Aksiyanın əsas avanqard hissəsi ya meydandan qovulub, ya da həbs edilib. Yerdə qalanlar əsgər valideynlərinin başına yığılıblar. Ancaq polislər onlara da məhəl qoymur, qadın, kişi demədən, avtobuslara sürüyür, fiziki təzyiq göstərirlər. Kiçik qruplar əsgər ölümləri ilə bağlı şüarlar səsləndirirlər. Polis onları ərazidən uzaqlaşdıraraq polis avtomobilinə və ya avtobuslara mindirərək ərazidən uzaqlaşdırır. Saxlananlara arasında qadınlar və media nümayəndələri də var.
saat- 15: 38
Verilən məlumata görə, polis 54 nəfəri birdən mühasirəyə alaraq həbs edib. Həbs olunanların üzünə qaz fısqırdılıb. Bu hətta onlar maşına oturdulduqdan sonra baş verib.
saat - 15:30
Polis aksiya iştirakçılarını qorxutmağa çalışır, havayarezin güllələr atır, səsgücləndiricilərlə çağırışlar edirlər. Bununla belə, gənclərin dirənişi davam edir. Saxlanılanların sayı xeyli artıb. Aksiya davam edir. Gənclər şəhid əsgərlərin valideynləri ilə birlikdə "Makdonalds"ın qarşısında şüarlar qışqırırlar. Polislər onların qarşısını kəsiblər, ancaq həmlə edib qovmurlar. Çevik polis alayının əməkdaşları pərən-pərən salınmış aksiya iştirakçılarını bir-bir "ovlayır", yaxınlıqda dayanmış avtobuslara aparırlar. Əməkdaşımız xəbər verir ki, jurnalistlərin hamısı supüskürdən maşından vurulan təzyiqli su şırnaqlarının altında islanıblar.
saat- 15:25
Aksiya davam edir. Supüskürdən maşınlardan vurulan təzyiqli su gənclərin əzmini qıra bilmir. Polislər həbslər həyata keçirir, saxlanılanları döyə-döyə polis maşınlarına basırlar. Polis qüvvələri qıvraq gənclərin öhdəsindən gələ bilmir. Yalnız su şırnaqları ilə onları müvəqqəti dağıtmaq mümkün olur. Ancaq gənclərin yenidən toplaşırlar. Bütün Fəvvarələr meydanı boyunca aksiya gedir, şarlar səslənir. Polis səsgücləndiricilər vasitəsilə gəncləri dağılışmağa çağırır.Aksiyaçılar iki hissəyə bölünüb. Natəvan klubunun yanında çoxlu gənc toplanıb, şüarlar səsləndirir, əsgər ölümlərinə etirazlarını bildirirlər.
saat-15:17
Çevik polis alayının əməkdaşları övladılarını ordu sıralarında itirmiş valideynlərin əllərindəki portretləri alıb atıblar, özlərini isə təhqiramiz şəkildə sürüyə-sürüyə meydandan uzaqlaşdırıblar. İnsanların toplaşdığı yerlərə gözyaşardıcı qaz buraxılıb və bunu gözləməy aksiya iştirakçıları zəhərlənməmək üçün kənara çəkiliblər. Bütün təzyiqlərə, təqiblərə baxmayaraq aksiya iştirakçılarını qovub dağıtmaq mümkün olmur. Onlar su şırnaqları altında tamamilə islansalar da, meydanı tərk etmir, oturaq aksiya keçirməyə çalışırlar. Aksiya iştirakçılarının bir hissəsi "Azərbaycan" kinoteatrı istiqamətində hərəkət edirlər. Redaksiyamıza verilən xəbərə görə, ölkənin cənub istiqamətindən paytaxta daxil olan avtomobillərin qarşısı kəsilib. Salonunda kişilər olan maşınlar paytaxta buraxılmır. Bu tədbirin 10 mart aksiyası ilə bağlı olduğu bilidirilir.
saat -15:11
Aksiya başlayıb. Aksiyaçılar iki dəfə Fəvvarələr Meydanına doğru yürüş etmək istəyiblər. Ancaq polis onların qarşısını kəsib. Onlar aksiyaçıları dağıtmaq üçün rezin güllələr atıblar, eləcə də su şırnaqlarını işə salıblar. Həbs olunanlar var.
saat - 15:03 AKSİYA BAŞLADI
Ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının təşəbbüsü ilə bu gün saat 15-ə təyin olunmuş "Əsgər ölümlərinə son" devizli etiraz aksiyası artıq başlayıb.
saat - 14:52
Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov və Mübariz Qurbanlı Fəvvarələr Meydanındadır. Aksiyanın keçiriləcəyi ərazidə sakitlikdir. Hələlik burda polislər və jurnalistlər toplaşıblar.
saat- 14:40
Sahil bağına, Fəvvarələr Meydanına gedən bəzi küçə və yollar bağlanıb. Xüsusən də Gənc Tamaşaçılar Teatrına gedən və “McDonalds”ın arxasındakı küçələrə nəzarət gücləndirilib. Ərazidə xeyli sayda dəbilqəli polislər, mülkigeyimlilər var. Eyni zamanda, su şırnağı vuran maşınlar, çoxlu sayda avtobuslar da toplanıb. Reportyorumuz bildirir ki, şəhərin mərkəzində indiyə qədər görünməmiş miqyasda qoşun birləşmələri cəmləşdirilib. Onların daha çox çevik polisi alayı və daxili qoşunların əməkdaşları olduğu görünür. Dəbilqəli, dəyənəkli polislər avtobuslarda oturub gözləyirlər. Xeyli miqdarda ətrafda gəzişən mundirli və mülki geyimli hüquq-mühafizə orqanı əməkdaşları da var.
saat - 13: 00
Polis Fəvvarələr meydanında keşiriləcək aksiya ilə bağlı ərazinin nəzarətə götürüb. Azadliqnews.tv-nin əməkdaşının verdiyi məlumata görə, "Sahil" metrosundan Fəvvarələr meydanına keçən yollar, "Axundov bağı", həmçinin "İçərişəhər" metrosunun çıxışı polis tərəfindən bağlanıb.
Əraziyə aksiyaçıları daşımaq üçün iri sərnişin avtobusları və aksiyanı dağıtmaq üçün su maşınları (su şırnağı) gətirilib. Aksiyaçıların və jurnalistlərin hələ də ərazidə görünməsə də, ərazidə xeyli sayda polis və mülki geyimli şəxslər var. Fəvvarələr meydanı demək olar ki, tam mühasirəyə alınıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?