“Əsas məqsəd 10 ilə yaxındır ki, taleyi haqda heç bir məlumat olmayan, oğurlanmış MTN zabitinin durumuna aydınlıq gətirilməsidir”
Gülər Əhmədovanın həbsi “mandat alveri” məsələsində ciddi addım sayıla bilər. Eyni zamanda medianın diqqətində olan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) zabiti Mahir Abdullayevin oğurlanmasında hələ ki, ciddi irəliləyiş müşahidə olunmayıb. Bu barədə Turan-a Mahir Abdullayevin ailəsinə yaxın mənbələrdən bildirilib. 2 övlad atası olan M.Abdullayev 2003- cü il oktyabrın 13-də gözlənilməz şəkildə oğurlanıb. Hadisədən 10 il keçməsinə baxmayaraq, M.Abdullayev tapılaraq ailəsinə təhvil verilməyib. Ötən müddətdə onun yaxınları, xüsusən qardaşı Elşad Abdullayev müxtəlif dövlət orqanlarına çoxsaylı müraciətlər etsə də müsbət nəticə əldə olunmayıb. M. Abdullayevin oğurlanması faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi qaldırılsa da, prezidentin göstərişi ilə Müstəqil İstintaq Komissiyası yaradılsa da onun tapılması və cinayətkarların aşkarlanıb cəzalandırılması ilə bağlı hər hansı nəticə əldə etmək mümkün olmayıb. Ortada müəyyən faktların, şəxslərin adlarının keçməsinə baxmayaraq, Azərbaycan dövlətçiliyinin və qanunların aliliyi prinsiplərinə utanc və xələl gətirən ziyalı bir şəxsin, MTN mayorunun oğurlanması faktı bu günə qədər obyektiv və operativ araşdırılıb hüquqi qiymətini almayıb, mənbə bildirib. Mənbə qeyd edib ki, yaxınları M.Abdullayevlə bağlı qeyri-müəyyənliyin aradan qaldırılması üçün konkret fəaliyyətə keçməyə qərarlaşıb. Bir qrup şəxs yaxın vaxtlarda M.Abdullayevin hüquqlarını Müdafiə Komitəsini təsis edəcək: “Biz, bir qrup şəxs - Mahir Abdullayevin yaxın qohumları, ziyalılar, hüquq müdafiəçiləri, ictimai fəallar, medai mənsubları olaraq Mahir Abdullayevin hüquqlarının Müdafiə Komitəsini yaratmağa hazırlaşırıq. Əsas məqsəd 10 ilə yaxındır ki, taleyi haqda heç bir məlumat olmayan, oğurlanmış Azərbaycan vətəndaşının, MTN zabiti – Mahir Abdullayevin durumuna aydınlıq gətirilməsidir”. Müdafiə Komitəsinin əsas məqsədi qanunlar çərçivəsində M. Abdullayevin tapılaraq ailəsinə təhvil verilməsi, onu oğurlayanların isə qanun qarşısında cavab verməsidir. Müdafiə Komitəsinin tərkibində Müstəqil Təhqiqat Qrupunun yaranması planlaşdırılır ki, bu da obyektiv araşdırmaların aparılması və M.Abdullayevlə bağlı həqiqətlərin ictimaiyyətə çatdırılmasına xidmət edəcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?