Qarabağ əlilinin maşını quyuya düşüb və zərər çəkmişə təzminat ödənilməyib; Asif Şirinovun büdcə mənimsəmələri, əhali çirkab su verməsi haqda iddialar var
Ucar sakini “Gündəm-xəbər” qəzetinə müraciət edib. Rayonun Həbibi küçəsi, ev 9 sakini olan 2-ci qrup gənc Qarabağ əlili İbrahimov Aqil Vahid oğlu şikayətini məktubunda yazıb. A.İbrahimov rayonun Su Kanal İdarəsinin müdirinin əməllərindən bəhs edib:
“Mən Azərbaycanın ən gənc Qarabağ müharibəsi əliliyəm. 2008-ci il tarixdə erməni gülləsindən ölməyib sağ qalsam da, Ucar rayon Su Kanal idarəsinin korrupsiyaya qurşanmış rəisi Asif Şirinov kimi saxtakarın qanunsuz əməlləri məni və ailəmi acından məhv edəcək.
1990-cı ildə Ucarda doğulmuşam. 2008-ci il tarixdə həqiqi-hərbi xidmətə çağırılmışam. Beyləqanda yerləşən 181 saylı hərbi hissədə hərbi xidmət keçmişəm. Erməni silahlı qüvvələrini müşahidə edən zaman snayperdən açılan güllə sinəmi dəlib keçib kürəyimdən çıxmış, buna görə ağır yaralanıb 2-ci qrup əlil olmuşam.
Qarabağ əlili olduğum üçün qanunda nəzərdə tutulmuş qaydada 2012-ci il tarixdə dövlət tərəfindən mənə də Lifan 320 markalı avtomobil hədiyyə edildi. Vergimi ödəyib sərnişin daşıyıb taksi fəaliyyəti ilə məşğul olunub ailəmi bir təhər dolandırırdım.
Ucar rayon Su Kanal idarəsi mərkəzi küçədə təmir işi aparıb qurtarandan sonra qazılmış quyunun üstünü bağlamayıb. Quyunun qarşısına qəza olmaması üçün nişan qoyulmadığından gecə vaxtı həmin quyuya düşdüm.
Avtomobilim tam yarasız vəziyyətə düşdü. Buna görə Ucar rayon Su Kanal idarəsinin müdiri Asif Şirinova müraciət etdim. Ki, onların səhlənkarlığına görə avtomobilimə dəymiş zərəri aradan qaldırmaqda köməklik etsin”.
Qarabağ əlili bildirir ki, idarə rəisi günahı icra başçısının üstünə atıb: “Dedi ki, Su Kanal idarəsi quyunu qazıb, su borusunu təmir edib. Quyunun üstünün örtülməsi isə rayon icra hakimiyyətinə aid məsələdir, get kompensasiyanı icra başçısı versin.
İnsanlığa yaraşmayan tərzdə məni kobud qarşılayıb acılayıb yola saldı. Məni erməni gülləsi yox, azğın korrupsioner Asif Şirinovun qanunsuz əməlləri öldürəcək. Onun yarıtmazlığı nəticəsində avtomobilim yararsız vəziyyətə düşmüş və taksi fəaliyyəti ilə məşğul ola bilmədiyimdən ailəm acından ölmək təhlükəsi ilə üz-üzə qalıb.
Bildirirəm ki, Ucar rayonunda Su kanal idarəsinin fəaliyyətini iflic edən Asif Şirinova korrupsiya əməllərinə görə «gözün üstə qaşın var” deyən yoxdur. O da bu fürsətdən istifadə edib min bir hoqqalardan çıxır. Ucar rayon Su Kanal İdarəsinin müdiri Asif Şirinov sakinləri içməli suyla təmin etmək əvəzinə, onlara qrunt , çirkab suları verir.
Bu da insanların sağlamlıqları üçün çox təhlükəlidir. Ucar rayonunun bir çox küçələrində insanlar susuzluqdan əziyyət çəkir. Camaat rayonda Kərbəla müsibəti yaşamaq məcburiyyətində qalıb. Səbəbi isə Asif Şirinovun səhlənkarlığı və pul qazanmaq həvəsidir.
Rayonda içməli suyun verilməsində tez-tez uzun fasilələr yaranır ki, səbəbi borular yararsız olduğundan sıradan çıxmasıdır. Asif Şirinov Su Kanal idarəsinin həyətindəki böyük artezian quyusundan axan suyu maşınlarla camaata satdırıb küllü miqdarda pul qazanır”.
A.İbrahimov yazır ki, rayonun bir çox küçələrində illərlə yığılıb qalan kanalizasiya suları ərazidə antisanitariya vəziyyəti yaradıb: “Rayon ərazisində quraşdırılmış elektron onlayn ödəmə aparatlarında sakinlər içməli sudan istifadə etmək üçün ödəniş edirlər.
Ancaq Ucar Su Kanal idarəsinin müdiri Asif Şirinovun qurduğu kələyə görə sayğaclarda bu ödəmə göstərilmir, ödənilən pulları isə geri qaytarmaq olmur. Belə saxtakarlıqla Asif Şirinov küllü miqdarda pullar mənimsəyir.
Təəssüf ki, müvafiq qurumlar belə şəxsin məsuliyyətsizliyinə, özbaşınalığına göz yumurlar. Mətbuat vasitəsi ilə Prezident, Ali Baş Komandan cənab İlham Əliyevə müraciət edirəm; Asif Şirinovun fəaliyyətini hərtərəfli yoxlatdırıb onun barəsində təsirli tədbirlər görəsiniz”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?