Azad Mürsəliyev: “Mahir Abdullayev tapılmasa belə, məqsədimiz budur ki, onun başına gələnlərdən ölkə ictimaiyyətinin xəbəri olsun”
Bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində fəaliyyətini dayandırmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin Hüquqlarının Müdafiəsi Komitəsinin təşkilatçılığı ilə mətbuat konfransı keçirilib. gundemxeber.az-ın verdiyi məlumata görə, tədbirdə Elşad Abdullayevin yaxınları hüquq müdafiəçiləri və media nümayəndələri iştirak ediblər.
İlkin olaraq çıxış edən Mahir Abdullayevin Hüquqlarının Müdafiəsi Komitəsinin üzvü Nəsimi Şərəfdarlı bildirdi ki, Mahir Abdullayev 2003-cü il oktyabr ayının 13-də müəmmalı şəkildə yoxa çıxıb: “ Bu günə qədər Mahir Abdullayevin oğurlanması ilə bağlı onun yaxınları və istintaq orqanları tərəfindən kifayət qədər araşdırmaların aparılmasına baxmayaraq hər hansı bir nəticə yoxdur. Eyni halda istintaqın gedişinə kömək etmək üçün Elşad Abdullayev tərəfindən yayımlanan videolara da ciddi rəsmi reaksiya olmadı.”
Sonra çıxış edən MAhir Abdullayevin Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Azad Mürsəliyev Mahir Abdullayevin sözün həqiqi mənasında oğurlandığını bildirdi: “ Kimlərsə hadisəni itkin düşmək və s. formalarla pərdələmək istəyir. Amma Mahir Abdullayevin ailəsi olaraq birmənalı şəkildə hesab edirik ki, Mahir Abdullayev oğurlanıb. Hadisədən bir gün sonra yəni 2003-cü il oktyabr ayının 14-də Cinayət Məcəlləsinin 144.2.6 maddəsi ilə (adam oğurluğu) cinayət işi açılıb. Lakin 2005-ci ilin 6 yanvar tarixində bizə məlum olmayan səbəblərdən cinayət işinin maddəsi 120.1-lə (öldürülmə faktı) əvəz edildi. 10 ildir ki, istintaq aparılmasına baxmayaraq hər hansı bir ciddi nəticə yoxdur. Ailə tərəfindən məlumat əldə etmək həyata keçirilən rəsmi müraciətləri çox qısa cavablar verilib. Bütün cavablar hamısı standart idi. Belə ki, “cinayət işi davam etdirilir və istintaqın gedişi ilə bağlı məlumat veriləcək” kimi cavabları eşitməkdən Mahir Abdullayevin ailəsi və yaxınları təngə gəlib. İşlə bağlı zərərçəkmiş tərəfi vəkil tutmaqda kifayət qədər problemlər üzləşdi. Mahir Abdullayevin yaxınlarına vəkil Adil İsmayılovla müqavilə bağlamağa müəyyən maneələr yaradıldı. Lakin sonda müqavilə bağlandı.” Azad bəy onu da bildirdi ki, vəkil tutulduqdan sonra zərərçəkmiş tərəfin çox sadə və zəruri sualları hüquq mühafizə orqanları tərəfindən cavablandırılmadı: “10 ildir ki, Mahir Abdullayevin yaxınları həmin sualların cavabları və cinayət işi ilə bağlı bəzi məlumatları gözləyirlər. Bu günə qədər cinayət işinin vəziyyəti haqqında məlumat, cinayət işinin başlaması haqqındakı qərarın sürəti, zərərçəkmiş şəxsin zərərçəkmiş şəxs qismində tanınması ilə bağlı qərarın sürəti, zərərçəkmiş şəxsin iştirakı ilə aparılmış istintaq hərəkəti ilə bağlı tərtib edilmiş protokolların sürəti və Abdullayev Mahirin öldürülməsi ilə bağlı adi sənədləri prokurorluq orqanları onun ailəsinə verməkdən imtina edib. Adı çəkilən sənədlərin əldə edilməsi üçün Ali Məhkəməyə qədər şikayət etməyimizə baxmayaraq hamısında rədd cavabı aldıq. ”
Belə bir vəziyyətdə Mahir Abdullayevin ailəsində bir çaşqınlığın yarandığını bildirən Azad Mürsəliyev, “bundan sonra artıq şayiələr yayılmağa başladı. Hamı üçün maraqlı idi ki, nəyə görə yaxın bir əzizi oğurlandığı halda 10 il ərzində aparılan cinayət işi ilə bağlı məlumat əldə edə bilməsin. Bu işlə ən ciddi şəkildə araşdırma aparan şəxs Mahir Abdullayevin qardaşı Elşad Abdullayev olub”, - deyə bildirdi: “ Artıq Elşad Abdullayevin videolarını müəyyən vasitələrlə kölgə salmaq istəyirlər. Buna görə də Mahir Adbullayevin qardaşları, bacıları və digər yaxınları qərara gəliblər ki, onların iştirakı ilə oğurlanmış qardaşlarının Hüquqlarının Müdafiəsi Komitəsi yaradılsın. Komitənin yaradılmasında əsas məqsəd Mahir Abdullayevlə bağlı ölkə ictimaiyyətinə, dövlət orqanlarına və beynəlxalq təşkilatlara müraciət etməkdr. Bundan sonra Mahir Abdullayevin işi ilə bağlı prokurorluq orqanlarına göndəriləcək məlumat ilk öncə KİV-lərə veriləcək. Mahir Abdullayev tapılmasa belə, məqsədimiz budur ki, onun başına gələnlərdən ölkə ictimaiyyətinin xəbəri olsun. Hazırda Mahir Abdullayev və onun yaxınlarının gözdən salınması ilə bağlı kampaniya həyata keçirilir. Yaxın günlərdə Mahir Abdullayevlə bağlı xüsusi bir video reportajın hazırlanması nəzərdə tutulub.”
Sonda Azad Mürsəliyev bildirdi ki, Mahir Abdullayevin yaxınları, hüquq müdafiəçiləri və ictimaiyyət nümayəndələri iştirakı ilə yaradılan komitə kifayət qədər aktiv fəaliyyət göstərəcək.
Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsi aşağıdakı şəxslərin iştirakı ilə təsis edilib:
"Gündəm" Qəzetinin baş redaktoru: Şərəfxanlı Nəsimi Hüquq müdafiəçisi: Oktay Gülalıyev Demokratik İslahatlar Uğrunda Cəmiyyətin sədri: Cəfəri Şirin Azad TV-nin direktoru: Əfqan Muxtarlı Ahıl Ziyalılarına Qayğı İB-nin sədri: Nurullayev Nəsrulla Keçmiş siyasi məhbus: Cəfərli Əbuzər “Xura”l Qəzetinin direktoru: Həsənli Nizami
Mahir Abdullayevin ailə üzvləri:
Abdullayev Eldəniz (Hüquqşünas) Abdullayev İslam (Hüquqşünas) Abdullayev Elvin (Hüquqşünas) Abdullayeva Elmira (Tərcüməçi) Abdullayev İsmayıl (İqtisadçı)
Qeyd edək ki, Hüquqlarının Müdafiəsi Komitəsi onu da elan etdi ki, yaxın saatlarda Elşad Abdullayev növbəti videonu ictimaiyyətin diqqətinə çatdıracaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?