Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru, deputat Şəmsəddin Hacıyevə qarşı Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə qaldırılmış şikayətlə bağlı yeni xəbər var.
"gundemxeber.az"-a verilən verilən məlumata görə, bu gün Xətai rayon Məhkəməsində Dövlət İqtisad Universitetində rektorun sabiq müşaviri, iqtisad elmləri doktoru Bədirxan Musayevin iddiası əsasında deputat Ş.Hacıyevin xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb edilməsi barədə şikayətə baxılıb. Lakin nə deputat, nə də onun vəkili prosesdə iştirak etməyib.
Bununla bağlı mətbuata açıqlama verən iqtisad elmləri doktoru Bədirxan Musayev deyib ki, hakim Bəxtiyar Məmmədov Ş.Hacıyevə dövlət tərəfindən vəkil ayrılması haqda qərar verib: "Mən isə buna etiraz edərək, məhz Şəmsəddin Hacıyevin prosesdə iiştirak etməsini tələb etdim. Buna görə məhkəmə təxirə salındı”.
Musayev bildirib ki, növbəti məhkəmə prosesi sentyabrın 12-də saat 17.00-da davam etdiriləcək.
Xatırladaq ki, Şəmsəddin Hacıyevin sabiq müşaviri, iqtisad elmləri doktoru, universitetdə kibernetika elminin yaradıcısı və həmin sahə üzrə 40 il kafedra müdiri işləmiş Bədirxan Musayevin sabiq rektora qarşı çıxmasının maraqlı səbəbləri var. Belə ki, 3 ilə yaxındır qanunsuz işdən çıxarılmasına etiraz edən B.Musayev həmiin gündən etibarən sabiq rektorun bütün korrupsiya və digər qanunsuz əməllərini ifşa etməklə məşğul olub. İqtisad elmləri doktoru deyib ki, 60 ildən artıq bir dövrü əhatə edən elmi-pedaqoji fəaliyyətim zamanı elmi məktəbin bünövrəsi hesab etdiyi "İqtisadi kibernetika” kafedrasına rəhbərliyi ilə yanaşı, 10 ilə yaxın müddətdə fakültə dekanı, 1993-cü ildən 2000-ci ilə qədər prorektor vəzifəsində işləyib: «2000-ci ildən 2013-cü ilə kimi Azərbaycan Dövlət İqtisad Universitetinin rektorun müşaviri vəzifəsində işləmişəm. Ancaq səhhətimlə bağlı hər hansı həkim rəyi olmadan Universitetin keçmiş rektoru Şəmsəddin Hacıyev əsassız olaraq məni işdən azad etdi və həmin dövrdən başlayaraq Milli Məclisinin deputatı Hacıyev Şəmsəddin Hümmət oğlu mənim şərəf və ləyaqətimi ləkələyən, eləcə də məni nüfuzdan salan, dövləti cinayətlərdə ittiham edən məlumatları kütləvi informasiya vasitələrində yaymaqla məşğul olub. Belə böhtanlardan biri də "Yeni Müsavat” qəzetinin 14 dekabr 2013-cü il tarixli sayında "Rektor-deputatla professorun davası qızışdı” başlığı altında, digəri qafqazinfo.az portalında "Ona "vətən xaini” damğası vuraraq işdən qovmuşam” başlıqlı məqalələrdə yer alan ifadələrdə öz əksini tapıb. Həmin yazılarda deputat Şəmsəddin Hacıyev deputat toxunulmazlığından istifadə edərək "mən ona vətən xaini damğası vuraraq işdən qovmuşam” deyib. Ola bilər ki, Ş.Hacıyev hüquqşünas olmadığı üçün "vətən xaini” ifadəsinin nə demək olduğunu anlamır. O, məni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə - Dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə - ağır cinayət sayılan əməldə ittiham edib.
Göründüyü kimi Ş.Hacıyev məni dövləti və ağır cinayətdə ittiham etməklə yanaşı, bir az da qabağa gedərək Ulu Öndər, Ümummilli liderimiz mərhum Heydər Əliyevin də adından istifadə etmişdir. Belə ki, həmin yazılarda Ş.Hacıyev bildirmişdir: "Bu adamın əməllərindən hələ o vaxt Heydər Əliyev şəxsən xəbərdar idi, sözünü də bir dəfə konfransda üzünə demişdi”. Ancaq əsla belə bir hal olmayıb. Olubsa, sübutları ortaya qoysunlar. Bilirsiniz ki, mərhum prezidentin bütün çıxışları dərc olunur, videoya çəkilir. Əgər belə bir hal varsa, həmin çıxışın stenoqramasını və ya videosunu cəmiyyətə yaysınlar da. Yoxdur axı. Elə bir hal olmayıb”.
Məsələ ilə bağlı Dövlət İqtisad Universiteti ilə yanaşı, Şəmsəddin Hacıyevin də mövqeyini yaymağa hazırıq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?