Bakı Apellyasiya Məhkəməsində quldurluqda ittiham olunan Famil Cavadov və Vüsal Qasımovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb. İttihama görə, 2014-cü ilin fevralın 22-də Zığ qəsəbəsi, R.Göyüşov küçəsində yerləşən hoteldə naməlum şəxslər Bakı şəhər sakini İlqar Əbilovu bıçaq və ülgüclə hədələyərək ondan 5547 manat və 3405 ABŞ dollar alıblar.
Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Famil Cavadov fevralın 24-də, cinayətin digər iştirakçı 1988-ci il təvəllüdlü Vüsal Qasımov isə iyunun 22-də tutulub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Famil Cavadov 14 il, Vüsal Qasımov 11 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar şikayətlərində cəzalarının yüngülləşdirilməsini istəyiblər.
Hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayəti üzrə ilkin dinləmə olub. Prosesdə əvvəlcə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Daha sonra onların apelyasiya şikayətləri müəyyən olunandan sonra məhkəmə baxışı aprelin 13-nə təyin olunub.
Sorğu
Yeni dizaynımız necədir?