«Reklam siyasəti»ndən vaz keçməzsə, Bakı-Rostov yolu bağlanacaq Keçən ilin 1 mart tarixində küçələrə axışaraq keçmiş icra başçısı Rauf Həbibovun evini yandıran, icra hakimiyyəti binasını daşqalaq edən qubalılar yenidən üsyan əhvalındadırlar. Bu barədə rayondakı qaynaqlar məlumat verib. Rayon sakinlərinin redaksiyamıza bildirdiyinə görə, neçə gündür ki, Qubanın üsyandan sonrakı icra başçısı Mübariz Ağayev yerli sahibkarlarla kəllə-kəlləyə gəlib. Buna səbəbsə icra hakimiyyəti tərəfindən Quba rayon mərkəzində yerləşən dükan və digər iaşə obyektlərinin reklam şitlərini yığışdırma tapşırığıdır. Sakinlər bildirir ki, əslində bu addıma özünün əlavə gəlir yeri kimi baxan icra başçısı sahibkarlardan reklam şitlərinin müqabilində az qala paytaxtdakı qədər pul istəyir: «Biz nə qədər qazanırıq ki, həm də icra başçısına haqq verək». Məlumata görə iki gün əvvəl bir qrup sahibkar icra hakimiyyəti işçilərinin reklam sökmə əməliyyatına etiraz ediblər: «Bu zaman əraziyə polis qüvvələri yeridilib və sahibkarlardan bir neçəsi saxlanılaraq polis bölməsinə aparılıb. Sonradan onların ifadəsi alınaraq, sərbəst buraxılıblar. Adını da qoyublar ki, guya sahibkarlar hakimiyyətə qarşı çıxır». Sahibkarlar bildiriblər ki, əgər Quba icra hakimiyyəti «reklam siyasəti»ni durdurmazsa, Bakı-Rostov magistral yolunu bağlayacaqlar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?