“Mənim üçün də bu istefanın səbəbləri hələ məlum deyil. Bu, partiya üzvləri üçün də gözlənilməz oldu. Hazırda telefonlarına da zəng çatmadığı üçün özü ilə əlaqə saxlaya bilmirik. Çalışacağıq ki, məsələnin səbəblərini daha ətraflı dəqiqləşdirək”. Bunu Cebhe.info-ya açıqlamasında AMİP Siyasi Şurasının üzvü Əli Orucov partiya sədri Yusif Bağırzadənin istefası barədə danışarkən deyib. Əli Orucov bildirib ki, Yusif Bağırzadənin səhhətində həqiqətən də problemlər var və o, uzun müddət Almaniyadakı klinikaların birində müalicə alıb. İstefa qərarının seçkilərlə bağlı olmasını isə indidən demək çətindir. Ancaq partiya sədrinin istefa qərarı AMİP-in seçkilərdə iştirakıına təsir göstərməyəcək: “Seçkilərdə Yusif Bağırzadəyə ciddi problemlər yaradılmışdı. İmza vərəqələrini gec verdilər, ona imza toplamağa imkan vermədilər və faktiki olaraq, hökumət onu seçkiyə buraxmadı. Hər halda səbəblər dəqiqləşməlidir. Özü ilə əlaqə saxlayıb dəqiqləşdirmə aparmadan mən bir söz deyə bilmərəm”. Qeyd edək ki, bu gün AMİP Siyasi Şurasının iclası nəzərdə tutulurdu və partiya bu müzakirələrdə seçkilərdə iştirak məsələsini dəyərləndirilməli idi. İclasın başlanmasına az qalmış Yusif Bağırzadənin istefa verməsi seçkilərrdə iştirakla bağlı partiya rəhbərliyində fikirayrılığının olması ehtimalını gündəmə gətirib. Çünki Yusif Bağırzadənin qatıla bilmədiyi seçkilərdə AMİP-in iştirak etməsi sədrdə narazılıq doğura bilərdi. Əli Orucov isə bildirir ki, partiyanın gündəmində seçkilərdən imtina yoxdur. Seçkilərdən çəkilmək qərarını yalnız AMİP-in Mərkəzi Şurası verə bilər: “Bu baxımdan mən AMİP-in seçkilərdən kənarda qalacağını istisna edirəm. Hər halda bu onu göstərdi ki, ölkədə seçki mühiti yoxdur. Əgər hər bir vətəndaş kimi partiya sədri də öz iradəsini açıq şəkildə ortaya qoya bilsəydi, belə olmazdı. Ola bilsin ki, bu məsələnin də təsiri olub. Amma bu, mənim ehtimallarımdır”. Siyasi Şura üzvü yeni sədr seçmək üçün yaxın müddətdə qurultay keçiriləcəyini də istisna etməyib: “Onsuz da Mərkəzi Şuranın qərarına uyğun olaraq, Milli İstiqlal Partiyasının seçkidən qabaq qurultayı keçirilməli idi. Artıq rayon təşkilatlarında konfransları yekunlaşıb və işçi qrup öz işini yekunlaşdırıb. Sadəcə olaraq, Mərkəzi Şura qurultayın vaxtını və yerini müəyyənıləşməlidir. Ona görə də yeni sədr seçmək üçün növbədənkənar qurultaya ehtiyac yoxdur, növbəti qurultayın vaxtı çatmışdı”.
Sorğu
Yeni dizaynımız necədir?