“Rasim Məmmədov demək olar ki, hər gün Prezident Administrasiyasında olur və hətta prezidentin son müşavirəsinə dəvət olunanlar siyahısına düşür”
“Baku Steel Company”nin “Yeni Müsavat”a qarşı qaldırdığı iddianı şərh edən sabiq deputat, iqtisadçı Nazim Məmmədov isə bildirib ki, işgüzar nüfuz şirkətlərin müstəqil mediaya təzyiq vasitəsinə çevrilib: “Çox təəssüf ki, işgüzar nüfuz anlayışı Azərbaycanda təhrif olunaraq, arxasında korrupsioner məmurların durduğu şirkətlərin müstəqil mediaya təzyiq vasitəsinə çevrilib. “Yeni Müsavat” qəzetinin isə bu şirkət tərəfindən məhkəməyə verilməsi bütün sərhədləri aşıb desək, yanılmarıq. “Baku Steel Company” deyilən bir şirkət keçən ildən başlayaraq “qoçu dəstələri” vasitəsi ilə 20-dən çox müəssisənin fəaliyyətini iflic edib. Liberal bazar dəyərləri olan ölkələrdə belə bir hadisə baş versəydi, nəinki o şirkətin məhsulları boykot olardı, onların nümayəndələri ictimaiyyət arasına çıxmağa belə cürət etməzdi. Tam bunun əksi olaraq Rasim Məmmədov demək olar ki, hər gün Prezident Administrasiyasında olur və hətta prezidentin son müşavirəsinə dəvət olunanlar siyahısına düşür. Görünən odur ki, onun reketçiliyi stimullaşdırılır”. N.Məmmədov deyir ki, öz faktiki əməlləri ilə prezident İlham Əliyevin sahibkarlığa dəstəyinə ən böyük zərbə vuran R.Məmmədov onu himayə edənlər vəzifələrindən çıxardılandan sonra görək o hara qaçıb gizlənəcək. N.Məmmədov qəzetimiz vasitəsi ilə ölkə başçısı İ.Əliyevə müraciət edib. Adıçəkilən şirkətin “qoçu dəstələri” tərəfindən payçı olduğu şirkətə basqın edilən N.Məmmədov, “Baku Steel Company” MMC-nin bu biabırçılığını durdurmağı və günahkarları, o cümlədən “qoçu dəstələrini” sahibkarların obyektlərindən, küçələrdən yığışdırmaq üçün hüquq-mühafizə orqanlarının vəzifələrini yerinə yetirmələri üçün göstəriş verməyini xahiş edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?