Su şırnağı, rezin güllə, gözyaşardıcı qaz və Azərbaycan gənclərinin mübarizliyi...
Dünən saat 15:00-da Fəvvarələr meydanında gənclərin “Əsgər ölümlərinə son” adlı aksiyası keçirildi. Sosial şəbəkələrdəki fəal gənclərin təşkil etdiyi aksiyada orduda baş verən özbaşınalıqlara etiraz bildirdilər. Xatırladaq ki bu eyni deviz altında keçirilən ikinci etiraz aksiyasıdı. Gənclərin 12 yanvar aksiyasından sonra ordudakı vəziyyət yaxşılaşmaq əvəzinə, daha da faciəli duruma düşdü. Belə ki, son 2 ayda 16 əsgər itirdik. Buna görə də gənclər 10 mart “Əsgər ölümlərinə son” aksiyasına qərar verdilər.
Rejimin xofu və gənclərin inadı
Aksiya öncəsi hakimiyyət fəal gəncləri həbs etməklə qorxu mühiti yaratmağa çalışdı. Daha sonra Bakı Şəhər Icra Hakimiyyətinə ünvanlanmış müraciətlə bağlı Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı və “NIDA”-çı gənc Ziya Bayramlı Bakı Şəhər Baş Polis Idarəsinə çağırılaraq Idarənin rəis müavini Səhlab Bağırovdan xəbərdarlıq almışdılar. Gənclər isə Fəvvarələr meydanındakı aksiyanın təşkilatçısı olmadıqlarını, ancaq aksiyada iştirak edəcəklərini bildirmişdilər. Aksiyanı bitərəf gənclər təşkil etsə də, siyasi partiyaların gəncləri və başqa gənclər təşkilatçıları da aksiyada iştirak edəcəklərini bildiriblər. Aksiyadan öncə müxalif gənclər təşkilatlarının rəhbərləri rejimin hər cür basqı və təzyiqinin aksiyanın qarşısını ala bilməyəcəyili demişdilər. Müsavat Gənclər Komitəsinin sədri Tural Abbaslı: “Hakimiyyətin ölkədə yaratdığı faciəvi vəziyyət, gəncləri aksiyalar keçirməyə məcbur edir. Ənənəvi repressiyalar, hansısa inzibati həbslər bizləri qorxutmur, əksinə, ordudakı bu neqativ hallara etiraz etməyi özümüzə borc bilirik. Bu cür həbslər isə gənclərlə hakimiyyət arasında böyük uçurum yaradır. Daha Azərbaycan gəncliyini aldatmaq, qorxutmaq mümkün olmayacaq”. AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı: “Son həbslər gənclərin aksiyasına heç bir mənfi təsir göstərməyəcək. Əksinə, hakimiyyətin bu cür reaksiyası gəncləri daha da fəal olmağa sövq edəcək. Sosial şəbəkələrdə insanların münasibəti onu göstərir ki, qorxu mühiti dağılmağa başlayıb. Hakimiyyətin ənənəvi repressiyaları heç bir effekt verməyəcək. Biz düşünürük ki, gənclərin bu aksiya tələbləri haqlıdır və əsgər ölümləri ilə bağlı faciəli tendensiyaya son qoymaq lazımdı. Biz də bu aksiyada fəal iştirak edəcəyik”. Azad Gənclik Təşkilatının sədri Ülvi Həsənli: “Son həbslər öz məqsədinə çatmayacaq. Düşünürəm ki, kifayət qədər kütləvi bir aksiya baş tutacaq. Hakimiyyət öz ənənəvi üsullarıyla gəncləri qorxuda bilmir, əksinə, onlarda rejimə qarşı nifrət yaradır. Bizim təşkilat da bu aksiyada tam tərkibdə iştirak edəcək”. “NIDA” idarə heyətinin üzvü Turqut Qəmbər: “Dostlarımızın həbsi, aksiya ilə bağlı qərarlarımıza heç bir təsir göstərməyəcək. Bu həbslər bizdə qorxu yox, qəzəb hissi yaradır. Düşünürəm ki, 10 mart aksiyası Azərbaycan gəncliyini bir ideya ətrafında birləşdirəcək”.
Sel gələndə əvvəl çör-çöp gətirər: aksiyadan əvvəlki saatlar...
Aksiyanın təyin olunduğu vaxta hələ bir neçə saat qalmış ərazıdə qeyri-rəsmi fövqəladə vəziyyət elan olunmuşdu. Şəhərin mərkəzində indiyə qədər görünməmiş miqyasda qoşun birləşmələri cəmləşdirilib.Sahil bağına, Fəvvarələr Meydanına gedən bəzi küçə və yollar bağlanmlşdl. Xüsusən də Gənc Tamaşaçılar Teatrına gedən və “McDonalds”ın arxasındakı küçələrə nəzarət gücləndirilib. Ərazidə xeyli sayda dəbilqəli polislər, mülkigeyimlilər nəzarət edirdi. Eyni zamanda, bura su şırnağı vuran maşınlar, çoxlu sayda avtobuslar da toplanmışdı. Onların daha çox çevik polisi alayı və daxili qoşunların əməkdaşları olduğu görünürdü. Dəbilqəli, dəyənəkli polislər avtobuslarda oturub gözləyirdilər. Xeyli miqdarda ətrafda gəzişən mundirli və mülki geyimli hüquq-mühafizə orqanı əməkdaşları da var idi. Aksiyanın başlanmasına az bir vaxt qalmış Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov və Mübariz Qurbanlı Fəvvarələr Meydanında göründü. Tədbirlər yalnız aksiya keçiriləcək ərazi ilə məhdudlaşmayıb. ölkənin cənub istiqamətindən paytaxta daxil olan avtomobillərin qarşısı kəsilib. Salonunda kişilər olan maşınlar paytaxta buraxılmır. Bu tədbirin 10 mart aksiyası ilə bağlı olduğu bilidirilir.
Aksiya başladı və rezin güllələr işə salındı
Demək olar ki təyin olunduğu vaxtda aksiya başladı. Aksiyaçılar iki dəfə Fəvvarələr Meydanına doğru yürüş etmək istədilər. Ancaq polis onların qarşısını kəsdi. Onlar aksiyaçıları dağıtmaq üçün rezin güllələr atıblar, eləcə də su şırnaqlarını işə salıblar. İlk anlardansa həbslər başladı. Çevik polis alayının əməkdaşları övladılarını ordu sıralarında itirmiş valideynlərin əllərindəki portretləri alıb atıblar, özlərini isə təhqiramiz şəkildə sürüyə-sürüyə meydandan uzaqlaşdırıblar. İnsanların toplaşdığı yerlərə gözyaşardıcı qaz buraxılıb və bunu gözləməy aksiya iştirakçıları zəhərlənməmək üçün kənara çəkiliblər. Bütün təzyiqlərə, təqiblərə baxmayaraq aksiya iştirakçılarını qovub dağıtmaq mümkün olmadı. Onlar su şırnaqları altında tamamilə islansalar da, meydanı tərk etmir, oturaq aksiya keçirməyə çalışıblar. Aksiya iştirakçılarının bir hissəsi "Azərbaycan" kinoteatrı istiqamətində hərəkət ediblər. İnsanların toplaşdığı yerlərə gözyaşardıcı qaz buraxılıb və bunu gözləməy aksiya iştirakçıları zəhərlənməmək üçün kənara çəkildilər.
Polis gənclərin müqavimətin qıra bilmədi, aksiya baş tutdu
Yarım saat ərzində gənclər ciddi dirəniş göstərdilər və ssat 4-ün yarısında aksiya davam edirdi. Supüskürdən maşınlardan vurulan təzyiqli su gənclərin əzmini qıra bilmədi. Polislər həbslər həyata keçirir, saxlanılanları döyə-döyə polis maşınlarına basırdılar. Polis qüvvələri qıvraq gənclərin öhdəsindən gələ bilmirdi. Yalnız su şırnaqları ilə onları müvəqqəti dağıtmaq mümkün olur, ancaq gənclər yenidən toplaşırdılar. Bütün Fəvvarələr meydanı boyunca aksiya gedir, şarlar səslənirdi. Polis səsgücləndiricilər vasitəsilə gəncləri dağılışmağa çağırırdı. Aksiyaçılar iki hissəyə bölünüb, polisin də qüvvəsini parçaladı. Natəvan klubunun yanında çoxlu gənc toplanıb, şüarlar səsləndirir, əsgər ölümlərinə etirazlarını bildirirlər. Polis aksiya iştirakçılarını qorxutmağa çalışır, havayarezin güllələr atır, səsgücləndiricilərlə çağırışlar edirdilər. Bununla belə, gənclərin dirənişi davam etdi. Gənclər şəhid əsgərlərin valideynləri ilə birlikdə "Makdonalds"ın qarşısında şüarlar qışqırırdılar. Çevik polis alayının əməkdaşları pərən-pərən salınmış aksiya iştirakçılarını bir-bir "ovlayır", yaxınlıqda dayanmış avtobuslara aparırlar. Jurnalistlərin hamısı supüskürdən maşından vurulan təzyiqli su şırnaqlarının altında islanmışdılar.
Polis qəddarlığı
Təxminən 1 saatlıq mübarizədən sonra aksiyanın əsas avanqard hissəsi ya meydandan qovulub, ya da həbs edilmişdi. Yerdə qalanlar əsgər valideynlərinin başına yığılmışdılar. Ancaq polislər onlara da məhəl qoymur, qadın, kişi demədən, avtobuslara sürüyür, fiziki təzyiq göstərirdilər. Kiçik qruplar əsgər ölümləri ilə bağlı şüarlar səsləndirirlər. Polis onları ərazidən uzaqlaşdıraraq polis avtomobilinə və ya avtobuslara mindirərək ərazidən uzaqlaşdırır. Saxlananlara arasında qadınlar və media nümayəndələri də var. Verilən məlumata görə, polis 54 nəfəri birdən mühasirəyə alaraq həbs edib. Həbs olunanların üzünə qaz fısqırdılıb. Bu hətta onlar maşına oturdulduqdan sonra baş verib. Artıq saat 4 radələrində aksiya yekunlaşmış sayılırdı. Fəvvarələr meydanında yalnız polislər və jurnalistlər qalmışdııb. Şamil Əlibəyli
Sorğu
Yeni dizaynımız necədir?