200 milyard dollar gəliri olan ölkədə əhalinin aylıq maaşı 110 dollardır
Azərbaycan hökuməti minimum güzəran həddinin 2013-cü il üçün 116 manat olduğunu elan edib. Mütəxəssislərin fikrincə isə, bir nəfərin acından ölməməsi üçün ayda ən azından 350 manat tələb olunur. Əhalinin işləyən kəsimi üçün bir ailənin (üç nəfərlik) aylıq məsrəfləri 800-900 manat civarındadır. Sosial problemləri araşdıran mərkəzlərin hesabatlarında qeyd olunur ki, yüksək vəzifəli məmurlar üçün ayrılan maaş, onların ezamiyyə xərclərini, digər zəruri maliyyə məsrəflərini hökumət hesablayaraq, bunu həmin sahənin orta aylıq maaşı kimi təqdim etməklə cəmiyyəti və beynəlxalq birliyi aldadır. Bəs əhalinin gerçək sosial durumu necədir? İşsizlərin sayı gerçəkdənmi 6 faizdən yuxarı deyil? İnzibati amirliyin təsir vasitəsilə insanları qorxu altında yaşamağa məcbur etməklə rejimin ömrü nə qədər davam edəcək? Bu suallar indi çoxlarını düşündürən əsas amillərdən biridir.
İşsizlər ordusunun reallıqları
Dövlət Statistika Xidməti müvafiq stukturların təqdim etdikləri hesabatlar əsasında ümumi çıxarışlar ortaya qoyaraq, ölkənin mənzərəsinin nədən ibarət olduğunu elan edir. Ancaq, bu rəqəmlər nə dərəcədə həqiqəti sübut edir? Hakimiyyət bildirir ki, əhalinin 6 faizi işsizdir və ya ağır sosial həyat tərzinə malikdir. Ölkədən kənarda yaşamaq zorunda qalan işsizlər ordusunu isə heç zaman qeydiyyata almırlar. MDB məkanındakı statistik rəqəmlərə görə 3 milyondan çox azərbaycanlı miqrant statusuna malikdir. Halbuki, onlar öz ölkəsində işsizlik, ağır sosial problemlərə görə əmək miqrantı kimi xaricə getmişlər. Bu rəqəmi də əlavə etdikdə bəlli olur ki, Azərbaycanda hər 3 nəfərdən biri işsizdir. Sosioloqların da qeyd etdiyi kimi, neft, qaz, qızıl və digər faydalı yataqların hesabına ölkənin milli gəlirləri son on ildə 10 dəfədən çox artsa da, bütün bunların əhalinin sosial həyat tərzinin inkişafı üçün heç bir mənası yoxdur. Çünki, orta hesabla əhalinin aylıq gəliri 110 dollardan yuxarı deyil. Bunun da əsas səbəbi milli gəlirlərin böyük əksəriyyətinin iri layihələrə yönəldilməsidir. Bu da, öz növbəsində milli gəlirin talan edilməsinin başlıca texnologiyalarından biridir. Belə ki, Almaniya, ABŞ və Fransada 1 km yolun inşası üçün orta hesabla 4-5 mln dollar vəsait xərclənirsə, Azərbaycanda bu rəqəm orta hesabla 20-25 mln dollar həcmindədir. Körpülərin, inzibati binaların, kommunikasiya vasitələrinin inşasına inkişaf etmiş ölkələrdə bunca irihəcmli vəsaitlər ayrılmır. Bizim ölkədə isə milli gəlirin 60 faizi korrpusiya siyasətinin nəticəsində yeyilir. İndi korrupsiyanın miqyasına görə Azərbaycanın adı Ruanda, Sinqapur, Xorvatiya, Uqanda, Benin, Nigeriya, Somali ilə yanaşı çəkilməkdədir. ABŞ-ın “Gallup” Mərkəzinin Azərbaycanda vətəndaşlar arasında apardığı araşdırmalar zamanı bəlli olmuşdur ki, ölkədə ən böyük gəlir sahəsi korrupsiyadır. Rəyi soruşulan respodentlərin 65 faizi Azərbaycanda korrupsiyanın daha da çiçəkləndiyini etiraf etmişlər. Adi məişətdən tutmuş biznes sektoruna kimi korrupsiya və rüşvət cəmiyyətin həyat normasına çevrilmişdir. Dövlət büdcəsi hesabına başa gələn bütün investisiya layihələri açıq şəkildə korrupsiya mənbəyi hesab olunur. Ekspertlərin də qeyd etdiyi kimi həmin layihələrin 50-70 faizi birbaşa mənimsənilir. Bu da ölkədə kütəvi işsizlik siyasətinin baş alıb getməsi deməkdir.
Sosial problemlər ölkənin bütün sahələrində mövcuddur
Bəzən bu faktı hökumət dolayı yolla dilə gətirsə də, bunun səbəblərini heç vaxt etiraf etməmişdir. Ölkədəki sosial problemlərin həllinə bu günə kimi ümummilli məsələ kimi yanaşılmayıb. Çünki, hökumət keçmiş “Şura Hökuməti”nin konsepsiyası əsasında fəaliyyət göstərir: “Partiya hamının əvəzindən düşünür və bütün problemləri özü həll edəcəkdir”. Bununla da rejim sanki vətəndaş cəmiyyətinin qurulmasına qarşı səlib yürüşünə çıxıb. Buna görə də indi əhali arasında ən çox dəbdə olan fikir bundan ibarətdir: “Hakimiyyət bildirir ki, ölkənin milli gəlirləri sürətlə artır. Bunun sadə camaata nə aidiyyatı var?” Rəyi soruşulan sıravi polislərin fikrincə, onların aylıq maaşı heç 15 günlük ehtiyaclarını ödəmir. Orta təbəqəyə məxsus ordu zabitləri isə qeyd edirlər ki, onların aldığı maaş sadəcə öz ehtiyaclarını ödəməyə zorla bəs edir. Ən gəlirli sahə olan maliyyə, vergilər, sosial yardım, məşğulluq, kənd təsərrüfatı, təhsil, səhiyyə, gömrük sahəsində çalışan mütəxəssislər etiraf edirlər ki, rüşvət almasalar onlar maaşla heç bir həftə belə dolana bilməzlər. Elmlər Akademiyasının elmi işçilərinin orta aylıq maaşı 210-230 manat arasındadır. Buna görə də sanballı elmi tədqiqatların aparılması indi qeyri-mümkündür. Dövlət universitetlərində müəllim və professorların aylıq maaşı isə daha dözülməzdir. Çünki, onlar bir tərəfdən dərs deyir, digər yandan illik elmi hesabatla çıxış etməli, məqalələr yazmalı, kitab, tədris vəsaitləri dərc etməlidirlər. Dövlət universitetlərində artıq pullu təhsil normativdən xeyli dərəcədə artsa da, gəlir mənbələri ciddi-cəhdlə gizlədirlir. Digər yandan isə, bu gəlirlərin müəllim və professor heyətinin sosial ehtiyaclarına heç bir təsiri yoxdur. Sahibkarlıq sahəsinin inkişafında oliqarxların, yerli icra stukturlarının nəzarətindən kənarda heç bir biznes sahəsi mövcud deyil. Bu baxımdan, ölkədə alternativ biznes şəbəkələri də inkişaf edə bilmir. İqtisadi tədqiqatlar üzrə müətxəssislərin qeyd etdiyi kimi bu gün Azərbaycanda işsizlərin 31 faizi 14-29 yaşlı gənclərdən ibarətdir. Əslində bu rəqəm rəsmi göstəricilərdən qat-qat çoxdur. Hökumət “Gənclər Fondu”, “Gənclər Mərkəzi” və digər infrastrukturlar yaratsa da, bunların gəncliyin sosial problemlərinin inkişafı üçün heç bir xeyri yoxdur. Hakim partiya YAP-ın yedəyində sürünən bəzi gənclər təşkilatları vasitəsilə müəyyən layihələr həyata keçirilsə də, bütün bunlar heç zaman kütləviləşməmişdir. Orta məktəb şagirdi repetitor vasitəsilə təhsil alıb inkişaf edirsə, bu gənc heç zaman hakimiyyətə inanmayacaq. Hələ orta məktəbdə müəllimləri tərəfindən haqsızlıq görən, hər addımda rüşvət verməyə məcbur edilən yeniyetmə gənc artıq rejimin bunca haqsız sosial siyasəti yürütməsini heç zaman bağışlamayacaq. Elə buna görə də, ölkədə orta və kasıb təbəqə hakimiyyətin apardığı sosial siyasətə qarşı çıxmağa məcburdur. Bütün bu problemlərin illərdir davam etməsinin əsas səbəbi isə hakimiyyətin həyata keçirdiyi sosial siyasət üzrə heç bir konseptual proqramının olmamasıdır. Buna görə də, ölkənin gələcək taleyi, perspektivi mücərrəd kimi görünür. Bütün problemlərə görə yaranmış immunitet də kövrəkdir. Heç kim öz taleyinin perspektivini görə bilmir. Bütün bunlarla yanaşı, ölkədə enerji, ərzaq çatışmazlığı, ekoloji problemlər və s. istənilən an Azərbaycanda böhranların yaranmasına səbəb ola biləcək amillər kimi də göstərilir. Lakin təəssüf ki, bu kimi ciddi problemlər heç zaman hakimiyyəti narahat etməmişdir. Hakimiyyətin olimpində məskən salanların təkəbbürü və hərisliyi ucbatından yaranan və sosial böhrana səbəb olan bütün amillər istənilən an partlaya bilər. Bu da öz növbəsində hakimiyyətin dəyişməsinə səbəb olacaqdır.
Hakimiyyət siyasi və iqtisadi problemlərin məngənəsində
Bütün totalitar rejimlərdə olduğu kimi, YAP düz iyirmi ildir hakimiyyətdə olsa da insanların problerinin həlli istiqamətində qabağa doğru 20 addım belə atmayıb. O cümlədən, bu müddət ərzində Dağlıq Qarabağ, Azərbaycan – NATO əlaqələri, Neft iqtisadiyyatının güclənməsi, Qonşu ölkələrlə münasibətlər, Xəzərin hərbiləşdirilməsi, Beynəlxalq maliyyə qurumları ilə əlaqələr, Neft gəlirlərinin şəffaflığı və idarə edilməsi, eləcə də sosial problemlərin həll edilməməsinin səbəbi rejimin passiv fəaliyyətinin nəticəsində davam edir. Buna görə də Azərbaycanda vətəndaş cəmiyyətinin qurulması, əhalinin aktivliyi kimi problemlər də qalmaqda davam edir. YAP rejimi sanki bütün bu problemləri bilərəkdən və qəsdən “dondurmaq”la onları qeyri-müəyyən zamana, gələcək nəslin üzərinə atmağı hədəf seçmişdir. Rejimin anti-humanizm siyasətinin fəlsəfəsi də bu faktora bağlıdır. Sadalanan faktlar sübut edir ki, hakimiyyət ötən 20 il müddətində heç bir islahatlar aparmamışdırsa, builki seçki ilində də hansısa xoşməramlı dəyişikliklərin həyata keçirilməsində maraqlı olmayacaqdır. Ölkədə hər bir iş hakimiyyətin siyasi və komprador maraqları üzərində qurulduğu üçün insanların gələcəyə olan ümidləri də yox dərəcəsindədir. Toplumun belə bir duruma düşdüyü sinergetik prinsiplərə görə, işğal olunmuş ərazilərimizin azad edilməsi, qeyri-neft sektorunun iflic durumda olması, kütləvi işsizlik hallarının illərdir davam etməsi, mənəvi baxımdan deqradasiya proseslərinin total xarakter daşıması Azərbaycandakı problemlərin həllinin davam etməsi kimi başa düşülür. Durumun belə olmasında ənənəvi müxalifətin də günahı payı vardır. Belə ki, müxalifət cəmiyyətin mövcud rejimə qarşı birgə mübarizəsini səfərbər etmək üçün ortaya ciddi iradə qoymamışdır. Bunun elmi-nəzəri konsepsiyasını işləməmişdir. Müəyyən narazılıqları ifadə etməklə, bəzi mütəxəssislərin araşdırmalarını nəzəri cəhətdən müdafiə etməklə öz işini bitmiş hesab etmişdir. Beynəlxalq Maliyyə İnstitutları da Azərbaycandakı sosial problemlərin istənilən an böhranla və kataklizmlərlə müşaiyət olunacağını qeyd edirlər. Cəmiyyəti məhrumiyyətlər içində yaşamağa vadar etməyin sonunun olmadığını bildirirlər. Orta Şərq ölkələrindəki rejimlərin sosial inqilablar nəticəsində çökməsini örnək olaraq göstərirlər. Amerikalı məşhur tədqiqatçı Uilyam Dobson “The Dictator`s Learning Curve” (Diktatorun məntiqsiz təlimi) adlı əsərində haqlı olaraq belə yazır: “Bu rejimləri idarə edən diktatorların özlərindən çox, onların əzazil zopası olan siyasi partiyalar daha dəhşətli və qorxuncdurlar. Buna görə də, Orta Şərqdə baş vermiş sosial inqilablarda alov püskürən əhali onlardan öc almaqda qəddarcasına davrandılar. Bu acınacaqlı hal olsa da, 30-40 il ərzində gərilmiş qəzəb, kin və öfkənin sonu belə tamamlandı. Zatən Avropa bu mərhələni 19-cü yüzildə yaşadı. Yakobinçilərin hüdudsuz kral hakimiyyətinə qarşı üsyanlar 21-ci yüzildə Orta Şərqdə baş verdi. Bu sosial inqilablar bir daha sübut etdi ki, cəmiyyəti məşəqqətli sosial problemlərin məngənəsində yaşamağa məcbur etmək olmaz”. Vüqar Muğanlı
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?