Toğrul Babayev müstəntiqi cinayət işinin istintaqını düzgün aparmamaqda günahlandırdı
İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Beyləqan rayon sakini Ramil Məmmədzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. O, istintaqa şəxsiyyətləri məlum olmayan İran İslam Respublikasının vətəndaşları ilə qabaqcadan əlbir olaraq dövlət sərhəddən gizli olaraq narkotik vasitələri Azərbaycan ərazisinə keçirməyi planlaşdırıb.
Ramil Məmmədzadə narkotik vasitə olan 10075,0 qram həşiş qətranını Azərbaycanın mühafizə olunan dövlət sərhəddini nəzarət-buraxılış məntəqələrindən kənarda keçib, həmin külli miqdarda olan narkotik vasitəni qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə gətirib.
Bundan əlavə, o, şəxsiyyəti istintaq yolu ilə araşdırılan iranlılarla təkrar cinayət əlaqəsinə girərək 10075,0 qram həşiş qətranını əldə edib. O, həmin narkotik vasitəni 13 dekabr 2012-ci il tarixdə, saat 01.00 radələrində dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənar hissəsindən Beyləqan rayonu ərazisinə keçirməyə cəhd edib. O, Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Ramil Məmmədzadə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Onun şikayəti baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilib.
Hakim Etibar Camalovun sədrliyi ilə keçirilən prosesdə çıxış edən Ramil Məmmədzadənin vəkili Toğrul Babayev müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Vəkil bildirib ki, Ramil Məmmədzadənin barəsində çıxarılan hökm qanunsuzdur və ləğv olunmalıdır: “Ramil Məmmədzadə barəsində aparılmış cinayət işi ilə tanış olarkən müəyyən edilir ki, cinayət işi iki cilddən ibarətdir. Cinayət işinin birinci cildi müstəntiq Ramil Tağıyev tərəfindən ksero surət edilərək tikilib, ikinci cildi isə ancaq bir neçə istintaq hərəkəti aparılıb. Müstəntiq Ramil Tağıyev 21 noyabr 2013-cü il tarixdən Bakı İstintaq
Təcridxanasında İsmayıl Alışovu şahid kimi dindirib və noyabrın 26-da üzləşmə protokolu tərtib edib. Həm dindirmə, həm də üzləşmə protokolu kompüterdə tərtib olunub. Şahid İsmayıl Alışov şahid kimi dindirmə protokolunda verdiyi ifadə üzləşmə zamanı kompüterlə üzləşmə protokoluna eynilə köçürülüb. Bununla da prosessual pozuntuya yol verməklə təqsirləndirilən şəxs Ramil Məmmədzadə barəsində ibtidai istintaq aparılmayıb, onun müdafıə hüquqları pozulub”.
Vəkilin sözlərinə görə, digər təqsirləndirilən şəxs İsmayıl Alışov barəsində aparılmış cinayət işi üzrə şahidlərin ifadələri kserosurət edilərək təqsirləndirilən Ramil Məmmədzadə barəsində aparılan cinayət işinə əlavə olunub: “Ramil Məmmədzadənin cinayət işi ilə əlaqədar isə heç bir şahid dindirilməyib. Cinayət Prosessual Məcəlləsinin 235.4-cü maddəsində göstərilir ki, üzləşməyə çağırılmış şəxslərə aydınlaşdırması üçün üzləşmənin aparıldığı işin halları üzrə növbə ilə ifadə vermək təklif olunur. Lakin müstəntiq Ramil Tağıyev həmin məcəllənin tələblərini kobud surətdə pozaraq Arif Alışovu noyabrın 21-də verdiyi ifadənin eynilə nöqtə və vergüllər də yerində olmaqla üzləşmə protokoluna köçürüb. Bununla da Cinayət Prosessual Məcəlləsinin maddələrinin tələbləri kobud surətdə pozulub. Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində bildirib ki,
onun tərəfindən heç bir cinayət hadisəsinə yol verilməyib. İttiham tərəfi ancaq məhkum İsmayıl Alışov tərəfindən verilən ifadəyə istinad edərək hökm çıxarıb, əlavə heç bir sübut toplamayıb. Ramil Məmmədzadə həm ibtidai istintaqda, həm məhkəmə istintaqında göstərib ki, onunla İsmayıl Alışov barəsində şəxsi qərəzlik olub, belə ki, o, musiqiçidir və musiqiçi yoldaşları Nəsirov Firuz, Məlikov Valehlə birlikdə Beyləqan rayonu Şahsevən kəndində İsmayılgildə toyda iştirak ediblər. Lakin bu günə qədər dəfələrlə pulunu istəməsinə baxmayaraq, Alışov İsmayıl ona borcunu qaytarmayıb. Aralarında bununla əlaqədar dəfələrlə mübahisə olub. Cinayət işinin materiallarında Ramil Məmmədzadənin cinayət əməlini törətməsini təsdiq edən hər hansı bir sübutun olmadığı halda, məhkəmə şübhə və mülahizələr əsasında onun barəsində ittiham hökmü çıxarıb”.
Prosesdə çıxış edən prokuror Ceyhun Əliyev müdafiə tərəfinin verdiyi apelyasiya şikayətinin əsası olmadığını bildirib. Onun sözlərinə görə, Ramil Məmmədzadənin əməli istintaq materialları ilə sübuta yetirilib. Tərəflərin fikirlərini öyrənən hakim sonda təqsirləndirilən şəxsin apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar açıqlayıb.
Qeyd edək ki, cinayət işi üzrə adı hallanan İsmayıl Alışovun barəsində cinayət işi ayrıca icraatda araşdırılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?