Bakı Apellyasiya Məhkəməsində qardaşı oğlunu öldürməyə cəhddə ittiham olunan 1967-ci il təvəllüdlü
Oqtay Cəfərovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
İttihama görə, Oqtay Cəfərov bu ilin avqustun 1-də Pirallahı rayonunun Gürgən qəsəbəsində qardaşı oğlunu öldürməyə cəhd edib. Qəsəbə sakini, əvvəllər məhkum olunmuş, 1967-ci il təvəllüdlü Oqtay Cəfərov sərxoş vəziyyətdə xuliqanlıq zəminində sənədi olmayan ov tüfəngi ilə qardaşı oğlu, 1982-ci il təvəllüdlü Niyazi Cəfərovu güllələyib.
Nəticədə baş nahiyəsindən xəsarət alan Niyazi Cəfərov xəstəxanaya yerləşdirilib. Pirallahı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Oqtay Cəfərov tutulub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Oqtay Cəfərov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.
Hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə ilkin baxış iclası olub. Prosesdə Oqtay Cəfərovun anket məlumatları dəqiqləşdirilib. Daha sonra onun
apelyasiya şikayətinin dəlilləri müəyyən olunandan sonra məhkəmə baxışı aprelin 11-nə təyin edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?