Cəbhəçi gənci zorla polisə aparıb həbslə hədələyiblər; boykot kampaniyasına 3 min tələbə qoşulub, Təhsil Nazirliyi isə bəyan edib ki, dərslər qaydasında keçib
Fevralın 27-də tələbələr təhsil aldıqları universitetləri boykot ediblər. Onlar dərsə getməyiblər. Facebook sosial şəbəkəsində yaradılmış “event”də göstərilib ki, tələbələrin boykot aksiyasına 3 min nəfər qoşulub. Universitet rəhbərləri isə tələbələrin dərsləri boykot aksiyasına ciddi reaksiya verib. Dekanlar və onların köməkçiləri hər dərs başlayarkən dərs auditoriyalarına daxil olub, tələbələrin davamiyyətini yoxlayıblar. Dərslərdə iştirak etməyən tələbələrin adları götürülərək rektorluğa göndərilib. Bunları etməkdə məqsəd isə tələbələri qorxutmaqdır. Facebook-da yayılan xəbərlərdə deyilir ki, Memarlıq və İnşaat Universitetində tələbələri qovmaqla hədələyiblər. Fevralı 26-ı axşam saatlarında isə Xətai Rayon 35-ci polis bölməsindən AXCP Gənclər Komitəsi fəalı Türkel Əlisoyun evinə gəliblər. Onun ailə üzvlərinin şəxsiyyət vəsiqələrini götürüb, qeydiyyata alıblar. Valideynlərinə bildiriblər ki, Türkel 35-ci bölməyə gəlməlidir. T.Əlisoyun “Azadlıq”a verdiyi məlumata dünən səhər saatlarında silahlı iki polis əməkdaşı yenidən gələrək onu zorla bölməyə aparıblar. Bölmədə aydın olub ki, onun “Facebook” sosial şəbəkəsində “Azərbaycanlı tələbələrin boykot günü” tədbirinə dəstək verdiyi üçün saxlayıblar: “Dedilər ki, əgər xoşluqla gəlməsən əlinə qandal vurub aparacağıq. Mən də razılaşıb getdim. Əvvəlcə 35-ci polis bölməsinə apardılar. Sonra Bakı Şəhər Baş Polis İdarəsinə apardılar. Orada isə 50-60 vərəqi qabağıma qoydular. “Facebook”da yazdığım hər şey orada var idi. Dedilər ki, əgər siyasi fəaliyyətini dayandırmasan sənə cinayət işi açacağıq. “Facebook” profilimi bağlamağımı istədilər. Dedilər ki, bir də yazsan və aksiyaya, mitinqə çıxsan cinayət işi açacağıq. Guya tələbələrin boykotuna dəstək verdiyim üçün məni çağırıblar. Amma elə deyil. Ümumilikdə fəaliyyətimə görə narahatdırlar. Çünki yanvar ayının 26-da aksiyada sutkalıq həbs cəzası almışdım. Bundan əlavə BŞBPİ-nin rəis müavini mənə dedi ki, bu gün dərsi boykot edən tələbələrdən ikisi universitetdən qovulacaq. Sonra onlara sənin əleyhinə izahat yazdırıb səni həbs etdirəcəyik. Mən isə bildirdim ki, aksiyanın təşkilatçısı deyiləm və təşkilatçıları da tanımıram. Tələbələrin boykotunu dəstəkləmişəm. Dəstəkləməyə də davam edəcəyəm. Sonda mənə izahat yazdırdılar. Peşman olmadığımı və fəaliyyətimi davam etdirəcəyimi yazdım. Məni 15 gün müddətinə azadlıqdan məhrum etmək istəyirdilər. Sonra onlara zəng gəldi və həbsim haqqında qərarı cırdılar, xəbərdarlıq edib sərbəst buraxdılar”. Bakı Dövlət Universitetinin (BDU) sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektorun müavini Rəşad Hüseynov APA-ya deyib ki, universitetdə tədris çox yüksək səviyyədə davam etdirilib. Onun sözlərinə görə, hansısa sosial şəbəkələrdə tələbələrin boykota və ya etiraza çağırılmasının heç bir əhəmiyyəti yoxdur. Bakı Slavyan Universitetinin Tərbiyə işləri üzrə prorektoru Oqtay Səmədov açıqlamasında qeyd edib ki, ali təhsil ocağında dərslər öz ahəngini ilə gedir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Mahmud Möhbalıyev isə bildirib ki, universitet tələblərinin hər biri aktiv şəkildə təhsillərini davam etdirir: “Tələbələrin dərsə davamiyyəti yüksək səviyyədədir və onlar heç bir kampaniyaya qoşulmayıblar. Bu xəbər yayıldıqdan sonra universitetdə 10 fakültə üzrə 700 tələbənin iştirakı ilə iclaslar keçirilib və bütün iclaslarda hər kəs bu aksiyaya öz etirazını bildiriblər”. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsinin müdiri Bayram Hüseynova da APA-ya söyləyib ki, ölkənin bütün ali təhsil ocaqlarında tədris adi günlərdən biri kimi davam edir. Onun sözlərinə görə, tələblərin davamiyyətində adi günlərlə müqayisədə heç bir fərq və problem yoxdur.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?