Sabiq komitə sədri ilə bağlı sensasion iddialar yayılıb
Ötən həftə ləğv edilən və bununla da toxunulmazlıq hüququnu itirən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov çox təhlükəli vəziyyətlə üzləşib.
«Gündəm Xəbər»i məlumatlandıran mənbə deyir ki, komitənin ləğvindən sonra yaradılan ləğvetmə komissiyası hələ yoxlamaya başlayıb, təhvil-təslim prosesi aparmamış keçmiş komitə sədrinə yeni «siqnal» verilib.
Qərib Məmmədovun yaxın həftələrdə tamamilə başqa bir məsələ ilə bağlı istintaqa cəlb ediləcəyini bildirən müsahibimiz deyir ki, bu cəlbetmə keçmiş komitə sədrinə baha başa oturacaq:
«Yəqin məlumatınız var ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Həsən Əliyevin adı keçən və cəmiyyətdə daha çox «600 min manata icra başçısı təyinatı» kimi hallandırılan qalmaqallı cinayət işi ilə bağlı gündəmi silkələyən istintaq materiallarının yayılması, bir sıra yüksək vəzifə sahiblərini çətin vəziyyətdə qoyub. Hazırda dələduzluqda ittiham olunan keçmiş hakimin Gəncə Ağır Cinayətlər Məhkəməsində prosesi gedir və məhkəmədə bir sıra vəzifəli şəxslər ifadə veriblər. Amma həmin hadisədə Qərib Məmmədov və vəzifəsi məmurluqdan daha çox, siyasi post sayılan şəxslər kənarda saxlanıldı. Daha dəqiqi, onlarla bağlı olan dosye dondurulmuş saxlanıldı. İndi isə Qərib Məmmədov vəzifəsini itirib və onu bu səbəbdən istintaqa cəlb edilməsi qaçılmaz olub».
Məlumata görə, həmin qalmaqalı cinayət işində keçmiş hakim Həsən Əliyev tərəfindən guya icra başçısı qoydurulacaq Ramazan Səlimov adlı şəxs istintaqa verdiyi ifadədə ölkənin tanınmış vəzifə sahibləri ilə görüşünün detallarını danışıb. O, bununla Qərib Məmmədov kimi, hazırda vəzifə başında olan çoxunun karyeralarını sual altına alıb: «Və məncə, gözlənilən zaman artıq yetişib. Düzdür, Qərib Məmmədov Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü olduğundan onun həbs ediləcəyini gözləmirəm. Amma əminəm ki, bu olay onu və digər adı hallanan vəzifəli şəxsləri həddən artıq «məngənə»də saxlayacaq».
Müsahibimizin sözlərinə görə, barəsində dələduzluq maddələri ilə cinayət işi açılmış keçmiş hakim Həsən Əliyevin işi ilə bağlı "Azəriqaz”ın sədr müavini Zahid Səfərovun da vəziyyəti gərgindir: «Onların vəzifə ehtirası ilə alışıb-yanan və keçmiş hakim Həsən Əliyevin xahişi ilə qəbul edib, vəzifə alveri söhbətləri etdikləri Ramazan Səlimovdan qiymətli hədiyyələr qəbul etməsi, üstəlik, ona vəzifə vədi vermələri istintaqın diqqət mərkəzindədir. Məndə olan məlumata görə, cinayət işində adı hallanan bütün vəzifəli şəxslər barəsində Baş Prokurorluq vasitəsilə Prezident Administrasiyasına dosye göndərilib. Orada cinayət işində olan materiallar və əməliyyat-istintaq tədbirlərinin hələ də cəmiyyət üçün qapalı saxlanılan hissələri haqda geniş izahatın olduğu da deyilir. Bəlkə də Qərib Məmmədova yeni vəvzifə verilməməsi və sair kimi halların baş verməsində elə bu məsələ də az rol oynamayıb. Bu isə onu göstərir ki, cinayət işində adı «vəzifə alverçisi» kimi çəkilən Qərib
Məmmədov kimi çoxunun karyerasına nöqtə qoyula bilər. Çünki bu adamlar əməlləri ilə birbaşa dövlətin kadr siyasətinə ciddi xələl gətiriblər. Şübhəsiz ki, hakimiyyət öz imicini qorumaq və ictimai rəydə bu məlumatların daha dərinə işləməməsi üçün radikal addımlar atmaq zorunda qalacaq».
Müsahibimizin sözlərinə görə, artıq cinayət işində adı çəkilən məmurlar bərk əndişəyə düşüblər: «Xüsusi ilə keçmiş komitə sədri Qərib Məmmədov təkcə komitənin ləğvindən sonra başlanan yoxlamadan narahat deyil, onun həm də bu cinayət işindən səksəkəli olması da istisna deyil».
Sorğu
Yeni dizaynımız necədir?