Rüstəm İbrahimbəyov seçkidə iştirak edəcək kadrını meydana çıxardı, YAP-dan Namazovun qərarına cavab verildi
“Mənim qərarım var. Son günlər baş verən hadisələr qərarımı tam dəqiqləşdirdi. Prezidentliyə namizəd olacam”. EL hərəkatının sədri Eldar Namazov aprelin 8-də “Media forum” saytına belə deyib. Eldar Namazov əlavə edib ki, prezidentliyə namizədliklə bağlı qərarların kollegial qəbul olunmasının tərəfdarıdır: “Şəxsi qərara gəlincə, bəli, mən prezidentliyə namizəd olmaq qərarına gəlmişəm. Eyni zamanda onu da qeyd edim ki, yaradılacaq Milli Şurada aparıcı siyasi partiyaların, ictimaiyyət nümayəndələrinin, ziyalıların, gənclər təşkilatlarının birləşməsinə və orada kollegial qəbul edilmiş qərarlara da hamının riayət etməsinin tərəfdarıyam”. Yeni Azərbaycan Partiyası (YAP) “EL” hərəkatının lideri Eldar Namazovun prezidentliyə namizədliyinə münasibət bildirib. Partiyanın icra katibinin müavini, deputat Mübariz Qurbanlı bildirib ki, Eldar Namazov və digərləri seçkilərdə onsuz da məğlub olacaqlar. “Biz demokratik ölkədə yaşayırıq. Azərbaycan qanunlarına uyğun olaraq hər bir vətəndaş, hər bir siyasi partiya nümayəndəsi prezident seçkilərində, parlament seçkilərində, bələdiyyə seçkilərində iştirak edə bilər və namizədliyini irəli sürə bilər. Hələ o demək deyil ki, onlar namizəddir. Onlar o zaman namizəd sayılacaq ki, müvafiq tələbləri yerinə yetirə biləcəklər. Bundan sonra biz onları özümüzə rəqib sayıb siyasi müstəvidə fəaliyyətimizi davam etdirəcəyik. Hesab edirəm Eldar Namazov qələbə qazana bilməyəcək. Bunu seçici müəyyənləşdirir. Bu adamlar hələ namizəd sayılmırlar” - deyə YAP rəsmisi münasibət açıqlayıb. E.Namazovun namizədliyini irəli sürməsi çoxdan gözlənilən hadisədir. Siyasi icmalçı Zəfər Quliyev Eldar Namazovla İsa Qəmbərin bir-birinə güzəştə gedə biləcəyini açıqlamışdı: “Söhbət centlmen razılaşmasından gedir. İsa Qəmbərlə Eldar Namazovun öz aralarında əldə etdikləri razılaşma var. Mən bildiyim qədər bu iki siyasətçi görüşüb və seçkilər məsələsini müzakirə ediblər. Bu zaman ümumi razılığa gəliblər ki, seçki şəraitindən asılı olaraq Eldar Namazov İsa Qəmbəri dəstəkləməyə hazır olacaq. Yox əgər İsa Qəmbər Eldar Namazovun şanslarını üstün görsə, Eldar Namazovun namizədliyini dəstəkləyə bilər. Yəni bu məsələ seçki situasiyasından və vəziyyətdən bilavasitə asılı olacaq. Mən bildiyim qədər seçkilər və seçkidə iştirakla bağlı belə bir real və praqmatik yanaşma var”. “EL” sədrinin şanslarına gəlincə, İ.Qəmbər qədər nüfuzlu və xalq arasında populyar olmasa da, indiki şəraitdə daha geniş resurslara malikdir. Onun arxasında “EL”, Ziyalılar Forumu və ən əsası Rüstəm İbrahimbəyovun timsalında Kreml “kartı” dayanır. E.Namazovun namizədliyini irəli sürməsi heç də kiçik ambisiyalara hesablanmayıb. O ciddi dəstək olmasaydı namizədliyini irəli sürməzdi. İllərdir E.Namazov siyasi həyatda daha çox politoloq kimi fəaliyyət göstərir, nəinki lider. Bu gün isə artıq namizəddir, siyasi lider statusuna qalxıb və prezidentlik iddiaları var. Buna qədər isə prezidentlik iddiasında İ.Qəmbər və Ə.Kərimli idisə, siyahıya E.Namazov da əlavə olundu. Rusiyanın hakimiyyətə təzyiqlərinin artdığı vaxtda, “EL” hərəkatının İbrahimbəyovun xeyir-duası ilə təsis olunduğu ərəfədə Namazov meydana çıxıb. Yeni texnologiyaların bilicisi, iqtidar və müxalifətdə əlaqələri geniş olan Eldar Namazov seçkilərdə Qərb bölgəsinin, ermənistanlıların, rus dilli təbəqənin, ziyalıların bir qisminin səslərinə ümid bəsləyə bilər. Onun beynəlxalq əlaqələri hakimiyyət üçün ciddi problemlər də yarada bilər. E.Namazovun praqmatikliyi və ən ağlasığmaz gedişlərə hazır olması da bu siyasətçinin seçkidə əsas simalardan ola biləcəyi ehtimalını irəli sürməyə əsas verir. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirmişdi ki, Rüstəm İbrahimbəyovun kürəyinin arxasından Eldar Namazovun kölgəsi görünür: “Çünki onun son açıqlamaları buna hesablanıb ki, Eldar Namazov prezidentliyə namizəd olsun. Hətta Eldar Namazov olacağı, yaxud kimin olacağı təqdirdə biz onların irəli sürülməsi proseduru, kimlər tərəfindən irəli sürülməsi məsələsinə münasibət bildirməyi özümüzə rəva bilmirik. Yalnız seçki günü Azərbaycan seçicisi müəyyən edəcək ki, prezident kim olacaq, Azərbaycan xalqı kiminlə addımlayacaq. Hansısa Ziyalılar Forumu adından çıxış edən kinorejissor, ya da keçmişdə hakimiyyətdə təmsil olunub indi müstəqil şəkildə siyasətlə məşğul olan bir siyasətçi, yaxud hansısa bir siyasi partiyanın rəhbəri olan sədr bunu müəyyən etmir. Əlbəttə, biz hamımız çalışırıq ki, xalqın etimadını qazanaq, onun içərisinə gedək. Bəyan edirlər ki, rayonlarda camaatla görüşürük, camaat narazıdır. Halbuki o insanları rayonlarda heç kim görməyib və heç bir görüşünü kimsə müşahidə etməyib. Amma danışırlar da, hər halda öz emosiyalarını bu şəkildə ifadə edirlər. Bunların isə heç bir real əsası yoxdur”.
Sorğu
Yeni dizaynımız necədir?