Hakimiyyət Rusiyanı özü ilə bağlı əsas problemlərin mövcud olduğu ölkə kimi qəbul edir və ona görə də təhlükəsizlik tədbirlərinə start verib
Şərti adı “Milyarderlər ittifaqı” olan Rusiya Azərbaycan Təşkilatları İttifaqı (RATİ) ilə bağlı müzakirələrə start veriləndən sonrakı uzun müddət ərzində Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) fəaliyyətinin müşahidə edilməməsi müəmmalı vəziyyət yaratmışdı. Sentyabrın sonlarında qeydiyyatdan keçirilən RATİ üç həftə sonra fəaliyyətini dayandırdığını bəyan etsə də, bunun qarşılığında Azərbaycan hakimiyyətinin dəstəyi ilə 2001-ci ildə yaradılan və rəsmi Bakının mövqeyindən çıxış edən ÜAK-ın hər hansı aktivliyi müşahidə olunmadı. Hətta Diasporla İş üzrə Dövlət Komitəsinin, həmçinin ayrı-ayrı YAP təmsilçilərinin “Milyarderlər ittifaqı” ilə bağlı sərgilədiyi sərt mövqe də diaspor təşkilatının aktivliyinə stimul vermədi. Yalnız son günlərdə bu qış günlərində bu təşkilatın “don”unun açılması onu deməyə əsas verir ki, rəsmi Bakı milyarderlərlə dil tapa bilmədiyi üçün hərəkətə keçilməsi barədə tapşırıqlarını verib. Belə ki, bugünlərdə “President Hotel”də ÜAK-ın Mərkəzi Şurasının iclası keçirilib. İclasda konqresin prezidenti Məmmədbağır Əliyev və Rəyasət Heyətinin üzvləri — Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Sankt — Peterburqdakı baş konsul Qüdsi Osmanov, İTAR-TASS Agentliyinin baş direktorunun müavini Mixail Qusman və Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri iştirak edib. Qurumun icraçı direktoru vəzifəsinə isə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanovun təyin edilməsi, ona geniş səlahiyyətlərin verilməsi qərarlaşdırılıb. Bundan əvvəl isə ÜAK-ın baş katibi postunu tutan Mikayıl Hüseynov vəzifəsindən geri çağırılaraq Diasporla İş üzrə Dövlət Komitəsində şöbə müdiri vəzifəsinə təyin olunub. Bu yerdə xatırladaq ki, M.Hüseynovun ÜAK-a təyinatı etirazlara səbəb olmuşdu. Qurumun vitse-prezidentləri postunda yer alan milyarderlər də Bakıdan, Prezident Administrasiyasından diaspor təşkilatının rəhbərliyinə Rusiya vətəndaşı olmayan, bu ölkədəki diaspor təşkilatlarını yaxşı tanımayan bir şəxsin göndərilməsini özlərinə qarşı etimadsızlıq kimi qəbul etmişdilər. Onlar “Biz diaspor təşkilatıyıqsa, niyə Azərbaycandan gələn şəxs bizim başımızın üstündə dayanmalıdır”, — deyə etiraz bildirmişdilər. M.Hüseynovun geri çağırılması ilkin olaraq belə təsəvvür yarada bilər ki, rəsmi Bakı, nəhayət, narazılıqları nəzərə almağa və güzəştə getməyə vadar olub. Ancaq bunun əksini iddia etmək üçün də kifayət qədər arqumentlər var. Elə ötən ilin sonlarında ÜAK-ın planlaşdırılan qurultayında qurumun vitse-prezident postlarının bərpa olunacağı barədə məlumatlar da yayılmışdı. Güman edilirdi ki, bu addım RATİ-nin İdarə Heyətində yer alan milyarderlər Araz Ağalarov, İsgəndər Xəlilov, Vahid Ələkbərov və başqalarının quruma qaytarılmasına hesablanıb. Xatırladaq ki, vaxtilə ÜAK-ın vitse-prezidentləri olan milyarder azərbaycanlılar bu təşkilatın maliyyələşməsində də böyük rol oynamışdılar. Lakin sonrakı gedişat onu göstərir ki, hakimiyyətlə milyarderlərin anlaşması baş tutmayıb. Konqresin Rəyasət Heyətinin iclası qurumun növbədənkənar qurultayının keçirilməsini, qurultayda nizamnamə dəyişikliyinin edilməsini də qərarlaşdırıb. Bu arada diqqəti çəkən bir məqam var. Bu da artıq ÜAK-ın tənqidlərdən nəticə çıxararaq Rusiya vətəndaşı olan azərbaycanlılarla bağlı problemlərin aradan qaldırılması istiqamətində hərəkətə keçməsidir. Belə ki, qurum Azərbaycan ərazisində 90 gün müddətində qeydiyyata düşmədən qala bilməsi üçün rəsmi Bakıya müraciət edib. Hansı ki, Azərbaycan qanunvericiliyinə edilən dəyişikliyə əsasən artıq bu müddət 1 aya endirilib və hətta Gürcüstan azərbaycanlılarının müraciət və etirazlarına baxmayaraq, bu məhdudiyyət aradan qaldırılmayıb. ÜAK aztəminatlı azərbaycanlıların ucuz qiymətə təyyarə bileti ilə təmin olunması üçün də Azərbaycan hökumətinə müraciət ünvanlayıb. Çox güman ki, ÜAK-ın imicinin qalxmasına hesablanmış müraciətlər Bakı ilə razılaşdırılıb və bu addımlar nəticəsiz qalmayacaq. Bu kimi addımlar həm də Rusiyadakı azərbaycanlıların RATİ-yə və yaxud “AzerRos”a axınının da qarşısını ala, soydaşlarımızı ÜAK ətrafında cəmləyə bilər. Bu, həm də milyarderlərə və Rusiyaya cavab addımı, şahmat dili ilə desək, “at gedişi” deməkdir. RATİ-nin Koordinasiya Şurasının sədri Abbas Abbasovun dekabrın 25-də Azərbaycan prezidenti İlham Əliyevlə görüşəndən sonra “Milyarderlər ittifaqı” ilə Azərbaycan hökuməti arasında konfliktin aradan qalxacağı gözlənilsə də, bu, baş vermədi. Düzdür, A.Abbasov dedi ki, görüşdə “Milyarderlər ittifaqı”nın fəaliyyəti müzakirə olunub və prezident bu təşkilatın gələcəyi ilə bağlı tövsiyələrini verib. Ancaq bundan sonra Moskvada Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin (“AzerRos”) qurultayında A.Abbasovun yeni təsis olunan Ağsaqqallar Şurasına sədr seçilməsi Bakı ilə anlaşmanın olduğu barədə ehtimallara son qoymuş oldu. Üstəlik, “Milyarderlər ittifaqı”nda yer alan və Azərbaycan hakimiyyəti ilə ciddi konfliktləri olan Söyün Sadıqovun yeni siyasi partiya yaratması ilə əlaqədar Rusiya prezidenti Vladimir Putinlə məsləhətləşəndən sonra “AzerRos”un prezidenti vəzifəsindən istefa verməsi də təsadüf kimi qiymətləndirilə bilməzdi. Bütün bunların fonunda 2012-ci ilin sentyabrından fəaliyyəti gözə görünməyən ÜAK-a yeni nəfəs verilməsi onu deməyə əsas verir ki, Azərbaycan hakimiyyəti prezident seçkiləri qabağı Moskvadan gələn təhlükəni önləmək üçün ciddi şəkildə hərəkətə keçib. Görünən budur ki, xüsusilə də son aylarda Putin hakimiyyəti Azərbaycanla bağlı mövqeyini sərtləşdirməkdə davam edir. Rus generallarının İrəvandan Azərbaycan hakimiyyətinə ünvanlı sərt açıqlamalarını elə bu yaxınlarda eşitdik. Dağıstan Respublikasının prezidenti səlahiyyətlərinin icrasının “Milyarderlər ittifaqı”nda yer almış Dövlət Dumasında “Vahid Rusiya” fraksiyasının üzvü olan 66 yaşlı Ramazan Abdulatipova tapşırılması da Kremlin Bakıya təhdidi kimi qarşılandı. Hesab olunur ki, Azərbaycanın sərhədindəki respublikaya milyarderlərdən birinin gətirilməsi siyasi hakimiyyətə mesaj anlamı verir. Putinin Azərbaycanla bağlı planı yaxın aylarda işə salacağı barədə məlumatlar da ciddi qarşılanır. Bütün bunlar isə onu deməyə əsas verir ki, Azərbaycan hakimiyyəti Rusiyanı özü ilə bağlı əsas problemlərin mövcud olduğu ölkə kimi qəbul edir və ona görə də təhlükəsizlik tədbirlərinə start verib. Qabaqlayıcı tədbirlərin nə qədər faydalı olacağını isə yaxın gələcək göstərəcək. Natiq Hüseynov
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?