Türkiyə hərbi elitası vasitəsi ilə Qərblə isti münasibətlər qurması rusiyameyilli qruplaşmanı nazirə qarşı hərəkətə gətirib
Müdafiə Nazirliyinin bir qrup hərbçisinin ölkə mətbuatında nazir Səfər Əbiyevin müdafiəsinə yönəlik bəyanatla çıxış etməsi son vaxtlar Azərbaycan Ordusu ətrafında başladılmış hay-küyün gerçək səbəblərini çözmək üçün yaxşı bir ipucu olub. Söhbət ondan gedir ki, bu bəyanatın yayılması cəmiyyətin diqqətini yenidən Ordunun daxilində hansı proseslərin getdiyini öyrənməyə yönəldib. İndi hər kəsi bir sualın cavabı maraqlandırır: Orduda nələr olur ki, KİV-ə birbaşa çıxışı qadağan edilmiş hərbçilər artıq sərbəst şəkildə siyasi bəyanatlar vermək, imzalamaq və hətta onu hansısa media qurumuna göndərmək həddinədək müstəqillik əldə ediblər? Yoxsa, doğrudan da, Səfər Əbiyevin mövqeləri o dərəcədə zəifləyib ki, çıxış yolunu tabeçiliyindəki zabit heyətinin mətbuata bəyanat ötürməsində görür? Bu mövzu ilə bağlı Azpolitika.info-ya ölkənin hərbi və siyasi dairələrinə yaxın mənbələrdən olduqca ilginc məlumatlar daxil olub. Sayta çatan məlumatalara görə, ilin əvvəllərindən başlayaraq Ordudakı problemlərin qabardılması və hətta bu məqsədlə yanvarın 12-də Bakının mərkəzində izdihamlı icazəsiz aksiyanın keçirilməsi hakimiyyətin öz planı olub: “Fikir verdinizsə, Ordudakı daha böyük itkilərə susan, laqeyd qalan partiyalar – hansı ki, çoxu hakimiyyətin nəzarətindədir və hər ay bəlli ünvanlardan pullarını alırlar - eyni mərkəzdən idarə olunurlarmış kimi, əsgər Qubadovun ölümü ətrafında necə böyük hay-küy saldılar, bəyanat yarışına girişdilər. Ardınca da Fəvvarələr Meydanında icazəsiz aksiya keçirildi. Hökumətin müxalifətdə, QHT sektorunda nə qədər adamı var idisə, hamısını tökdülər ora və polisin də hər hansı müdaxiləsinə rast gəlinmədi. Sonra da Səfər Əbiyevdən narazı keçmiş hərbçiləri saldılar ortaya ki, Müdafiə nazirinin istefası üçün imza kampaniyasına başlasınlar... Yəni, bütün bu şouda məqsəd Səfər Əbiyevin vəzifəsindən uzaqlaşdırılmasına nail olmaqdır. Səfər Əbiyev də bunu bilir və açıq şəkildə müqavimət göstərir. Beyləqan Korpusunun bir qrup zabitinin adından Müdafiə Nazirliyinə qarşı hücumları pisləyən bəyanatın yayılması da Səfər Əbiyevin cavab zərbəsidir. O, bununla müqavimət göstərəcəyinə işarə edir. Ancaq bu addımı onun get-gedə ağırlaşan vəziyyətini daha da pisləşdirəcək”. Mənbənin iddiasına görə, Səfər Əbiyevə qarşı hücumların təşkili 2013-cü il seçkiləriylə əlaqədar hakimiyyət içərisində yaranmış narahatçılıqlardan qaynaqlanır: “Hakimiyyət komandasında məlumat var ki, yaz aylarından etibarən ölkədə xarici qüvvələrin təhriki ilə proqnozlaşdırılmayan hadisələr baş verə və 2013-cü il seçkilərinə nəzarət hökumətin kontrolundan çıxa bilər. Seçkiqabağı vəziyyətin nəzarətdən çıxmaması və seçkinin də hakimiyyətin istədiyi kimi keçməsi üçün hökumət indidən öz içərisində təmizləmə aparmaq, əsas strukturlara ən etibarlı adamlarını yerləşdirmək niyyətindədir. Bu sırada da önəmli yeri güc strukturları tutur. Çünki güc strukturlarından hər hansı birinin üzərinə düşən vəzifəni yerinə yetirməməsi vəziyyəti hakimiyyətin əleyhinə çevirə bilər. Ölkənin ən böyük silahlı gücü isə iki nazirlikdə birləşib – Daxili İşlər və Müdafiə Nazirliyi. Fikir verirsinizsə, son vaxtlar DİN-də sürətli kadr yerdəyişmələri aparılır. Etirazların çox olduğu, seçkiqabağı nəzarətdən çıxa və ya təxribatların təşkil edilə biləcəyi rayonlara, iri şəhərlərə təcrübəli və mövcud hakimiyyətə sədaqətli adamlar rəis göndərilir. Ancaq hakimiyyətdə Müdafiə Nazirliyi sisteminə, xüsusən də Səfər Əbiyevin özünə əvvəlki güvən yoxdur. Nazirin Türkiyə hərbi elitası vasitəsi ilə Qərblə isti münasibətlər qurması hakimiyyədə ona inamsızlıq yaradıb. Onun Qərbə sırımaq cəhdləri hakimiyyətdə heç də yaxşı qarşılanmayıb. Bu, sədaqətsizlik, kritik situasiyada “başqa yerə sığınmağa meyl” kimi qiymətləndirilib. Digər tərəfdən, 2003-cü ilin seçkilərində elə korpus və briqada komandirləri var idi ki, İsa Qəmbərə açıq dəstək verdilər, hətta bir neçə hərbi hissədə qutudan İlham Əliyevin yox, İsa Qəmbərin adı çıxdı. Bu, nazir kimi, Səfər Əbiyevin kritik anlarda Orduda hakimiyyətin maraqlarını qorumaq üçün xüsusi fəallıq göstərmədiyini və ya buna ehtiyac duymadığını ortaya cıxarmışdı. Yenə kritik anlardan biri yaxınlaşır. Odur ki, hakimiyyətə ordunun başına onun siyasi maraqlaını qoruyan şəxsi gətirmək istəyir. Digər tərəfdən, Ordu büdcədən ən çox vəsaitin ayrıldığı və ən çox korrupsiyanın baş verdiyi sektordur, əhalinin bütün təbəqələri burada olan mənfi və ya müsbət dəyişikliyi tez hiss edir. Odur ki, hakimiyyət bütün bu amilləri nəzərə alaraq, seçkiyədək Orduda təmizləmə və islahat siyasəti həyata keçirmək, Müdafiə Nazirliyi rəhbərliyinə relimə çox sadiq adam gətirmək istəyindədir.” Qeyd edək ki, mənbəmiz bir müddət əvvəl saytımızda Kəmaləddin Heydərovun Müdafiə naziri postuna gətirilməsinin mümkünlüyü haqda məlumatın da doğru olduğunu söyləyib: “Bu yerə hakimiyyətdəki “Naxçıvan klanı” ya Kəmaləddin Heydərovu, ya da onun kadrı və qudası sayılan Dövlət Sərhəd Xidmətinin rəhbəri Elçin Quliyevi gətirmək istəyir. Hər ikisi həm prezident İlham Əliyevin güvəndiyi, həm də siyasi qərarları sözsüz yerinə yetirəcək şəxsdirlər. Onlardan birini bu posta verməklə, Ordunun əmin əllərdə olmasını təmin edəcəklər”. Mənbə onu da bildirib ki, hakimiyyətdə Səfər Əbiyevə qarşı olan inamsızlıq Orduda da özünü göstərir:“Hazırda Ordu Səfər Əbiyevin tərəfdarları və əleyhdarları olmaqla iki yerə bölünüb. 5 Ordu korpusundan yalnız biri – II ordu korpusu Səfər Əbiyevin müdafiəsindədir, naziri müdafiə bəyanatını da əsasən də bu korpusun zabitləri imzalayıblar. Digər korpus komandirləri – I korpusun komandiri general Nizami Osmanov, III korpusun komandiri general Rövşən Əkbərov, IV korpusun komandiri general Kərim Vəliyev və V korpusun komandiri general Kərəm Mustafayev nazirlə ziddiyyətdə olan generallardır və onun müdafiəsinə qol qoymayıblar. Hətta onlardan bəzilərinin adı peşəkar hərbçi kimi, Müdafiə naziri postuna gətirilə biləcək fiqurlar siyahısında yer alır”. M.Əli, Azpolitika.info
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?