aydınlaşdırıldı. Bilirsinizmi, bu saat Müsavat Partiyasının amacı nədir? Müsavat istəyir ki, müxalifətdaxili bir-birinə qarşı olan ittihamlar, töhmətlər, təhqirlər dayandırılsın, siyasi müxalifət gücünü və imkanlarını birləşirib Azərbaycanda demokratiyanın bərqərar olması üçün hakimiyyətlə mübarizə aparsın. Yəni mübarizə xəttində siyasi qüvvələr birləşsin. Bu məqsədlə də AXCP sədrinə müraciət edilmişdi. Mən çox təəssüf edirəm. Arif Hacılı Əli Kərimli ilə görüşü haqqında Divana məlumat verib, məndə görüşlə bağlı informasiyaya malikəm. Ancaq sonradan o qədər xoşagəlməz şeylər oldu, qarşı tərəf mətbuatda fərqli fikirlərlə çıxış etdi. Mənə elə gəlir ki, belə hallara ehtiyac yoxdur. Rəsulzadə Azərbaycan xatrinə hər şeydən keçməyi bacaran siyasətçi olub. Mən hesab edirəm ki, indiki siyasətçilər, xüsusilə Rəsulzadə yolunda olduğunu elan edən qüvvələr buna önəm verməli, Rəsulzadədən örnək götürməlidirlər.
- Müxalifət düşərgəsində doğurdanmı yalnız iki əsas partiya var?
- Mən də hesab edirəm ki, hazırda müxalifət düşərgəsində daha çox Müsavat və AXCP öndədir, sosial baza və təşkilati struktur baxımından ölkəmizi əhatə edə bilib.
- Bu partiyaların ayrılıqda seçkiyə getməsi əhəmiyyətsiz və nəticəsiz deyilmi?
- Mən bir daha qeyd edim ki, biz bütün imkanlarımızdan istifadə edirik. Ancaq siz də bilirsiniz ki, birtərəfli heç nə olmur, ola da bilməz. Hər şey qarşılıqlı olmalıdır. Biz bütün gücümüzü və qüvvəmizi səfərbər edərək bu yolda mübarizəmizi davam etdiririk. Müxalifəti də bir araya yığmaq mövqeyini müdafiə edir, bu xətti aparırıq. Düşünürəm ki, bir qədər tez və ya gec olmasından asılı olmayaraq, digər partiyalar da bu mövqeyə gələcəklər. Hər halda mən belə düşünürəm.
- Ötən həftənin sonlarında Demokratiya və İnsan Hüquqları Mərkəzində təmsil olunan 10 partiya seçki bloku yaratdığını elan etdi. Müsavat Partiyası da bu mərkəzdə təmsil olunurdu. Hansı səbəbdən seçki blokunun yaranması prosesində iştirak etmədiniz?
- Belə qərar vermişik ki, hələlik heç bir seçki blokunda iştirak etməyək. Amma zaman-zaman Müsavat Partiyasında bu məsələlər müzakirə edilir. Siz bilirsiniz ki, bəlkə də Müsavat yeganə siyasi təşkilatdır ki, burada bütün qərarlar kollegial formada qəbul edilir. Yəni Məclis və ya Divanda bu məsələlər müzakirə edilir, səsvermənin nəticəsinə uyğun qərarlar alınır. Biz bu məsələləri hələlik müzakirə edirik. Yəqin ki, sonda bir nəticəyə gələcəyik. Bu zaman da, seçkiyə təkbaşına və ya blok şəklinə gediləcəyimiz bəlli olacaq. Hələlik biz seçki blokuna dair müzakirələrdə iştirak etmirik.
- Demək AXCP və ya Milli Şuraya yaxınlaşmaq istəyirsiniz...
- Əgər mənim subyektiv fikrimi bilmək istəyirsinizsə, mən demokratiya yolunda olan bütün müxalifət partiyaları ilə seçkiyə birgə getməyin tərəfindəyəm. Hesab edirəm ki, bu daha məqbul olardı. Bu fikrimi də Müsavatın kollegial orqanların da bildirirəm.
- Müsavat Partiyası daxilində təlatüm yaşanır. Yanvarın 31-də Qubad İbadoğlu bəyan edib ki, tərəfdarları ilə müzakirə aparmaq istəsə də, indiki rəhbərlik buna imkan verməyib...
- Sizə deyim ki, bu tənəzzülə gedən bir xətdir. Siz yəqin ki, yanvarın 31-də baş verənləri müşahidə etdiniz. Əslində hesab edirəm ki, bu açıq-aydın fiasko oldu, Müsavatın daxilində olan narazı qrup məğlubiyyətə uğradı. Onlar əvvəlcə elan etdilər ki, Müsavatın qərargahında toplaşıb müzakirələr aparmaq istəyirlər, sonra elan etdilər ki, partiya rəhbərliyi onların belə müzakirəsini bəyənmir və onlara iclasları üçün yer də vermir. Ancaq bəllidir ki, onlara yer verilmişdi, biz mətbuat vasitəsilə elan etdik ki, qərargah onların üzünə açıqdır, iclas salonunda istədiləri toplantını keçirə bilərlər. Onlar isə gördülər ki, zala toplaşacaq sayda deyillər. Təxminən 10-15 nəfərləri var idi. Ola bilsin ki, bunu göstərməmək üşün gedib çayxanada əyləşdilər. Mənə elə gəlir ki, bu çox davam etməyəcək. Artıq bir çox müsavatçılar yanlış olduqlarını hiss edirlər və zamanla mövqeləri haqqında bir daha düşünəcəklər. Mən hesab edirəm ki, Müsavat daxilində müxalifətçilik çox davam etməyəcək.
- Partiya rəhbərliyinə qarşı Vurğun Əyyub, Qubad İbadoğlu, Hüseyn Məlik, Əlövsət Talışxanlı, İbrahim İbrahimli və daha bir neçə tanınmış partiya siması təmsil olunur. Bu insanlar Müsavatın bazası əsasında yeni partiya qura bilərlərmi?
- Hələlik həmin şəxslər bu barədə bir fikir deməyiblər. Əslində özünü müsavatçı hesab edən bir adam, xüsusilə müsavatçı simasında olan şəxslərin partiyadan ayrılaraq gedib ayrıca təşkilat yaratması gözlənilmir. Əgər həmin adam Müsavatdan ayrılaraq gedib ayrıca siyasi təşkilat yaradacaqsa, demək onlar heç müsavatçı deyil. Əgər müsavatçı deyilsə, onda nəsə yaratmaqları mümkündür. Söhbət də elə bundan gedir.
- Narazıların yaratdığı Azərbaycan Demokratiya və Rifah Hərəkatı Müsavatın 14 rayon təşkilatının bazası əsasında yerli özəklər yaradıb. Bu, təhlükəli və ciddi siqnal deyil?
- Mən hesab edirəm ki, bu ciddi siqnal deyil. Çünki yaratdıqları təşəbbüs qrupları 2-3 nəfərdən ibarətdir. Biz partiyanın içindəyik və bu prosesdən xəbərdarıq. Onların yaratdığı təşəbbüs qruplarında partiyanın çox az üzvləri var. Mən düşünürəm ki, onlar ictimai birlik xarakterli qurum yaradacaqlar. Təsis konfranslarını keçirsinlər, bizdə baxaq görək orada kimlər təmsil olunur.
- Narazılar daha çox İsa Qəmbəri hədəf seçir və deyirlər ki, İsa Qəmbərin qərarı əsasında Qubad İbadoğlu və Ellada Məmmədli Divana dəvət edilib və partiyadan xaric ediləcəklər...
- Belə bir şey yoxdur. Mən bildiyim qədər həmin şəxslərin partiyadan çıxarılması məsələsi yoxdur. Mənim iştirak etdiyim toplantılar da partiyadan çıxarılmaq məsələsi qoyulmayıb. Amma bu adamların fəaliyyətində özbaşınalıq, anti partiya fəaliyyəti olmamalıdır. Ellada Məmmədova partiyanın qadınlar təşkilatının sədridir. Ancaq bir tədbirdə də iştirak etmir. Özü 3-5 xanımı toplayaraq hansısa iclas keçirir. Axı Müsavat 3-5 xanımdan ibarət deyil. Müsavatda çoxlu sayda xanım var. Amma Ellada Məmmədli özünə yaxın 3-5 qadınla bir yerə toplaşır və adını da qoyur ki, tədbir keçirmişəm. Üstəlik də partiyanın təşkil etdiyi tədbirlərə də qatılmır. Biz ondan soruşmalı deyilik ki, bunun səbəbi nədir? Bu səbəbdən də, onu Divanın toplantısına dəvət etmişik, daha gedib bu məsələləri onun evində soruşmamalıyıq ki.
- Müsavat Partiyası parçalanacaq?
- Heç vaxt. Müsavat ömründə parçalana bilməz. Müsavatdan qopmalar və gəlmələr ola bilər. 2003 və 2005-də buna oxşar hadisələr olub. Amma Müsavat elə bir partiyadır ki, onun özülü möhkəm qurulub və partiyanı parçalamaq mümkün deyil. Ancaq kimlərsə gedə, kimlərsə gələ bilər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?