Ya Heydər Əsədov bu hesabatı oxumayıb, ya da bilərəkdən ictimai rəyi çaşdıdır
Hesablama Palatasının illik hesabatı hakimiyyətdə ciddi narazılığa səbəb olub. Bu barədə qəzetimizə daxil olan məlumatlarda bildirilir ki, iqtidar düşərgəsində Palatanın hesabatındə qərəzə yol verildiyini iddia edənlər var. Onların fikrincə, hesabatın hazırlanmasında qurumun rəhbəri Heydər Əsədovun şəxsi münasibətləri mühüm rol oynayıb. Xüsusilə sənəddə Bakı Şəhər Icra Hakimiyyəti barədə yer alan məqamlar qərəzli sayılır. Məlumat üçün deyək ki, Bakı Şəhər Icra Hakimiyyətində çoxsaylı nöqsanlar aşkarlanıb və bütün bunlar hesabatda əks olunub. Hakimiyyətdə isə bunu Heydər Əsədovun Bakı meri Hacıbala Abutalıbovu məqsədli şəkildə “vurması” kimi dəyərləndirirlər. Iddialara görə, Heydər Əsədov qudası nəqliyyat naziri Ziya Məmmədovun Bakı ilə bağlı planlarını reallaşdırması üçün Hacıbala Abutalıbova hücuma keçib. Məlumat üçün deyək ki, uzun müddətdir Bakı meri postu uğrunda məmur-oliqarxlar arasında mübarizə gedir. Bu mübarizədə fövqəladə hallar naziri Kəmaləddin Heydərovla Ziya Məmmədovun adı xüsusi olaraq çəkilir. Ziya Məmmədov özünə yaxın şəxslərdən birini - bəzi məlumatlara görə, Nəsimi rayonunun icra başçısı Nəsib Məhməliyevi - Bakı meri təyin etdirməyə çalışır. Heydər Əsədovun həqiqətən də məhz bu səbəbdən Bakı Şəhər Icra Hakimiyyəti ilə bağlı qanunsuzluqları qabartdığını deyə bilmərik. Amma hakimiyyət daxilində dəyərləndirmələr bu cürdür. Amma son hesabatın qalmaqalı bununla yekunlaşmır. Hesablama Palatasının son hesabatında büdcədə yeyinti və korrupsiya risklərinin olduğu açıq-aydın görünür. H.Əsədov ya hesabatın içindəkilərdən xəbərsizdir, ya da bilərəkdən ictimai rəyi çaşdırır. Heydər Əsədov deyir ki, büdcədə böyük yeyintidən, böyük korrupsiya faktlarından söhbət gedə bilməz. Amma hesabatın təkcə ”Azərsu" ilə bağlı hissəsinə baxsaq, bunun həqiqət olmadığı üzə çıxar. Bu, hələ bir məqamdır və yəqin ki, belə məqamlar çoxdur. Ya Heydər Əsədov bu hesabatı oxumayıb və başa düşmür ki, burada çox böyük yeyintilərdən söhbət gedir. Ya da bilərəkdən ictimai rəyi çaşdırır. Hesabatda qeyd olunur ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2010-cu il üzrə dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrə dair təklif olunmuş büdcə proqnozları bəzi hallarda qüvvədə olan tələblərin qaydalarına uyğun texniki hesablamalar aparılmadan, dövlət proqramları ilə tam əlaqələndirilmədən təqdim edilib. Bu, o deməkdir ki, büdcə proqnozlarına uyğun rəqəmlər təqdim edilməyib. Sonra qeyd olunur ki, 2011-ci ildə bütün layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşundan ayrılmış vəsaitin 99,7 faizi istifadə edilmiş və proqnozda başa çatdırılması nəzərdə tutulduğu obyektlərin sayı ötən illərdən başlayan bəzi layihələrin tikintisinin başa çatdırılması hesabına ümumilikdə 32,1 faiz təşkil edib. Belə çıxır ki, bunlar pulun hamısını xərcləyiblər, amma işlərin üçdə-birini görüblər. Bu o deməkdir ki, pul xərclənib və növbəti illərdə bu işlərə yenidən vəsait ayrılacaq. Bu da layihələrin şişirdilməsi ehtimalını ortaya qoyur. Hesabatda o da bildirilir ki, “Azərsu” tərəfindən tikintilərin və avadanlıqların ehtimal olunan dəyəri mövcud qaydalara uyğun müəyyən edilmədən, bir sıra hallarda isə təşkilatların maddi-texniki bazası və ixtisas uyğunluğu tam araşdırılmadan onlarla birbaşa müqavilə bağlanılıb. Bu o deməkdir ki, burada korrupsiya riskləri var. Tender qanunvericiliyinin tələblərinə əməl olunmursa, ixtisas tələblərinə uyğun olmayan şirkətlər, eyni zamanda qiymətlərin şişirdilməsi halı varsa, artıq burada korrupsiya var. Özü də söhbət, hər il dövlət büdcəsindən 600-700 milyon pul ayrılan şirkətin əməllərindən gedir. Sonra da deyirlər ki, böyük korrupsiya halları yoxdur. Halbuki ən azı, bu fakt ən azı, korrupsiya risklərindən xəbər verir. Heydər Əsədov isə bunun üzərindən sükutla keçib büdcədə böyük yeyinti olmadığını iddia edir.
Sorğu
Yeni dizaynımız necədir?