5-cü il tamam olur ki, ölkədə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası fəaliyyət göstərir və özbaşınalıq hər il getdikcə artır. Bu hal daha çox özünü maliyyə idarəçiliyində daha aydın göstərir. Qəzetimizə daxil olan məlumatda bildirilir ki, hələ ötən il orada aparılmış audit yoxlamalarının nəticəsi biyabırçı olub. Məlum olub ki, Şuranın baş mühasibi və onun yeznəsi əlbir olub dövlətin ayırdığı vəsaiti göyə sovurublar. Hətta Şuranın mühasibatlığında işləyən etibarlı mənbəmiz bildirir ki, hər il Şuranın maliyyə verdiyi 400-ə yaxın təşkilatın 70 faizinin maliyyə hesabatlarının hazırlanması baş mühasib Tofiq Həsənova və onun yeznəsi Şahin Məhərrəmova həvalə olunur. Hər hesabata görə isə layihələrin aylıq müddətinə görə ayda 150 manat alınır. Bir layihənin müddəti 6 aydırsa, deməli 900 manata maliyyə hesabatına haqq ödənilir. Bunu Şuranın icraçı direktoru da bilir və göz yumur. Belə çıxır ki, dövlətin ayırdığı pulu QHT-lərə verməklə onun müəyyən hissəsini geri alırlar. Mənbə bildirib ki, Şuranın pulu daha çox bu məsələlərə şişirdilərək xərclənir: 1) Şuranın hazırda yerləşdiyi və Əli Həsənovun oğlunun adına olan ofisin icarəsi üçün hər ay 10 min manat, 2) Şuranın icraçı direktoruna rəhbərliyinə yaxın olan Ceyhun Hacıbəyov adlı şəxsin bu günə qədər görünməyən maşınının guya Katibliyə xidmət göstərməsi üçün hər ay 1200 manat, 3) Baş mühasibin yaxın qohumu olan və kompyuterlərə texniki xidmət göstərən şəxsə hər ay 1500 manat, 4) Şuranın icraçı direktoruna, baş mühasibinə və hüquqşünasına hər ay yazılan 1500 manatlıq ezamiyyət, 5) istifadəsi göz önündə olmayan və hər ay 3000 manat xərclənən dəftərxana ləvazimatları, 6) hər ay 5000 manat mətbəə xərci və s. Siyahını uzatmaq da olar. Amma bu rəqəmləri kiçik idarə üçün uyğunlaşdırmaq olmur. Bu dövlət pulunu göyə sovurmaqdan başqa bir şey deyil. Bildirilir ki, Şuranın baş mühasibi bütün bu işləri öz mülahizəsinə əsasən edir və audit yoxlamalarında da əlini üzünə bulayır. İşçilərinin düzgün yönləndirməsinə baxmayaraq, müxtəlif xidmətlərə görə ödənişləri düzgün hesablamadan ödəyir. Bununla da Şuranın dövlətə küllü miqdarda vergi borcu yaranıb. Hətta təqaüd yaşının çatmasına baxmayaraq, postunu tərk etmək istəməyən baş mühasib Tofiq Həsənov kifayət qədər QHT-nin davamlı olaraq maliyyələşdirilməsində vasitəçilik edir. Qohumluq əlaqələrinə toxunan mənbə deyib ki, Şuranın ofisində işçilərə güldən ağır söz deyilmir. Çünki əksəriyyət böyük adamların qohumlarıdır. Belə ki, Şuranın baş mühasibi Şura sədrinin çox yaxın qohumu, hüquqşünas və xanım aparıcı məsləhətçi Şura sədrinin müavini, eyni zamanda Prezident Aparatının nümayəndəsinin qohumu, təsərrüfat müdirinin və məsləhətçi xanımlardan biri Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdirinin müavininin qohumları, aparıcı məsləhətçilərdən biri Şuranın katibi və Maliyyə Nazirliyinin nümayəndəsinin qohumudur. Azər Talıbov
P.S. QHT Şurası haqda araşdırmalarımız davam edir. Növbəti yazımızda Şuraya ayrılan milyonların Azay Quliyev və Əli Həsənov tərəfindən necə "xərcləndiyi", layihələrinnecə "qiymətləndirildiyini", Şuradan hansı Şura üzvlərinin və deputatların necə layihə "udması" və s. barədə olacaq. Bizi izləyin...
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?