Ölkədə keçiriləcək 1-ci Avropa Olimpiya Oyunları ilə əlaqədar, Sumqayıt İH başçısı Eldar Əzizovun tapşırığına əsasən, büdcə təşkilatlarında çalışanların aylıq maaşlarından pul yığılır. Başçının “dama-dama göl olar” prinsipi, ağır durumda yaşayan Sumqayıtlıların etirazına da səbəb olub.
Siftə lap aşağıdan MIS–də çalışan dalandarlardan (küçə süpürən) 10 manat yığmaqla başlanılıb. Bu binəvaların aylıq maaşları, ərazisindən asılı olaraq 120-130 manatdır. Bundan əlavə Sumqayıt Yaşıllaşdırma Idarəsinin hər bir işçisindən 20 manat yığılması tapşırılıb. Yaşıllaşdırma İdarəsində çalışan xanım əməkdaşın dediyinə görə, artıq narazılıqların işartıları özünü biruzə verməkdədir. İxtisara düşəcəkləri ilə hədələnən işçilərin hamısı, sözləşərək gələn aydan bu “xəracı” verməyəcəklərini bildirirlər.
Araşdırmalarımız nəticəsində məlum oldu ki, bu “əndirəbadi” tapşırıq təhsil və səhiyyə şöbələrinin rəhbərlərinə də verilib. Bu qurumlarda baş həkim və məktəb direktorları 200 manat, müəllim, tibb personalından olanlardan isə 30 manat “yığım” nəzərdə tutulur.
Seçkilərin karuselləşdirmə əməliyyatının “baş rol” ifaçıları olan itaətkar müəllim və həkimlər, bu “xərac” yığımına necə reaksiya verəcəkləri hələ ki, məlum deyil. Ölkədə 150 000 müəllim kontingenti olsa da, bu yaxınlarda verilən fərmanın mürəkkəbi qurumamış, ancaq 30
000 müəllimin maaş artımı nəzərdə tutulub. Çox güman ki, maaş artımına qovuşmuş müəllimlərdən iki qat “xərac” yığılacaq.
Tezliklə qarşılaşacağımız böhran burluğanından xilas olmağın yolunu, hökumət aylıq maaşa qulluq edən insanların cibinə girməkdə görür. Cənablar, bəs deyirdiniz iqtisadi böhran bizdən yan keçəcək? Doğru proqnozdur, böhran Sizdən yan keçsə də, xalqı qabağına qatıb hara, hansı səmtə aparacağı bu gün də bəlli deyil!
Suda boğulan saman çöpündən yapışar, Allah bizi bu “bəla”- dan xilas eləsin! Amin!
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?