İnşaat sahəsində təhsili olmayan nazir şikayətçilərdən birinin evinə baxaraq, əsaslı təmir haqqında verilmiş əvvəlki rəyi yüngül təmir qərarı ilə əvəz edib
Zaqatalılar deyir ki, Heydərov onların tələbkarlığını belə cəzalandırır
2012-ci ilin may ayında zəlzələnin episentri olmuş Zaqatala rayonunda bərpa işlərinin ikinci mərhələsinin başlamasına hazırlıq gedir. Burada yeni il ərəfəsində şaxtalarla əlaqədar evlərin və sosial obyeklərin tikintisi dayandırılmışdı. Burada, eləcə də nisbətən az ziyan dəymiş Qax və Şəkil rayonlarında həyat demək olar ki, donub. İnşaata nəzarət edən Fövqəladə Hallar Nazirliyi təkcə soyuqlarla əlaqədar deyil, seysmoloji və maliyyə xarakterli bir sıra səbəblərlə bağlı da işlərə fasilə verməyi qərara almışdı. “Altı bal gücündə zəlzələdən sonra dəyən ziyan qiymətləndirilib və işlərin istiqaməti müəyyən edilib və buna əsasən maliyyə və maddi resurslar ayrılıb, amma indi vəziyyət dəyişib”, deyə Zaqatala rayon icra hakimiyyəti başçısının birinci müavini Elman Ramazanov bir qrup jurnalistə və “Kür” vətəndaş cəmiyyəti qərargahının nümayəndələrinə bildirib. “Yeni Müsavat”, “Azadlıq” qəzetinin, Turan İnformasiya Agentliyinin jurnalistlərindən və “Kür” qərargahının koordinatoru Oqtay Gülalıyevdən ibarət qrup noyabrın əvvəllərində həyata keçirilmiş monitorinqdən sonra təkrar monitorinq aparmaq üçün Zaqatalaya gedib. Yeni vəziyyət haqqında danışan Ramazanov ötən ilin yay və payız aylarında sonrakı çoxsaylı, evlərin vəziyyətinə təsir göstərən az ballı təkanları nəzərdə tutub. 4,5 bal gücündə sonuncu belə zəlzələ dekabrın 29-da şəhərdən 12 km cənub-qərbdə baş verib. Bəzi evlər tamamilə yararsız hala düşüb, bəzilərində isə yeni çatlar əmələ gəlib. Məsələn, Aişə Musayevanın evində zəlzələ ikitərəfli çatlar əmələ gətirib. Əvvəlcə Musayevaya təmir üçün 5 min manat ayrılmışdı, amma indi burada daha ciddi müdaxilə tələb olunur, evi çətin ki, yaşayış üçün təhlükəsiz hesab etmək olsun. FHN-in yerli qərargahından monitorinq qrupuna bildiriblər ki, ziyanın qiymətləndirilməsi üzrə komissiya araşdırmaları bərpa edir və zəlzələnin nəticələri tamamilə aradan qaldırılacaq. Amma yerli sakinlər əvvəlki komissiyaların işindən narazıdırlar, onların rəylərini qeyri-obyektiv hesab edirlər. “Mənim evim güclə ayaqda durur, amma mənə təmir üçün cəmi 5 min manat ayırıblar”, deyə Qandax kənd sakini Nazim Musayev bildirib. Monitorinq qrupu “FHN komissiyasının” ziyanı qiymətləndirməsinin şahidi olub. FHN-in inşaat agentliyinin nümayəndəsi evlərdən birinə vizual baxış keçirir və “əsaslı təmir” haqqında rəy verir. Seysmoloji möhkəmliyi müəyyən edən heç bir cihazdan istifadə olunmur. FHN başçısı Kəmaləddin Heydərov da bir neçə gün əvvəl elə belə edib, deyə yerli sakinlər iddia edir. İnşaat sahəsində təhsili olmayan nazir şikayətçilərdən birinin evinə baxaraq, əsaslı təmir haqqında verilmiş əvvəlki rəyi yüngül təmir qərarı ilə əvəz edib. Zaqatalılar deyirlər ki, Heydərov onların tələbkarlığını belə cəzalandırır. Bir çox zərərçəkmişlərə təmir üçün 4-5 min manat paylayıblar. Rəyi soruşulanların çox azı bu şərtlərlə razılaşıb - əksəriyyət FHN-in öz qüvvəsi ilə təmir aparılmasında israr edir. “Qoy onlar evləri təmir etsinlər və evlərin yaşayış üçün yararlı olduğunu hesab edirlərsə, bizə təhlükəsizlik zəmanəti versinlər”, deyə sakinlərdən biri bildirib. Maraqlıdır ki, FHN inşaat işlərini quruma yaxın olan şirkətlər vasitəsilə həyata keçirir, təmir isə vətəndaşların üzərinə qoyulur. Bunun da öz səbəbləri var. Aydın olub ki, FHN 1 kv. m. mənzilin tikintisini 500-600 manat olaraq qiymətləndirir, inşaatla az-çox xəbəri olan hər kəs yaxşı bilir ki, bu qiymətə Avropa standartlarında ev tikmək olar. Amma monitorinq zamanı belə evlər tapmaq mümkün olmayıb. Evlər sanitar qovşaqsız, ucuz və keyfiyyətsiz materiallardan tikilir, işlər təsadüfi və aşağı ixtisas səviyyəsinə malik işçi qüvvə tərəfindən həyata keçirilir. Payızda Faldar məktəbində tikilmiş orta məktəb binasında bu, əyani şəkildə görünür. Məktəb göz önündə dağılır. Dağılan tavan, divarlar, döşəmələr monitorinq qrupunun videokameralarına çəkilib. Siniflərdə rütubət və soyuq var, çünki qazanxana bünövrə zəif olduğu üçün çökür. 2010-cu ildə baş vermiş daşqının nəticələrinin aradan qaldırılması təcrübəsinə əsasən, yaxın günlərdə FHN-in ölkə rəhbərliyindən bərpa işlərinin davam etdirilməsi üçün əlavə vəsait istəyəcəyini gözləmək olar. Belə ki, ayrılmış 320 mln. manat artıq xərclənib, bir çox evlər isə hələ də tikilməyib, hələ təmir işlərini demirik. FHN iddia edir ki, 3 minə yaxın ev sahibinə təslim edilib, amma monitorinq göstərib ki, işlərin hələ 30%-dən azı belə başa çatmayıb. Tikilmiş evlərə aid edilən evlər arasında divarları yarıya qədər tikilən binalar da var, məsələn, Yuxarı Çardaxlı kəndindən Elşən Arsulovun evi. “Taxta hörgünü, armatur yığılmasını özüm həyata keçirmək məcburiyyətində qalıram”, deyə monitorinq qrupunun iş başında gördüyü Arsulov bildirib. İnşaatçılar onun evini dekabrda yarımçıq qoyublar və ailəsi bütün qışı müvəqqəti tikilidə keçirmək məcburiyyətində qalıb. Başqa yerlərdə də belə müvəqqəti tikililərə və yay çadırlarına rast gəlmək olar. İnsanların əksəriyyəti yarımçıq tikilmiş evlərin künclərinə məskunlaşıb. Fəhlələr maaşın az olduğu və ya heç olmadığı üçün tikintilərdə həvəssiz işləyir, bu, hətta intihara belə səbəb olur. Belə ki, Tofiq Zərgiyev “Doğan” inşaat şirkətindən əmək haqqını ala bilməyib, ümidsizlik dərəcəsinə çataraq, fevralın 6-da özünü asıb. Yaranmış obyektiv və subyektiv halları nəzərə alaraq. FHN ən az 200 mln. manat istəyə bilər. Həmçinin, qonşu Balakən rayonunda ötən sentyabr ayında zəlzələnin təxminən 2,5 min evə ziyan vurduğunu, onların 1,5 mininin yaşayış üçün yararsız hesab olunduğunu nəzərə almaq lazımdır. Bu rayonda az sayda ev tikilib və əsas inşaat yazda başlamalıdır. Kür daşqını zonasında da olduğu kimi, şimal-qərb bölgəsi çoxmilyonluq xərclər və aşağı FİƏ ilə növbəti uzunmüddətli inşaata çevrilir. Bu iki misalda xüsusi nazirliyi, çoxminlik ordusu, böyük inşaat potensialı və maliyyə vəsaiti olduğu halda, dövlətin təbii fəlakət çağırışlarına operativ reaksiya vermək iqtidarında olmadığını göstərir. “Əsas problem vəsaitlərin operativ və məqsədyönlü istifadəsini təmin edə biləcək şəffaflığın və vətəndaş nəzarətinin olmamasındadır. Təsadüfi deyil ki, müxtəlif səviyyəli komissiyaların tərkibində nə QHT nümayəndələri, nə də yerli icmalar yoxdur”, deyə “Kür” qərargahının koordinatoru bildirib. O, ötən ilin aprel ayında belə monitorinqlər həyata keçirdiyi üçün həbs edilib və iki ay həbsxanada saxlanılıb. Onun işi indiyədək bağlanmayıb və monitorinqlər arasındakı müddətdə hər həftə yaşayış yeri üzrə polisdə qeydiyyatdan keçir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?