Xəbər verdiyimiz kimi, bu gün Milli Şuranın növbəti sessiyasıdır. Bugünkü sessiyada MŞ-in özünə yeni vahid namizəd seçəcəyi və ya Rüstəm İbrahimbəyovun MŞ üzvlərinə göndərdiyi sonuncu müraciətində təklif etdiyi əsas namizəd konsepsiyası üzərində dayanılacağı gözlənilir.
R.İbrahimbəyovun Rusiya vətəndaşlığı ilə bağlı problemin hələ də öz həllini tapmaması bu variantlardan birinin bugünkü sessiyada mütləq mənada baş verəcəyini istisna etmir.
Bunu AzNews.az-a açıqlamasında MŞ-in üzvü Eldəniz Quliyev də təsdiqləyib. Onun sözlərinə görə, bir halda ki, R.İbrahimbəyovun sənəd problemi həll edilməmiş qalır, bu halda digər variantlardan birini seçmək lazımdır. E.Quliyev bildirib ki, Milli Şuranın bugünkü sessiyasında da Ali Məclis sədri olduğu “El” Hərəkatının mövqeyi əsas namizəd konsepsiyası üzərində dayanmaq olacaq. Onun sözlərinə görə, “El” Hərəkatı əvvəldən bəri R.İbrahimbəyovun namizədliyinin üzərində sona qədər dayanmağı nəzərdə tutub, lakin indiki halda MŞ sədrinin sənədlərindəki problem həll olunmadığı üçün elə onun özünün təklif etdiyi əsas namizəd konsepsiyasının seçilməsi məqsədə uyğundur:
“Rüstəm müəllim sonuncu müraciətində təklif etmişdi ki, bir neçə iddialı, resursları olan şəxs seçkiyə qatılsın və sonda onlardan biri vahid namizəd kimi müəyyənləşdirilsin. Biz də Rüstəm müəllimin bu təklifini dəstəkləmək fikrindəyik”.
E.Quliyev onu da bildirib ki, “El” Hərəkatının sədri Eldar Namazovun da əsas namizəd konsepsiyasına uyğun olaraq prezidentliyə namizəd olması istisna deyil:
“Rüstəm müəllimin adını hallandırdığı əsas namizəd ola biləcək şəxslərdən biri də Eldar Namazov idi. Biz də “El” Hərəkatı olaraq, sədrimizin Milli Şuranın əsas namizədlərindən biri olmasını istəyirik. Ümid edirik, Milli Şura üzvlərinin də razılığı ilə bu, baş tutacaq”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?