Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev məhkəməyə verilib.
Bu barədə “Gündəm Xəbər”ə Dövlət İqtisad Universitetinin professoru, iqtisad elmləri doktoru Bədirxan Musayev məlumat verib. Onun sözlərinə görə, Milli Məclisin komitə sədri Şəmsəddin Hacıyev İqtisad Universitetinin rektoru işləyərkən ona qarşı iki qanunsuz əmr verib: «Həmin əmrlər saxta sənədlərə əsaslandığından cinayət tərkibi yaranıb. Bundan əlavə, o, mətbuata açıqlamasında «Mən, Bədirxan Musayevə «Vətən xaini» damğası vuraraq, qovmuşam», - deyib. Şübhəsiz ki, Şəmsəddin Hacıyevin nə mənə, nə də başqasına «Vətən xaini» damğası vurmaq səlahiyyəti yoxdur və ola da bilməzdi. Razılaşaq ki, bütün bunlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə ciddi məsuliyyət və cəza yaradan hallardır. Mən də bunları əsas tutaraq, Nəsimi rayon Məhkəməsində ona qarşı xüsusi ittiham qaydasında iddia qaldırmışam. Artıq iş üzrə hakim bəllidir və dünən proses keçirilib».
Professor deyir ki, hakim Şəlalə Həsənova dünən şikayətinin baxışa qəbul edilməsi ilə bağlı iclas keçirib: «Doğrudur, bilirəm ki, hakim Şəlalə Həsənova Şəmsəddin Hacıyevin deputat toxunulmazlığına görə işi ya icraata qəbul etməyəcək, ya da qəbul edib, başqa bir bəhanə ilə rədd edəcək. Zatən,
Azərbaycan məhkəmələrindən başqa gözləntim də yoxdur. Sadəcə, mən istəyirəm ki, cəmiyyət kimin haqlı olduğunu görsün».
Professorun açıqlaması ilə bağlı Şəmsəddin Hacıyevə telefon açsaq da, onunla danışa bilmədik. Deputatın mövqeyini də dinləməyə hazırıq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?