Həsən bəy Zərdabi, Mirzə Cəlil, Əlibəy Hüseynzadə irsinin əsl layiqli davamçıları kimlərdir?
Milli mətbuatı ...onların əlindən necə xilas edək?
Təqvim ilə Azərbaycan Milli Mətbuatının yaranmasının 140 ili tamamlanır. Başda Mətbuat Şurasının sədri Əflətun Amaşov olmaqla bir qrup yaxşı danışan, yəni dildən pərgar adam rayonbarayon gəzərək bu münasibətlə tədbirlər keçirir, odlu-alovlu danışır, özlərini media azmanları kimi təbliğ edərək bu sahədə az qala inqilab etdiklərini vurğulayırlar. Tədbirə toplaşan sadə camaat deyilənlərə ciddi reaksiya verməsə də dövlət tədbiri kimi susub dinləməyə üstünlük verirlər. Bu sahədən az-çox baş çıxanlar isə Əflətun Amaşovun keçirdiyi tədbirləri Azərbaycan Milli Mətbuatının banisi Həsən bəy Zərdabinin ruhuna təhqir sayırlar. Çünki Əflətun Amaşov və onun başına toplaşmış dəstə üzvülərindən heç kim ilk milli mətbuat olan “Əkinçi” qəzeti barədə azacıq da olsa məlumatlı deyillər. Əgər onların məlumatı olsaydı yerlərdə keçirilən tədbirlərdə “Əkinçi”dən sitat gətirər, həmin bölgə ilə bağlı qəzetdə gedən yazılardan da bəhs edərdilər. Çox təəssüflər olsun ki, indiyə kimi keçirilən heç bir tədbirdə bu məsələ öz əksini tapmayıb. Cəmiyyətin maariflənməsində və ictimai fikrin düzgün istiqamətdə yönəldilməsində əsas rol oynayan mətbuat Cənubi Qafqazda o zaman mərkəz kimi adlandırılan Tiflis şəhərində hələ XIX əsrin otuzuncu illərində təşəkkül tapdı. Əsasən rus və gürcü dillərində nəşr olunan mətbuatla yanaşı 1832-ci ildən Azərbaycan dilində də ilk qəzet nəşr olunmağa başladı. Həmin qəzet “Tiflis əxbari” adlanırdı. Amma həmin qəzet bütövlükdə Azərbaycanın problemlərini əks etdirə bilmirdi deyə ətrafında əsas ziyalı təbəqəsini toplaya bilmədi. Zərurətdən yeni bir qəzetin ortaya çıxması məsələsi gündəmə gətirildi. Bir çoxları çalışsalar da Həsənbəy Zərdabi lider olaraq ortaya çıxdı. O, İstanbuldan ərəb dilində mətbəə ləvazimatı gətizdirib 1875-ci il 22 iyul tarixində Bakıda qubernator mətbəəsində “Əkinçi” qəzetinin ilk nömrəsinin nəşrinə nail oldu. Sonralar ayda iki dəfə olmaqla 300-400 tirajla 29 sentyabr 1877-ci ilədək nəşrini davam etdirdi. Beləliklə, qəzetin 56 nömrəsi işıq üzü gördü. Bu işdə Həsənbəy Zərdabi tək deyildi. Moskvadan Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani, Dərbənddən Heydəri, Tiflisdən Mirzə Fətəli Axundov, Şamaxıdan Seyid Əzim Şirvani, Məmmədtağı Əlizadə Şirvani və başqaları onun haqq səsinə səs vermişdilər. Sonralar mətbuat məsələsi genişlənərək öz tarixini yaratmışdır. Tez-tez Mirzə Cəlilin (Cəlil Məmmədquluzadə) “Molla Nəsrəddin”, Əli bəy Hüseynzadənin “Fyuzat” jurnalları və bir sıra qəzetlər həmin mətbuat tarixinin parlaq səhifələri kimi xatırlanır və hörmətlə yad edilir. Bəs biz bu gün nə işlə məşğuluq? Milli mətbuatın hansı şanlı səhifələrini yaza bilirik? Bu sahənin hegemonluğunu ələ almış bir qrup niyə əliəyri məmurlarla bir cəbhədə durub güzgü kimi cəmiyyətin eybəcərliklərini nümayiş etdirən mətbuata qarşı qərəzli mövqe tuturlar? Axı cəmiyyət eybəcərliklərdən təmizlənməsə inkişaf edə bilməz və uçuruma yuvarlaqlanar. Məgər mətbuatın baniləri də bunları söyləmirdimi? Xatırladaq ki, “Milli” mətbuatın bosu hesab olunan Əflətun Amaşov 2003-cü ildən Mətbuat Şurasına sədrlik edir. Onun belə bir vəzifəyə gətirilməsi çoxları üçün hələ də müəmma olaraq qalır. Ömründə əlinə qələm alıb bircə dənə məqalə yazmayan birisinin mətbuat rəhbərliyinə gətirilməsi əlbəttə ki, biabırçılıqdır. Onun bu sahəyə neçə rəhbərlik edəcəyi də hamıya şübhəli görünürdü. Elə bu məsələ ucbatından dəyərli qələm sahibləri öz sevimli peşələri ilə ayrılmaq məcburiyyətində qaldılar. Bəziləri isə ölkəni tərk edərək, kənardan internet vasitəsilə peşə fəaliyyətlərini davam etdirmək qərarına gəldilər. Bu isə heç də vəziyyətdən çıxış yolu deyildir. Məhz onun bu qeyri-hökumət təşkilatına rəhbərliyi dövründə Azərbaycan Mətbuatı indiki kimi gülünc vəziyyətə düşüb. Əflətun Amaşovun adı tarixin şanlı səhifəsinə deyil qara səhifəsinə yazılır. Bu səhifəni o, öz əməlləri ilə yaradıb. Beş-on manat pula olan tamahı müqabilində əliəyri, millətin qanını soran, dövlətin inkişafına badalaq vuran, üzdə ölkə rəhbərliyinə təzim edib arxada əmr və sərəncamlara əməl etməyərək onların ayaqlarının altını qazan məmurlarla işbirliyinə girib eybəcərliklərlə mübarizəyə girişən jurnalistləri pisikdirərək haqq işlərindən çəkilməyə vadar etdi. Mətbuatın inkişafında bir çaşqınlıq, bir durğunluq yarandı. Bu fürsətdən istifadə edərək boşluğu doldurmağa çalışdılar və
hazırda bir-birini təkrarlayan, daha doğrusu eyni lüzumsuz yazıları dərc edərək yayan, cilovu əflətunkimilərin əlində olan qəzetlərin sayını çoxaldılar. “Azərbaycan”, “Xalq qəzeti” və “Respublika” qəzetləri sırf dövlət orqanları sayılır. Hərəsində otuzdan çox işçi çalışır. Hər üç qəzet öz səhifələrində “AzərTac” İnformasiya Agentliyinin məlumatlarını yerləşdirir. Tək-tək hallarda müəllif yazılarına rast gəlmək mümkündür. Elə müəllif var ki, aylarla onun imzası qəzet səhifəsinə çıxarılmır. Təkcə dövlət qəzetləri deyil, həm də əflətunkimilərin əlində cəmləşmiş, qəzet bazarında iki faiz satış verə və ictimai rəyə ümumiyyətlə təsir edə bilməyən otuzdan çox qəzet, məhz onların himayəsində olmaqla ölkə başçısının sərəncamı əsasında Müstəqil Mətbuata Dövlət Dəstəyi Fondunun əliylə milyonlarla manat pulu neçə ildir ki, sadəcə havaya sovururlar. Dövlət vəsaitini havayı xərcləməklə yanaşı bu azmış kimi həmin qəzetlər ucdantutma bütün idarə və müəssisələrə məcburi abunə yazdırılır. Rəhbər sənədlərlə tanış olmaq xatirinə birinə könüllü olaraq abunə yazılmağa razılaşan müdirlər bu qəzetlərin əlindən qan ağlayırlar. Bundan əlavə, həmin siyahıya Əflətun Amaşovun himayəsində olan daha bir neçə qəzetin adı da yazılır. Heç bir problemi qabartmayan, analitik araşdırmalar açıqlamayan bomboz qəzetlər camaata niyə sırışdırılır? Budurmu milli mətbuatın inkişafı? Çox təəssüflə olsa da qeyd etmək lazımdır ki, mətbuat bir neçə təbəqəyə bölünüb. Dövlət tərəfindən maliyyələşdirilən, gizli mənbələrdən yararlanan mətbuatla yanaşı real, obyektiv yazıları ilə cəmiyyətin əsil güzgüsü rolunu oynayan mətbuat da yaranmış gərginləkdən, bəlkə də ən çox əziyyət çəkir. Küçə satışının sıxışdırılması, “Qasid” və “Metro – Servis” yayım firmalarının işinin dayandırılması həmin qəzetlərin işini daha da pisləşdirib. “Gündəm Xəbər” qəzetinin yaradıcı heyəti təkcə problemlərin çözülməsi ilə deyil, həm də əhalinin maarifləndirilməsi naminə qəzet yayımını genişləndirməklə də məşğul olmaq məcburiyyətindədirlər. Belə olan halda tez-tez vergi təzyiqləri ilə üzləşirik. Hazırda qəzetimizin təsisçisi Şirin Cəfərinin üzərinə heç bir əsas olmadan 71 530 (yetmiş bir min beş yüz otuz) manat cərimə yönəldiblər, bunun da nəticəsində Şirin Cəfərinin həbsinin reallaşdırılmasına zəmin yaradırlar. Özü özünü maliyyələşdirməyə çalışan müstəqil bir qəzet üçün belə bir məbləğin ödənilməsinin mümkünsüzlüyünü bilən məmurlar, görəsən Milli Mətbuatın tarixində hansı ədalətsiz bir işə qol qoyduqlarının fərqindədirlərmi? Hansı ki, belə bir əməl heç bir demokratik ölkədə ağlabatan iş deyil. Xüsusilə onu da qeyd etmək istərdik ki, Vergilər Naziri Fazil Məmmədov son vaxtlar təkcə mətbuat subyektləri üçün deyil, həm də orta və kiçik sahibkarlığın inkişafına çalışan təbəqə üçün arzuolunmaz bir məmura çevrilib, çünki onların başının üzərində Domokl qılıncı tək durur. “Heç bir ölkədə jurnalistlər dövlət tərəfindən evlə təmin olunmurlar” dillənəni gözünə bunu elə soxurlar ki, az qalır bəbəyin çıxsın. Bir daha baxın, görün evlər kimlərə paylaşıb? Ev alan subay xanımlardan neçəsi sevimli peşə fəaliyyətini davam etdirir? Əlbəttə ki, araşdırılsa hər şey üzə çıxar. Dövlət proqramında evi olmayan jurnalistlərə mənzil verilməsi nəzərdə tutulsa da, nəticədə bir neçə evi olan, sırf jurnalistlik fəaliyyəti ilə məşğul olmayan adamlara da mənzil bölüşdürüldü, nəticədə sırf ehtiyacı olub evi olmayan, kirayələrdə yaşayan jurnalistlərə mənzil payı düşmədi, hansı ki, cənab prezident İlham Əliyev həmin binanın tikilməsinə sərəncam imzalayanda məhz bu kateqoriya jurnalistləri nəzərdə tutmuşdu. Jurnalist üçün ən yüksək titul olan “Əməkdar Jurnalist” adının bərpası təqdirəlayiq hal kimi hesab oluna bilər. Amma son on ildə həmin ada təqdim olunan jurnalistlərin siyahısına nəzər saldıqda təəssüf hissiylə ötüşə bilmirsən. Onların arasında nəinki latın qravikalı azərbaycan əlifbasını bilməyənlərə, hətta doğma Azərbaycan dilində doğru-dürüst danışmağı bacarmayanlara da rast gəlmək mümkündür. Səbəbini öyrənmək istəyəndə “mən neçə il səfərlərdə prezidenti müşaiyət etmişəm” deyib özlərini duruya çıxartmağa çalışırlar. Əlbəttə ki, prezidentin işgüzar səfərlərinə yüksək qayğı ilə yanaşmaq hamının borcudur, amma buna görə qələmi olmayan adama “Əməkdar jurnalist” adının verilməsi hansı məntiqə sığır? Mətbuatın belə gülünc günə düşməsində Mətbuat Şurası ilə bərabər digər təşkilatlar da var. Həmin təşkilatlardan biri, bəlkə də ən başlıcası Azərbaycan Jurnalistlər Birliyidir. Birlik Elçin Şıxlının fəaliyyətsizliyi ucbatından ölü bir quruma çevrilib. Cənab Şıxlı hərdənbir televiziya ekranlarında pafoslu danışıqlarına rəvac versə də Birliyi Şahin Nəcəfovla birlikdə taleyin ixtiyarına buraxaraq heç bir əməli iş görmür. Görünür, o da Əflətun Amaşovun digər silahdaşları kimi əlinə qələm götürüb yazmağa deyil, danışmağa üstünlük verən mənsublardan birinə çevrilib. Media Hüquqları
İnstitutunun əməkdaşları jurnalistlərin hüquqlarını müdafiə etməkdənsə onları küncə sıxışdırmaq qərarında israrlıdırlar. Adi vəkillərin əlli manata yazdığı ərizə üçün adıçəkilən institutun əməkdaşı müraciət edən jurnalistlərə əməlli-başlı qiymət oxuyur. Hüquqlarını müdafiə etdikləri jurnalistlərin hamısının yolu k o l o n d a n keçir. “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev də öz növbəsində sözdə və üzdə populist çıxışları ilə könülləri ovlasa belə heç bir ciddi tədbirdə əzilən, hüquqlarının müdafiəsinə ehtiyac olan jurnalistin tərəfini saxlamayıb, onun hüquqlarını müdafiə etməyib. Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (son vəzifəsi) sədri Azər Həsrət də tutduğu mövqedən istifadə edərək ötən müddət ərzində həmkarlarından geri qalmayıb. Onun əsil siması da televiziya kanalında veriliş açandan sonra tam olaraq üzə çıxıb. “Ulus” qəzetinin baş redaktoru, dəyərli qələm sahibi Mahir Səmədov mətbuat konfransı keçirib ürəyini xalq üçün boşaltmaq istəyirdi. Ziyalılara, əsil qələm sahiblərinə üz tutub hayqırmaq fikrindəydi: “Həsənbəy Zərdabinin, Mirzə Cəlilin, Əlibəy Hüseynzadənin varisləri bunlarmıdır?” (Yuxarıda adlarını sadaladığım adamların adlarını çəkirdi) “Sahib çıxın milli mətbuatımıza, gəlin, mətbuatı xilas edək, qurtaraq bunların girovluğundan!” Çox təəssüflər olsun ki, rəhbərlik etdiyi qəzetin qazancından pul ayırıb mətbuat konfransı keçirə bilmədi Mahir Səmədov. 22 iyuldan sonra dərdlərini ürəyinə saldı. Ürək isə bunlara dözmədi və avqustun səkkizində birdəfəlik dayandı. Mətbuatdan söz düşmüşkən bu sahədə mühüm rol oynayan televiziyanı qeyd etməmək mümkün deyil. Çünki hər kəsdən xəbərsiz onun evinin içinə girib istədiyi təbliğatı aparmaq gücünə malik televiziya ictimai fikrin yönəldilməsində, bəlkə də ən öndə gedir. Amma bu günkü reallıqda əttökən şou proqramlarla, süni məişət və evdarlıq verilişləri ilə seyrçisini bezdirən televiziya əhalinin böyük əksəriyyəti tərəfindən arzuolunmaz bir sahəyə çevrilib. Ölkə daxilindən, demək olar ki, seyrçisini xəbərsiz qoyan televiziya dünyanın hər yerindən məlumat verə bilir. Əsasən yol qəzaları və cinayət məsələlərini qabağa çəkdikcə bilmək olmur ki, gənclər arasında belə neqativ hadisələrin təbliğatını aparır, yoxsa əhalini mübarizəyə səsləyir? Televiziya kanalları region və dünya hadisələri barədə əhatəli araşdırma gözləyən seyrçisinə ya hansısa politoloqun zəif açıqlamasını, ya da həftəsonu ehtiyatla danışan siyasətçinin şərhini nümayiş etdirməklə kifayətlənir. Öz aktual müzakirələri ilə seyrçilərin sevimlisinə çevrilmiş Qulu Məhərrəmli kimi Əməkdar jurnalisti belə ekrandan sıxışdırıb çıxaran televiziya kanalları olan ümidləri də öldürməkdədir. İş o yerə çatıb ki, bəzi televiziya kanallarının ana xəbər bülletenlərində köhnə diskin nümayiş etdirilməsi doqquz milyonluq seyrçisində reaksiya yaratmayıb. Hələ ki, mətbuatın mövcud durumu keçid dövrünün problemləri ilə əlaqələndirilir. “Müstəqillik illəri Azərbaycan mediası üçün yeni mərhələ açdı. Lakin mövcud məkanda forma və məzmunca baş verən dəyişikliklər bizləri qane etmədi və edə də bilməzdi. Yollar axtardıq, özümüzə sual verdik, mediamız necə olmalıdır? Çoxlu sayda cavablar tapmağımıza rəğmən hələ də müəyyən mənada qeyri-müəyyənliyimiz var. Qabağa gedirik, arxaya baxırıq, hərdən daha çox Qərbə boylanır, az-maz Şərqə göz gəzdiririk”. Əflətun Amaşovun çıxışından götürülmüş bu cümlələrdə onun necə də nala-mıxa vurması özünü büruzə verir. Dediyindən bəlli olur ki, guya bu günkü Azərbaycan mətbuatının inkişaf prioritetlərini o, müəyyənləşdirir. Mətbuat işini bilməyən bir adamdan başqa nə gözləmək olar ki? Mən işdəyəm bütün günü, Mənim günüm itin günü. Cibimdə yox bir manatım, Yaman olur lütün günü. Çox acınacaqlı hal olsa da qeyd etməliyəm ki, müasir jurnalistlərin əksəriyyəti bunu özlərinə himn kimi qəbul ediblər. Onların arasında dindar olanlar da az deyil. Mətbuatı bu günə salan, mətbuat işçilərini ac-yalavac, qapılara düşməyə vadar edən Əflətun Amaşovla Elçin Şıxlıya sona yetməkdə olan Ramazan ayında məscidlərdə lənətlər oxunduğunu eşidəndə, buna heç də təəccüblənmədim. Artıq təəccüblənməyə ehtiyac da qalmayıb, çünki reallıq göz qabağındadır. Yaxşı ki, Həsən bəy Zərdabinin belə müsibətlərə dözmək üçün də müdrik məsləhətləri vardır. O, yazırdı: “Ey elm təhsil edən cavanlarımız!.. Ləzzətli dünyaya tamah etməyib öz qardaşlarınızı əməli-xeyrə vadar edin. Qoy şüəralar sizi həcv etsin, mollalar lənət oxusun, avamşünas daşa bassın, siz millət üçün zəhmət çəkirsiniz və bişəkk, gələcəkdə millətin gözü açılanda sizi şəhid hesab edib, sizə rəhmət oxuyacaqlar!” “Əkinçi” qəzeti, 11 iyun 1876-cı il. Dil pəhləvanları hələ ki, mikrafondan möhkəm yapışıb pafoslu çıxışlarına üstünlük verirlər. Əlbəttə ki, əllərinə qələm alıb samballı yazılar yaza bilsəydilər, bunu da edərdilər. Yazmaq qabiliyyəti olanlar isə mətbuatın taleyüklü problemlərini həll edə biləcək kürsülərdən çox uzaqdadırlar. Onlar imkan daxilində çıxan qəzetlərin səhifələrində tarix naminə öz sözlərini kiçik yazılarında da olsa auditoriyalara çatdırmaqdadırlar. Necə ki, mətbuatın banisi də belə bir yol seçmişdi. Həsənbəy Zərdabi bu barədə yazırdı: “Hər kəsi çağırıram – gəlmir, göstərirəm – görmür, deyirəm – qanmır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri-əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç bir qanan olmasın... ...Belə də qəzet çıxartmaqdan savayı bir qeyri-əlac yoxdur”. Baninin qızıldan qiymətli sözlərindən sonra əlavə şərhə ehtiyac qalmır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?