PA rəhbəri xalq etirazlarını öz maraqlarına yönləndirir
Son 10 illik bütün sosial-siyasi konfliktlər ancaq Ramiz Mehdiyevin güclənməsinə xidmət edib
Bir il öncə ölkədə Quba hadisələrinin şoku yaşandı və hələ bu mövzu medianın gündəmindən düşməmiş. Arda-arda bir neçə rayonlar qəzet manşetlərinə çıxdı. “İsmayıllıda üsyan”, “Zaqatalada bunt”, “İmişlıdə etiraz aksiyası”... Hələ bu sıraya hansı rayonların əlavə olunacağı bəlli deyil...
Xalqın qəzəb hədəfi
Sadalanan aksiya və hadisələrdə oxşar və fərqli cəhətləri çoxdu. Ama indilik daha çox iki məqamın üzərində dayanacağıq. İsmayıllılar da qubalılar kimi ayağa qalxıb etiraz etdilər. Hər iki üsyanın baş verməsinin səbəbi yerli əhalinin təhqir edilməsi oldu. Hər iki olay yanğınla başladı. Qubalılar icra başçısı Rauf Həbibovun malikanəsini, ismayıllılar isə rayonun de-fakto sahibi olan Ələkbərovlar qardaşlarının “Çıraq” hotelini, villadakı bir mərtəbəli koteji və bir neçə maşını külə döndərdilər. Quba olayının üstündən bir ilə yaxın zaman ötsə də, camaatı bu hadisəyə sürükləyən şəxsə qarşı heç bir ciddi ölçü götürülmədi. Yalnız Rauf Həbibov işdən azad edildi. Əksinə, etirazçılar günahlandırıldı və hazırda bir neçə Quba sakini dəmir barmaqlıqlar arasına salındı. İsmayıllıda da cəza çəkən yenə əhalidir. Buranın Qubadan bir fərqi də ondan ibarətdir ki, icra başçısı hələ də vəzifəsindədir. Zaqatala və İmişlidə isə ortada konkret tələblər var. Zəlzələdən ziyan çəkənlər onların haqlarının yetərincə ödənilmədiyini bildirir, İmişlidə də insanlar əməkhaqqının ödənilmədiyinə, sahibkarların haqqının tapdandığına etiraz edir. Səbəblərin müxtəlif olmasına rəğmən hər 4 hadisənin forması eynidir və hər dəfə hədəfə hansısa məmur gəlir: Quba-Ziya Məmmədov, İsmayıllı – Füzuli Ələkbərov, Zaqatala- Kəmaləddin Heydərov, İmişli-Bəylər Əyyubov. Hadisələr düşünülmüş və ya təsadüfi şəkildə ayrı-ayrı məmurların üzərinə yönəldilir və bununla da əslində əhalinin gerçək etiraz hədəfi kənarda saxlanılır. Təbii ki, hər bir prosesin aysberq kimi görünən və görünməyən tərəfi var. Bir suala cavab axtaraq. Camaat Qubada, İsmayıllıda niyə ayağa qalxdı? Nədən Qubada icra başçısının evinə, İsmayıllıda hotelə hücum etdilər? Olmazdımı söyüşü söyənləri cəzalandırmaqla işə xitam verəydilər? Bəli, ismayıllılar, qubalılar onları təhqir edənləri cəzalandırmaqla işlərini bitmiş hesab edə bilərdilər. Çırmaladıqları qollarını yanlarına sallayıb məsələyə son qoyardılar. Əgər etmədilərsə və yeni olaylara yol açdılarsa, deməli, məsələnin nədəni başqadır. Zaqatala və İmişlidə ki, heç kimi təhqir etməyiblər. Əksinə, Zaqatalada FHN-in etiraza çevik reaksiyasının şahidi olduq. Demək, hədəf əhalinin qəzəb hədəfi Kəmaləddin Heydərova deyil. Elə isə səbəb nədir? Ölkəni bürüyən etiraz dalğasının arxasında nədurur?Bəli, bu suallar cavab tələb edir. Cavab başqa mətləblərə cığırlar açılır.
Hakimiyyət etirazlara rəvac verir
Etirazlar baş verən rayonlarda bir neçə məqamı burada diqqətə çatdırmaq lazımdır. 1. Bu rayonların sakinləri hələ iki-üç il öncə rayonda belə partlayışın ola biləcəyini “yuxarı”lara çatdırıblar; 2. Bu günün etirazçıları onları dəfələrlə təhqir edən məmur övladları ilə bağlı bir gün ciddi ölçü götürəcəklərini bəyan ediblər; 3. Sosial problemlərin həll edilməyəcəyi təqdirdə nə vaxtsa ayağa qalxıb etiraz edəcəklərini öncədən bildiriblər; Özü də bu yalnız artıq etirazlar keçirilmiş rayonlara aid deyilş ölkənin böyük bir hissəsinə aiddi. Bu, 3 bəndə diqqət yetirməklə olayın nədən qaynaqlandığını açıq-aydın sezmək mümkündür. Deməli, bu etiraz dalğasının qarşısını elə iki-üç il öncədən almaq olarmış. Necə? Yuxarıda qeyd etdiyimiz üç bəndi bir az yumşaltmaqla. Məsələn, camaatı təhqir edən məmur balalarına, yəni Nizami Ələkbərov qardaşı oğluna, öz qonum-qonşusuna, o cümlədən, onların şirkətində çalışan, övladlarının dostlarına qəti şəkildə göstəriş verilə bilərdi ki, insanları təhqir etməyin, rayonda bir neçə iş yeri açmaqla sosial problemlər tam olmasa da, qismən həll edə bilərdi. Əksinə, adı hallanan oteldən maddi sıxıntılar içərisində yaşayan insanların köçürülməsinə şərait yaradılmaqla problemlər bir az da qabardıldı. Göründüyü kimi, insanlar etiraza qalxdı və…
Etiraz dalğası nəyin görsənişidir?
Baş verən olayların başqa tərəfi də var. Müəyyən dairələrdə İsmayıllı, Zaqatala, İmişli hadisələrinin hakimiyyətdaxili ziddiyyətlərdən doğan bir görsəniş olduğunu iddia edənlər tapıla bilər. Onların fikrincə qrup savaşı, oliqarxiya marağı sonda bu cür üsyanlara gətirib çıxarır. Deyilən və ancaq adları çəkilməyən bu versiyalarda kimlərin maraqları ola bilər və niyə? Bunun üçün ilk növbədə ölkədə son zamanlar baş verən proseslərə diqqət yetirmək lazımdır. 2012-ci ilin sonlarında ölkə gündəmini məhz bir olay zəbt etmişdi. Bu, ABU-nun keçmiş rektoru Elşad Abdullayevin yaydığı videolar idi. Fransadan yayımlanan bu videolar ölkədə böyük partlayışlar yaratdı. Süjetlərdə bir neçə nəfərin görüntüsü olsa da, əsas məqsəd Prezident Administrasiyası Ramiz Mehdiyevin “vurulması”dı. Elşad Abdullayev də müsahibələrində bunu dolayısı ilə təsdiqləyir. Qardaşı Mahir Abdullayevin yoxa çıxmasında (bəlkə də öldürülməsində – red.), pullarının alınıb geri qaytarılmamasında birbaşa PA rəhbərini təqsirli hesab edir. Bunların fonunda bütün gözlər Ramiz Mehdiyevə dikilir. Baxmayaraq ki, hökumət nümayəndələri əvvəl-əvvəl PA rəhbərini müdafiə edir, onun adından dələduzluq edildiyini söyləyirdilər. Sonradan həmin müdafiəçilər də gözdən itdi. Yəni, Ramiz Mehdiyev ətrafında olan bir-iki nəfərlə döyüş meydanında böyük bir orduyla üz-üzə qaldı. Təbii ki, bütün bunlar onu göstərirdi ki, kifayət qədər idarəetmə təcrübəsi olan Ramiz Mehdiyev çox sakit şəkildə tabe olan deyil, səssiz-sədasız istefa verməyəcək! Bir müddət sonra o öz gücünü göstərəcəkdi. Zahid Orucun “Ramiz Mehdiyevin qisası çox pis olacaq” deməsi az öncə sadaladığımız fikirləri təsdiqləyir. Və elə belə də oldu…
Hadisələrin arxasından görünən kölgə
Bəs, bu olaylarda kimin əli var? Ramiz Mehdiyevinmi? Birmənalı olaraq kiminsə adını çəkmək olmaz. Ancaq proseslərin ilkin gedişatına baxaq: Elşad Abdullayevin videoları çıxandan sonra Ramiz Mehdiyevə hakimiyyətdaxili də güclü əllər savaş açdılar. Hətta İlham Əliyevin birdən-birə Prezident Administrasiyasına özünə dörd müavini təyin edilməsi başqa maraqların burada oyun oynamasını diqtə edir. İndi “bu olayları kimlər yarada bilər” sualına cavab tapaq. 1. PA rəhbəri bu cür olayları yaratmaqla, yaxud baş vermiş olaydan kifayət qədər məharətlə istifadə etməklə öz gücünü göstərdi. İlham Əliyevə və onunla mübarizə aparanlara hələ də güclü olduğunu, hər an böyük iğtişaşlar yarada biləcəyini sübut edir; 2. PA rəhbərinə əks qüvvələr bu olayları yaradır və İlham Əliyevə göstərmək istəyir ki, Ramiz Mehdiyev aranı qatmaqla gündəmi dəyişməyə cəhd edir. 3. 2013-cü il seçki ili olduğu üçün və bu ilin heç də asan keçməyəcəyini anlayan iqtidar prosesləri indidən qızışdırmaq, bir növ seçkiyə beş-altı ay qalmışa kimi idarə etmək və sonda birdən-birə ciddi zərbə endirməklə insanların ruhunu qırmaq. Qeyd edim ki, bundan əvvəlki proseslər də belə olub. Kifayət qədər nəticə verib. Yəni, insanlar etiraz edir, bir-bir toplaşır, sonda heç bir nəticə olamyanda sona qədər mübarizə aparmırlar. Mübarizədə yenə bir-iki adam qalır. Hələlik, bu üç versiyadan biri bu olayların baş verməsini və bunun sürətlənməsini göstərir.
Proseslər idarə olunandır?
Gəlin son proseslərə baxaq. Yanvar ayında olan proseslərə diqqət yetirsək, hər şey açıq-aydın ortadadır. Əsgər Ceyhun Qubadovun vəhşicəsinə döyülərək öldürülməsi, Müsavat başqanı İsa Qənbərin Lənkərana məlum iki səfəri, gənclərin əsgər ölümləri ilə bağlı keçirdiyi aksiya, “Binə” bazarında işləyən ticarətçilərin etirazı, İsmayıllı olayı, İsmayıllı və “Binə”dəki olaya görə gənclərin ikinci mitinqi, Zaqatala, İmişli hadisələri, Neftçalada işləyən şəhərin baş memarının maşının yandırılması. Son 10 illik bütün sosial-siyasi konfliktlər ancaq Ramiz Mehdiyevin güclənməsinə xidmət edib. Siyasi elmlər üzrə təhsil alanlar və siyasətdə təcrübəli olanlar bilirlər ki, sosial konfliktlərin idarə edilməsi mexanizmi və buna paralel olaraq siyasi reytinq qazanma texnologiyası var. Azərbaycanda isə bu mexanizm və texnologiyanın tətbiq imkanları prezident aparatı icra müdürünün əlində olub. 1. Quba hadisələrini xatırlayırsınız. Təbii ki, oradakı xalq üsyanı baş verməsində keçmiş icra hakiminin qubalıları təhqir etməsinin böyük rolu olmuşdu. Ancaq bu prosesin qızışmasında və daha sonra icra hakiminin istefasıyla nəticələnməsində prezident aparatının xüsusi rolu olmuşdu. Mətbuat arxivini vərəqləsəniz məlum hadisə baş verməzdən əvvəl qəzetlərin Ramiz Mehdiyev Ziya Məmmədov arasındakı konfliktdən yazdıqlarını görəcəksiniz. Ramiz Mehdiyev Quba hadisələrində Ziya Məmmədovu cəzalandırmaq və gücünü göstərmək üçün bənzər texnologiyadan istifadə etdi. 2. İctimai diqqətin və təzyiqin Ramiz Mehdiyevin üzərində cəmləşdiyi bir dövrdə İsmayıllı hadisələrinin baş verməsi nə qədər təsadüf ola bilər? İsmayılının icra hakimi prezidentin təsir dairəsində olan bir nazirin qardaşı olması, Ramiz Mehdiyevin prezidentə verdiyi siyasi güc mesajı kimi qəbul etmək olar. İsmayıllı xalqının səmimi və haqlı etirazını dəstəkləmək boynumuzun borcudur, ancaq burada da proseslərin gedişində yuxarıda qeyd etdiyim mexanizmin işə düşdüyünü sezmək mümkündür. Əgər məqsəd doğrudan da günahkarları cəzalandırmaqdısa, niyə İsmayıllı xalqını təhqir edən nazir oğlu yox, təhqirə məruz qalmış İsmayıllı camaatı tutulur? Məqsəd aydındır və bu məqsəddən çürümüş sovet iyi gəlir. Məqsəd ədaləti bərpa etmək deyil, hakimiyyətdən narazı xalq üzərində güc nümayişidir. Ramiz Mehdiyevin özü narazı qüvvələrin olmasında maraqlıdır və bu qüvvələrin mövcudluğunun onun hakimiyyətini uzatdığı fikrindədir.Ortaya çıxan nəticə budur. 3. İsa Qəmbərin sərbəst şəkildə Lənkarana getməsində və orada bir tədbirdə iştirak etməsində qorxulu, anlaşılmaz nə var ki? Təbii ki heç nə. Bu səfəri siyasiləşdirərək güc savaşına dönüşdürən və səfəri lokal konfliktə dönüşdürüb qarşısını almaqla öz gücünü ortaya qoymaqda iddialı olan Ramiz Mehdiyev öz aləmində ölkəni idarəetmədə nə qədər güclü və peşəkar olduğunu göstərmək istəyir. Son 10 illik bütün sosial-siyasi konfliktlər ancaq Ramiz Mehdiyevin güclənməsinə xidmət edib.Ramiz Mehdiyevin siyasi gücü bu konfliktləri idarəetmə gücündən asılıdır. 4. Bu günlər Kəmaləddin Heydərovun nəzarətində olan Zaqataladan da bənzər narazıçılıq xəbərləri yayılmaqdadır.Kəmaləddin Heydərovun hakimiyyət daxili güc çəkişməsində prezident və ailəsi lehinə seçim etdiyini və həmçinin Ramiz Mehdiyevin yaxın kadrlarından sayılan Arzu Kazımovun həbsində müəyyən rol oynadığını bilirik və Mehdiyevin bu hərəklərdən qıcıqlanması şübhəsizdir. Biz bilirik ki, indiki vəziyyətdən sadəcə bir neçə rayon deyil, bütövlükdə Azərbaycan xalqı narazıdır. Regionlarda olan haqlı etirazların dəstəklənməsi də bizim vətəndaş borcumuzdur. Ancaq diqqətli olmamız gərəkən məqam, Ramiz Mehdiyevin süni sosial konfliktlər yaratmaqla və yaxud yaranmış konfliktlərin həllində güc nümayişinə alət olmamaqdır.Ramiz Mehdiyev ətrafındakı dairənin daraldığının və siyasi gücünün getdikcə azaldığının fərqindədir.
Kiçik bir haşiyə
Elşad Abdullayevin sonuncu yaydığı video bu qədər proseslərin içində itib-batdı. Hətta ən qaynar olan sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilmədi. Səbəb isə bəllidir. Bu qədər olay içində keçmiş rektorun videoları ciddi müzakirələrə yol aça bilməz. Bunun əksi üçün Elşad Abdullayev yeni videolar meydana çıxartmalıdır. O videolar ki, orada yeni insanlar olsun və yeni söhbətlərdən bəhs edilsin. Bu isə mümkün deyil. Çünki hər şey idarə olunandır. Videolar da, videoların gətirdiyi ajiotaj da, başqa olaylar da… Yaradılan bütün olaylar elə formada idarə olunur ki, onun qarşısını da tez kəsə bilirlər. Yəni, istəsələr bunu 10 gün, istəsələr bir gün davam etdirirlər. Sadəcə, indiki mərhələdə hər şeyin qısa olması daha yaxşıdır. Əks, halda proseslər idarəolunmaz bir hala gələ bilər. Ancaq bütün hallarda – hər üç versiyanın hansının olması o qədər önəm kəsb etmir. Əsas odur ki, insanlar özləri də dəyişiklik istəyirlər və belə yaşamağın mümkünsüzlüyünü açıq-aydın ifadə edirlər. Bu cür olaylarda xarici qüvvələrdən şübhələnmək, yaxud onlara barmaq silkələmək sadəcə, kiçik bir auditoriyaya hesablanmış addımdır. Bir sözlə, ölkədə hansı savaşın getməsindən asılı olmayaraq insanlar dəyişiklik, dəyişilmək istəyirlər… “Siyasət şöbəsi”
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?