Milli Şuranın Bakıda planlaşdırdığı mitinq başlayıb. Gündəmxəbər-in virtualaz.org-a istinadən verdiyi məlumata görə, “Məhsul” stadionunda keçirilən mitinq dövlət himni ilə açıq elan edilib. Daha sonra AXCP sədrinin müavini Əbülfəz Qurbanlı, AXCP sədri Əli Kərimli, AXCP sədrinin müavini Gözəl Bayramlı çıxış ediblər.
AXCP sədri manatın kəskin devalvasiyasına etirazını bildirib. Ənənəvi leksikondan istifadə edərək deyib ki, bu aksiya “sırf sosial sifarişin nəticəsidir”. Halbuki əhalisinin sayı 3 milyona çatan paytaxtın əsas meydanında cəmi bir neçə yüz etirazçı var.
Ən maraqlısı da odur ki, onlar meydanda hökumət əleyhinə etiraz ruhlu marşın sədaaları altında toplaşıblar. Bu marşın müəllifi isə hazırda Almaniyaya sığınan Hüseyn Abdullayevdir. Bu da bir təzaddır ki, “Quska” ləqəbli qaçqın-oliqarx-bəstəkar bir vaxtlar qoçu dəstələrinin başçısı kimi həmin bu müxalifətçilərin aksiyalarını dağıdır, onlara divan tuturdu.
Meydanda etirazçıların sayının az olması müxalifət liderlərini elə karıxdırıb ki, onlar aksiya iştirakçılarından tribunaya yaxınlaşmağı xahiş edirlər.
Qeyd edək ki, müsavatçılar bu aksiyaya həvəs göstərməyib. Müsavat başqanının müavini Elman Fəttah APA-ya deyib ki, hər bir müsavatçı Milli Şuranın martın 15-nə təyin etdiyi mitinqə qatılıb-qatılmamaqda sərbəstdir. Müsavat partiya olaraq aksiyada iştirak etməyəcək:
"Milli Şura mitinqi özü təyin edib və mitinqdə iştirak etmək üçün heç bir partiyaya müraciət etməyib. Ona görə də, mitinqdə iştirakla bağlı heç kimə tapşırıq vermirik, bunu üzvlərin öz öhdəsinə buraxırıq. Kim istəsə, mitinqə qatıla bilər”.
Aksiya dinc məcrada davam edir. Heç bir kənar müdaxilə, “ÇP” qeydə alınmayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?