İcra başçısı milyonlarla vəsaiti abadlıq-quruculuq adı ilə mənimsəyərək şəhəri cəhənnəmə çevirib
Zaqatalanın icra başçısı Mübariz Əhmədzadə camaatı cana yığıb. Zaqatala əhalisi Əhmədzadənin özbaşına əməllərindən, məktəblərdə, idarə və müəssisələrdə, büdcə təşkilatlarından rüşvət yığımından bezib. Onlar icra başçısının rayonda “at oynatması”, dövlət büdcəsindən ayrılan pulların mənimsənilməsi və abadlıq-quruculuq adı ilə Zaqatalanı alt-üst etməsindən narazılıq edirlər. Sakinlər deyirlər ki, icra başçısı “Meliorasiya və Su” ASC-nin rəhbəri olan qardaşı Əhməd Əhmədzadəyə güvənərək bu əməllərinə son qoymur. İcra başçısı nə zəlzələdən zərər çəkənlərlə, nə də rayon mərkəzində yaşayan insanlarla maraqlanır.
Fındıq monopoliyası
Onu büdcəni çapıb talamaq, kosmetik abadlıq-quruculuq mifologiyası adı altında milyonları mənimsəmək düşündürür. Ona görə də zaqatalalılar üçün bu yurd “itirilmiş şəhər” sayılır. Onların qazancı da, problemlərinin həlli də sərhəddən kənarda çıxır. Yerli camaat dolanışıq üçün Rusiya bazarlarına üz tutmasa Zaqatala yoxsulluq və səfalət içində qaranlığa gedəcək. Şəhərdə sənaye müəssisələri işləmir, çox az sayda insan tütün becərir, taxılçılıq isə elə də ciddi bir gəlir gətirmir. Yerdə qalan yeganə qazanc mənbəyi fındıqçılıqdır ki, bu sahənin çoxdan inhisarda olduğunu bilirik. Kəndlilərdən dəyər-dəyməz qiymətə alınan fındıq məhsulları bazara çıxarılır. Kəndlilər monopolistlərin əlində qalıblar və günbəgün fındığın qiyməti aşağı düşür. Hazırda Zaqatala bazarında bu məhsulun bir kilosu 2 manat, 50 qəpikdir. Kəndlilər isə fındığın ucuzlaşmasını onlara sərf etmədiyini deyirlər. Bakı Fındıq Emalı Zavodunun (“Bakfem”) direktoru, Şəkinin sabiq icra başçısı Murad Cabbarlının monopolist siyasəti kəndliləri müflisləşdirib. Bu məhsul kəndlidən kilosu 1 manat 10 qəpikdən alınır. Onlar vəziyyətin bu həddə çatmasında fındıq emalı müəssisələrinin sahiblərini və icra başçısını günahkar sayırlar. Onlar prezidentə məktub yazıblar. Fermer Yusif Tağıyev deyir ki, bu zonanın tək qazancı fındıqdır: “Onu da imkan vermirlər. Məmurlar burada üsyan yetişdirir. Camaatın zəhləsi gedir bu hökumətdən və məmurlardan”. Şəhər əhalisinin vəziyyəti daha acınacaqlıdır. Rayonda işsizlik problemi var. Gənclərin və orta yaşlıların əksəriyyəti Rusiyaya - Dağıstana üz tutur. Təxminən 3 mindən çox adam Çeçenistanda işləyir. Zaqatalalılar deyirlər ki, Rusiya bazarı olmasa əhali acından qırılacaq. Onların sözlərinə görə, rayonda iş yerləri açılması əvəzinə mənasız qazıntı işləri gedir, ağaclar rənglənir, divarlar boyanır, daş-kəsəklər bəzədilir. Bu isə şəhərin inkişafını ehtiva etmir. Çünki zahiri dəyişikliklərin arxasında böyük bir acınacaqlı vəziyyət dayanır.
Milyonlar mənimsənilir
Rəsmi məlumatda deyilir ki, şəhərdə 2009-2012-ci illərdə 289,6 milyon manat həcmində tikinti quraşdırma və 8 milyon manat həcmində abadlı-quruculuq işləri görülüb. Şəhərin H.Əliyev prospektinin, Dədə Qorqud meydanının və 28 may küçəsinin tarixi görkəminin qaytarılması üçün yenidənqurma işlərinə başlanıb, yaşayış evlərinin və ictimai binaların fasadlarının yerli üzlük daşla üzlənməsi işləri aparılıb. Dədə Qorqud meydanında və ətrafındakı ərazidə artıq yenidənqurma işləri başa çatdırılıb, meydanda yeni işıqlandırma sistemi, fəvvarələr, Dədə Qorqudun monumenti quraşdırılıb, yaşıllaşdırma işləri aparılıb. Ü.Hacıbəyov küçəsindən Qala düzünə çıxan pilləkənlər əsaslı təmir olunub. Şəhər sakini Səməd Zülfüqarlı sual edir: “Budurmu inkişaf? Bu qədər pullar xərcləyiblər. Amma camaatın maddi vəziyyətində irəliləyiş yoxdur. Olsaydı onda daş-divara xərclənən pullara bəlkə heyfimiz gəlməzdi. Yerli icra rəhbərliyi bütün işləri prezidentin xoşuna gəlmək üçün edir. Əgər bilsə prezident bu yerlərə gəlməyəcək pulların hamısını yeyib, heç bir daşı daş üstə qoymazdı”. Səməd kişi deyir ki, Dədə Qorqud meydanına gedən yollar uzun müddətdir qazılıb tökülüb. Yolun tən ortasında iri qum təpələri yaradılıb, avtomobilləri hərəkəti mümkünsüzləşib, piyadalar səkilərlə də keçə bilmirlər. Palçıq əlindən addım atmaq olmur. Bu vəziyyət xeyli vaxtdır yaranıb və yolları qazıb eləcə də qoyublar. Nə iş gedir, nə təmir. Sadəcə arada qazıntı işlərinin səsi eşidilir. İnsanlar isə tələb edir ki, yollar tezliklə asfaltlansın, kanalizasiya xətləri təkmilləşdirilsin, gediş-gəliş normal hala gətirilsin. Sakinlərin sözlərinə görə, rayon icra hakimiyyəti camaatın adından məktub yazıb mətbuata göndərir. Halbuki, orada qeyd olunan fikirlər zaqatalalıların mövqeyini əks etdirmir. Söhbətləşdiyimiz sakinlər söyləyirlər ki, görülən işlər ləngiyir.
298 milyonluq yeyinti
Şəhərin mərkəzi küçəsi su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması adı ilə qazılıb, ərazi səngərə çevrilib. Rəsmi məlumatda isə deyilir ki, şəhərdaxili su və kanalizasiya xətlərinin və anbarlararası magistral su kəmərlərinin tikintisi işləri sürətlə aparılır. Sakinlər tikinti işlərinin sürətlə aparılmasını inkar edir. Fakt budur ki, Zaqatala başdan-başa qazılıb və iş çox ləng gedir. Yerli sakin Nadir Kərimov deyir ki, bu qədər vəsaitə həm şəhəri yenidən salmaq olardı, həm də işləri tez bir vaxtda yekunlaşdırmaq: “298 milyon bilirsiniz nə deməkdir? Bu pulla Zaqatalanın qala divarlarını qızıldan düzəltmək olardı. Biz görülən işlərdən narazılıq etmirik, harada iş varsa yaxşıdır. Amma həm iş yubanır, həm də xərclənən pullar düzgün istiqamətə getmir. Bunu da hamı bilir”. Bu arada rayonun Mamrıx kəndində gərginlik səngimir. Kəndlilər çox qəzəblidir və aksiyalara hazırlaşır. Buna səbəb icra başçısının fevralın 17-də kəndə gəldiyi zaman qadınları təhqir etməsi olub. Həmin gün Əhmədzadənin kortejini görən 20-yə yaxın qadın ötən ilki zəlzələnin nəticələrinin aradan qaldırılması üzrə işlərin gedişatı ilə bağlı iradlarını bildirmək üçün yolu kəsiblər. Qadınların bu hərəkəti icra başçısını özündən çıxarıb. O, sakinləri təhqir edərək yolu açmağı tələb edib. Keçirdikləri əsəb şokundan iki qadın - M.Əliyeva və Gülər Bayramova xəstəlik tapıb. Bu münasibət də kəndlilərin hiddətinə səbəb olub və Mamrıxda etirazlar başlana bilər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?